Elçin Şıxlı: “Yeni yaradılan “Media klub” Mətbuat Şurasına alternativ deyil”

Azərbaycanın müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi tərəfindən “Media klub” yaradıldığı elan edilib.

Bu barədə “Ölkə.Az”a açıqlamasında “Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məlumat verib.

Klubun yaradılmasında özünün də yaxından iştirak etdiyini vurğulayan E.Şıxlı bildirib ki, klubun əsas məqsədi Azərbaycanda müstəqil və sağlam informasiya məkanının formalaşdırılması, mediada mövcud olan problemlərin müzakirəsidir:

“Biz bu müzakirələr nəticəsində hər hansı jurnalist araşdırmaları aparacağıq. Misal üçün, mediada etik normaların pozulması və digər məsələlərlə bağlı müzakirələr və araşdırmalar aparılacaq. Konkret göstərəcəyik ki, filan televiziya verilişində, radioda və məqalədə etik normalar pozulub. Biz də etik normaların nəyə görə pozulduğunu göstərəcəyik”.

E.Şıxlı deyib ki, klubda vəzifə bölgüsü olmayacaq:
“Klubda sədr və ya digər vəzifələr olmayacaq. Hamı eyni səlahiyyətdə müzakirələr aparacaq. Klub isə müzakirələrə açıq olacaq”.
E.Şıxlı klubun fəaliyyətinin Mətbuat Şurasına alternativ kimi yaradılmadığını söyləyib:

“Yeni yaradılan klub Mətbuat Şurasına altrenativ deyil. Sadəcə olaraq, biz Mətbuat Şurasının görmədiyi işləri ictimaiyyətin diqqətinə çatdıracağıq”.
Qeyd edək ki, “Media klub”un yaradılması haqqında bəyanatı Arif Əliyev, Elçin Şıxlı, Elimdar Əliyev, Ələsgər Məmmədli, Əvəz Zeynallı, Qulu Məhərrəmli, Mehman Əliyev və Zahir Əzəmət imzalayıblar.

Sənəddə qeyd edilir ki, media ictimaiyyətinin nümayəndələri Azərbaycanda müstəqil, keyfiyyətli və məsuliyyətli KİV-in təşəkkülünə və onlara olan ictimai etimadın bərpa olunmasına kömək edəcək mühitin yaradılması, o cümlədən informasiya vasitələrinin manipulyasiya, təcavüz, təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısının alınması məqsədi ilə səylərin birləşdirilməsini zəruri hesab edirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button