Eldəniz Quliyev “Qaynar Qazan”da (I hissə): “Aktyoru acından ölən baş direktor itinə ördək paşteti axtarırdı…”-VİDEO

Eldəniz Quliyev: “Ziyalı siyasətin içində olmalı, amma “əti duzlu olmamalıdır”, siyasiləşməməlidir…”

Eldəniz Quliyevlə xeyli zamandır “Qaynar Qazan”da söhbətləşməyi planlaşdırırdıq. Bir neçə dəfə də demişdim. Eldəniz bəy bəziləri kimi, “söz verib sözündən qaçan” deyil. Dediyimiz zamandan razılığını bildirdi və hələ dediyimiz vaxtdan bir az gecikən biz olduq.

Onunla şəxsi münasibətlərimizin bütün Azərbaycana bəlli olan qəribə və ziqzaqlı bir tarixi var. Uzun zaman ciddi konfliktdə olduq. Bir-birimizə ağır sözlər işlətdik. Bizi hətta bir televiziya proqramında üz-üzə gətirdilər. Təbii ki, şəxsi heç bir məsələdən söhbət gedə bilməzdi. Mövzu milli məsələ idi və elə ona görə də Eldəniz bəylə uzun zaman söz dalaşı apardıq.

dsc06753

Çox yaxşı xatırlayıram. Apardığımız mətbu savaşın nəticəsində Eldəniz Quliyev bir yazı yazdı və bu yazını mənə də göndərdi. Yazı tam bir qəzet səhifəsi həcmində idi. Yazını oxudum və çox əsəbiləşdim. Sonra məlum oldu ki, bu yazını Eldəniz bəy bütün mediaya göndərib. Bir neçə redaktor mənə zəng elədi. Bəziləri yazını vermədi, bəziləri isə müəyyən ixtisarlarla dərc etdilər. Mən nə etdim?

Bir neçə gün fikirləşəndən sonra qərar verdim ki, Eldəniz bəyin yazısını olduğu kimi dərc edim. Elə də etdim. Nöqtəsinə, vergülünə toxunmadan yazını qoydum səhifəyə. Və… yazının dərci Oxucuları az qala ayağa qaldırdı. Redaksiya ayaqlandı, qardaşım, Anam Gəncədən zəng elədilər. “Olmaz olsun sənin söz azadlığın, özünü də, bizi də təhqir etdirmisən” dedilər. Doğru deyirdilər. Eldəniz bəyin həmin yazısında mənə və ailəmə ünvanlanan 37 birbaşa və dolayı təhqir vardı. Mən o qədər saymışdım ən azından. Başqa yolum qalmırdı, cavab veriləcəkdi.

dsc06779

Qəzet çıxan gün elə iclas da bu məsələyə həsr olundu. Hamıya bəyan etdim ki, cavab çox sərt olacaq və… birotaqlı redaksiyada zəng çaldı. Telefonda Eldəniz Quliyev idi. İclası saxladım və elə redaksiya heyətinin gözlərinin qarşısında Eldəniz bəyə “Bəli” dedim. Birbaşa giriş elədi: “Əvəz bəy, mən bilsəydim ki, sizin bu qədər böyük ürəyiniz var, bu yazını yazmaz, redaksiyalara göndərməzdim.” Xeyli dərdləşdik və məsələ qapandı.

O yazının və mənim o yazını dərc etməyimin həm mənə, həm də güman edirəm ki, Eldəniz bəyə çox pozitiv təsiri oldu. Günlərlə düşündüm, özümü – haqqında ən müxtəlif sərtlikdə yazı yazdığımız adamların yerinə qoydum, onların nə çəkdiyini, haqlarında yazılanları oxuyarkən nələr yaşadığını öyrəndim və sonrakı fəaliyyətimdə redaktələr etdim. Güman ki, Eldəniz bəy də milli məsələlərdə və onlara baxışda bəzi korrektələr etməli oldu. Onsuz olmaz. İnsan hər gün və ömrünün hər məqamında öyrənməli, bir-birinə hörmət etməli, dinc yanaşı yaşama prinsiplərinə hər zaman sadiq qalmalıdır.

Bütün bunlar haqqında niyə yazdım? “Qaynar Qazan” həm də nəhəng bir demokratiya qazanıdır. Orada hər kəs olmalı, ölkənin gündəmini qarışdırmalı, qaynatmalıdır. Eldəniz Quliyev bu gün Azərbaycan ziyalısının döyüşən nümayəndələrindən öndə olanıdır. Əvvəllər problemimiz olsa da, bizi bütün hallarda milli və bəşəri məsələlərə münasibət birləşdirdi. Özüm həbsdə olanda xüsusi dəstəyini hiss etmədim, amma indi Eldəniz Quliyev bütün məhkumluqda qalan dostlarımı müdafiə edir. Bir neçə Müdafiə Komitəsinin tərkibində, onların qurulmasında iştirak edib. Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədridir. Ortada mövqeyi var və bu mövqeyə görə hakimiyyətin birbaşa hədəfində olan ziyalılardan biridir.

sam_2850

Eldəniz bəyin fikirlərinə və mövqeyinə ehtiyac var Azərbaycanda. Susdurulan və müəyyən ənam-hədiyyələrlə şirnikləndirilərək sıradan çıxarılan ziyalılar ordusu indi ortalıqda görünmür. Yoxdur onlar. Amma Eldəniz bəy ortadadır. Onun da təmsil olunduğu – zamanın “Ziyalılar Forumu” da yoxdur. Heç millətin ümidlərini növbəti dəfə sınağa çəkən “El” hərəkatı da. Amma Ziyalılar Birliyi var və onun darısqal otaqlarında hər gün çalışan və ümidlərini bu ölkənin aydınlıq gələcəyinə bağlayan Eldəniz Quliyev var.

Bizi yenidən yaxınlaşdıran da bu oldu. Mən ölkənin bütün fədakar və çalışan duyarlı adamlarının birləşməsindən və millətin halına yanmasından yanayam. Burada şəxsi mənafe ola bilməz. İllərin o tayında qalan xırda hisslər insanlara yol göstərməməlidir. Biz ortalıqda qalan Vətənə sahib çıxmalıyıq və bu sahib çıxan adamlardan biri də hörmətli Eldəniz Quliyevdir.

Eldəniz bəylə Azərbaycan sənətinin, siyasətinin, ictimaiyyətinin önəmli məsələri haqqında müzakirələr etmişik. Çıxış yolları haqqında danışmışıq. Düşünürəm ki, onun xüsusilə, Rüstəm İbrahimbəyov haqqında, onun Azərbaycana göndərdiyi pullar haqqında dedikləri yenidir və böyük əks-səda yaradacaq. Elə buradanca adı çəkilən hər kəsin cavab haqqının olduğunu bəyan edirəm və onları indidən “Qaynar Qazan”a dəvət edirəm.

Beləcə, “Qaynar Qazan”ın 31-ci qonağı Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir. “Qaynar Qazan”da söz ziyalınındır.

Əvəz Zeynallı

I hissə

Eldəniz Quliyev müsahibəsində deyir ki…

Okeanda yaşayan elə bir balıq görmüsünüzmü ki, onun əti duzlu olsun?

dsc06771

– “Ziyalı” söhbəti mütəmadi olaraq hər zaman gündəmdə olur. Mənim aləmimdə ziyalı işıqlı olmaqla yanaşı, həm də Allaha inanan, xalqını çox sevən olmalıdır. Bir çox zamanlarda savadlı insanlara həm də ziyalı deyirlər, amma mənim anlamımda ziyalı savadlı olmaqla yanaşı, həm də ağıllı və müdrik olmalıdır. Belə insanlar doğrudan da azdır.

– “Ziyalı” işıqdan çox işığın fəaliyyəti deməkdir…

– Əvvəllər “su daşı”vardı və suyu süzgəcdən keçirmək üçün ondan istifadə edərdilər. Damcı-damcı su süzülərdi… Ziyalı cəmiyyətin həm də “su daşı”dır. Cəmiyyət ondan keçərək durulanır. Zaman keçdikcə “su daşı”nı da yuyardılar ki, məsamələri təmizlənsin. Çox təəssüf ki, bu gün “su daşı” təmizlənmir. Biz o mərhələdəyik. Ziyalı adına layiq insanlar cəmiyyətimizdə barmaqla sayılan qədərdir.

– İnsanlar alim də ola bilər, akademik də, siyasətçi də, məmur da, amma ziyalı olmaya bilərlər.

sam_2844

– Ziyalı saat mexanizmi kimidir – onu düzəltmək çətin, dağıtmaq asandır. Əgər ziyalı artıq hakimiyyətin səfində yer alıbsa, onu düzəltmək mümkün deyil.

– Cəmiyyətin maraqlarına xidmət etməyən, hakimiyyətə yaltaqlanaraq, qalstuk geyib gəzən bir adam özünü ziyalı adlandırırsa, demək, onun içindəki köz, qığılcım sönüb artıq.

– Hansısa ziyalının hər hansı bir siyasi qurumun yanında olmasını düzgün saymıram. Təbii ki, siyasət nəmənə şeydirsə, onunla məşğul olmalıdır, amma partiyalaşmamalıdır.

– Siz okeanda, dənizdə yaşayan elə bir balıq görmüsünüzmü ki, onun əti duzlu olsun? Ziyalı da siyasətin içində olmalı, amma “əti duzlu olmamalıdır”, siyasiləşməməlidir…

– Böyük şairlərdən Bəxtiyar Vahabzadə dedi ki, məni bağışlayın, uşaqlarımın işinə görə, mən bir az özümü başqa cür aparmalıyam…

– Sosial şəbəkələrdə bir çox tanınmış adamlar var ki, yazırlar, “mən siyasətə qarışmıram”. Bu necə ola bilər? Xalqın öndə gedən insanları, xalqın dərdini suçəkən kimi özünə çəkməlidir, öz dərdi bilməlidir, çünki xalqa dəyən hər bir zərbə sənə də dəyir. Ziyalı həm də xalqın “suçəkən”i olmalıdır.

Rüstəm və Maqsud İbrahimbəyovlar ona görə bir təyyarədə uçmurdular ki…

sam_2846

– Bizim bir çox ziyalı missiyasını daşımağa qadir olan adamlar özlərini Viktor Hüqodan üstün sayırlar…

– Moskvada ssenari və rejissorluq kurslarını bitirdim. Maqsud və Rüstəm İbrahimbəyovlar, Ramiz Rövşən, Ramiz Fətəliyev, Vaqif Mustafayev, Yuli Qusman kimi məşhur insanlar o kursları keçmişdilər. Valentin Yejov ssenari üzrə müəllimim olub. Dünyaca görkəmli rejissorlar Andrey Tarkovski və Otar İoseliani ilə çox yaxın münasibətlərim olub.

– Xalq hərəkatı dövründə kinostudiyada sənədli filmlər bölməsində baş redaktor işləyirdim və bir neçə sənədli və bəddii film çəkmişdik. Hesab edirəm ki, mən azadlıq hərəkatında fəal iştirak edənlərdən biri olmuşam. Biz – Rüstəm İbrahimbəyov da daxil olmaqla – bir sıra incəsənət adamları “Qayıdış”adlı hərəkat yaratmışdıq.

– Rüstəm İbrahimbəyovla Maqsud İbrahimbəyov çox mehriban qardaş idilər. Hətta onlar eyni təyyarədə səfər etmirdilər ki, qəza baş versə, biri sağ qalsın. Görünür, bir zaman gəldi ki, onların fikirləri arasında təzad yarandı. Maqsud rəhmətə gedəndə yenə də ilk addım atan, hətta özünü təhlükəyə ataraq onun dəfninə gələn Rüstəm İbrahimbəyov oldu.

– Bu gün siyasi əqidəmə görə, demək olar ki, kinonun qapıları üzümə bağlanıb. Ssenarilərimə filmlər çəkilmir, biri məni çox ağrıdır – Zeynalabidin Tağıyev haqqında 3 seriyalı film. Zeynalabidin Tağıyev kimi az şəxsiyyət var ki, xalqına nə qədər böyük dəyər versin. Onun haqqında filmin çəkilməməsinə imkan verilməməsi məni çox ağrıdır.

– Əlindən tutub kinoya gətirdiyim adamların əksəriyyəti fəxri adlar alıblar. Tək məndən başqa… Nə vaxt mənim adım təqdim olunubsa, siyahıdan adımı çıxarıblar… Nəyə görə? Mən hər zaman içimdə haqsızlığa qarşı vuruşmuşam.

– Bir çoxları məni “Don Kixot” adlandırır.

– Bizdə də istedadlı adamlar var. “Biləcəridən o tərəfə” keçən kinolar indi də çəkilir. Amma məmurlar imkan vermirlər…

– Ən çox sevdiyim rejissor və aktyor Çarli Çaplindir.

– Kino insanların vaxtı dondurma istəyindən irəli gəlib. Heykəllər, rəsm əsərləri də bu məqsədə xidmət edib.

Acından ölən aktyor və itinə ördək paşteti tapa bilməyən Azərkinovideo-nun baş direktoru…

dsc06756

– “Qaçaq Nəbi” və başqa bədii filmlərdə yadda qalan obrazları olan aktyor Gumrah Rəhimov rəhmətə getmişdi. Onun yas mərasimində həyat yoldaşı dedi, “bilirsiniz ki, o acından öldü?” Ondan dərhal sonra Azərkino-nun baş direktorunun otağında söhbət edəndə o dedi ki, “itim adi paştet yemir, gərək ona ördək paşteti verəm…” Adını çəkmək istəmirəm, amma o adam indi də itilə “qara ikra” yedirdənlərdəndir.

– Əsəbi halda kadrlar şöbəsinə gedib, işdən çıxmağımla bağlı ərizəmi yazdım və şələ-şüləmi yığıb işdən getdim.

– Yeni Azərbaycan Partiyasının bir sözcüsü var e, adı Siyavuş Novruzovdur-nədir…

– Sonradan məşhur olan aktyorlarla – Ələsgərlə, Mikayıl Mirzə, Hüseyağa Atakişiyev və s. ilə birlikdə kinostudiyada fəhləlik etmişəm.

sam_2856

I hissənin sonu

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button