Eldəniz Quliyev “Qaynar Qazan”da (II hissə): “Cəmiyyət sınmayacaq”

Eldəniz Quliyev: “Ziyalı qaranlıqda, çöldə basdırılan bir dirək deyil ki, gəlib-gedən onun dibinə “çiş” eləyib getsin”

sam_2856

Eldəniz Quliyevlə də xeyli zamandır “Qaynar Qazan”da söhbətləşməyi planlaşdırırdıq. Bir neçə dəfə də demişdim. Eldəniz bəy bəziləri kimi, “söz verib sözündən qaçan” deyil. Dediyimiz zamandan razılığını bildirdi və hələ dediyimiz vaxtdan bir az gecikən biz olduq.

Onunla şəxsi münasibətlərimizin bütün Azərbaycana bəlli olan qəribə və ziqzaqlı bir tarixi var. Uzun zaman ciddi konfliktdə olduq. Bir-birimizə ağır sözlər işlətdik. Bizi hətta bir televiziya proqramında üz-üzə gətirdilər. Təbii ki, şəxsi heç bir məsələdən söhbət gedə bilməzdi. Mövzu milli məsələ idi və elə ona görə də Eldəniz bəylə uzun zaman söz dalaşı apardıq.

Çox yaxşı xatırlayıram. Apardığımız mətbu savaşın müqabilində Eldəniz Quliyev mənə bir yazı yazdı və bu yazını mənə də göndərdi. Yazı tam bir qəzet səhifəsi həcmində idi. Mənə də gəlmişdi. Yazını oxudum və sinirdən qan beynimə vurdu. Sonra məlum oldu ki, bu yazını Eldəniz bəy bütün mediaya göndərib. Bir neçə redaktor mənə zəng elədi. Bəziləri yazını vermədi, bəziləri isə müəyyən ixtisarlarla yazını dərc etdilər. Mən nə etdim?

Bir neçə gün fikirləşəndən sonra qərar verdim ki, Eldəniz bəyin yazısını olduğu kimi dərc edim. Elə də etdim. Nöqtəsinə, vergülünə toxunmadan yazını qoydum səhifəyə. Və… yazının dərci Oxucularımı ayağa qaldırdı. Redaksiya ayaqlandı, qardaşım, Anam zəng elədilər. “Olmaz olsun sənin söz azadlığın, özünü də, bizi də təhqir etdirmisən” dedilər. Doğru deyirdilər. Başqa yolum qalmırdı, cavab veriləcəkdi.

Qəzet çıxan gün elə iclas da bu məsələyə həsr olundu. Hamıya bəyan etdim ki, cavab çox sərt olacaq və… birotaqlı redaksiyada zəng çaldı. Telefonda Eldəniz Quliyev idi. İclası saxladım və elə redaksiya heyətinin gözlərinin qarşısında Eldəniz bəyə “Bəli” dedim. Birbaşa giriş elədi: “Əvəz bəy, mən bilsəydim ki, sizin bu qədər böyük ürəyiniz var, bu yazını yazmaz, redaksiyalara göndərməzdim.” Xeyli dərdləşdik və məsələ qapandı.

O yazının və mənim o yazını dərc etməyimin həm mənə, həm də güman edirəm ki, Eldəniz bəyə çox pozitiv təsiri oldu. Günlərlə düşündüm, özümü haqqında ən müxtəlif sərtlikdə yazı yazdığımız adamların yerinə qoydum, onların nə çəkdiyini, haqlarında yazılanları oxuyarkən nələr yaşadığını öyrəndim, sonrakı fəaliyyətimdə redaktələr etdim. Güman ki, Eldəniz bəy də milli məsələlərdə və onlara baxışda bəzi korrektələr etməli oldu. Onsuz olmaz. İnsan hər gün və ömrünün hər məqamında öyrənməli, bir-birinə hörmət etməli, dinc yanaşı yaşama prinsiplərinə hər zaman sadiq qalmalıdır.

Bütün bunlar haqqında niyə yazdım? “Qaynar Qazan” həm də nəhəng bir demokratiya qazanıdır. Orada hər kəs olmalı, ölkənin gündəmini qarışıdırmalı, qaynatmalıdır. Eldəniz Quliyev bu gün Azərbaycan ziyalısının döyüşən nümayəndələrindən öndə olanıdır. Əvvəllər problemimiz olsa da, bizi bütün hallarda milli və bəşəri məsələlərə münasibət birləşdirdi. Özüm həbsdə olanda xüsusi dəstəyini hiss etmədim, amma indi Eldəniz Quliyev bütün məhkumluqda qalan dostlarımı müdafiə edir. Bir neçə Müdafiə Komitəsinin tərkibində, onların qurulmasında iştirak edib. Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədridir. Ortada mövqeyi var və bu mövqeyə görə hakimiyyətin birbaşa hədəfində olan ziyalılardan biridir.

Eldəniz bəyin fikirlərinə və mövqeyinə ehtiyac var Azərbaycanda. Susdurulan və müəyyən ənam-hədiyyələrlə şirnikləndirilərək sıradan çıxarılan ziyalılar ordusu indi ortalıqda görünmür. Yoxdur onlar. Amma Eldəniz bəy ortadadır. Onun da təmsil olunduğu zamanın “Ziyalılar Forumu” da yoxdur. Heç millətin ümidlərini növbəti dəfə sınağa çəkən “El” hərəkatı da. Amma Ziyalılar Birliyi var və onun darısqal otaqlarında hər gün çalışan və ümidlərini bu ölkənin aydınlıq gələcəyinə bağlayan Eldəniz Quliyev var.

Bizi yenidən yaxınlaşdıran da bu oldu. Mən ölkənin bütün fədakar və çalışan duyarlı adamlarının birləşməsindən və millətin halına yanmasından yanayam. Burada şəxsi mənafe ola bilməz. İllərin o tayında qalan xırda hisslər insanlara yol göstərməməlidir. Biz ortalıqda qalan Vətənə sahib çıxmalıyıq və bu sahib çıxan adamlardan biri də hörmətli Eldəniz Quliyevdir.

Eldəniz bəylə Azərbaycan sənətinin, siyasətinin, ictimaiyyətinin önəmli məsələri haqqında müzakirələr etmişik. Çıxış yolları haqqında danışmışıq. Düşünürəm ki, onun xüsusilə, Rüstəm İbrahimbəyov haqqında, onun Azərbaycana göndərdiyi pullar haqqında dedikləri yenidir və böyük əks-səda yaradacaq. Elə buradanca adı çəkilən hər kəsin cavab haqqının olduğunu bəyan edirəm və onları indidən “Qaynar Qazan”a dəvət edirəm.

Beləcə, “Qaynar Qazan”ın 31-ci qonağı Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir. “Qaynar Qazan”da söz ziyalınındır.

Əvəz Zeynallı

II hissə

I hissəni buradan oxuya bilərsiniz: https://www.xural.com/eld%C9%99niz-quliyevd%C9%99n-qaynar-qazana-sok-aciqlama-aktyoru-acindan-ol%C9%99n-bas-direktor-itin%C9%99-ord%C9%99k-pasteti-axtarirdi-video/ (Eldəniz Quliyev “Qaynar Qazan”da (I hissə): “Aktyoru acından ölən baş direktor itinə ördək paşteti axtarırdı…”-VİDEO)

“Qaçaq Nəbi” filmində çəkilmişəm

sam_2850

– Kino ilə bağlı daha maraqlı xatirələriniz varmı?

– Bir maraqlı xatirəm var. Siz bilirsiniz ki, mən bir neçə filmə aktyor kimi çəkilmişəm. Onlardan biri “Qaçaq Nəbi” filmidir. Orada əsas rollardan birini – Mirzə rolunu ifa etmişəm. O filmin çəkilişləri zamanı çox maraqlı hadisələr olub. Amma ən çox yadımda qalan “Bakıya küləklər əsir” filmində baş verən hadisə oldu. Rəhmətlik Muxtar Dadaşovun rejissoru olduğu bu film Kabardina-Balkariyada çəkilirdi. Müharibə mövzusunda olan bir film idi. Alman faşistləri bizi əsir götürmüşdülər və güllələyəcəkdilər. Onlardan biri də mən idim. İndiyəcən yadımdadır: Təpəcik var idi və biz onun üstündəydik. Alman faşistləri əllərində avtomat başımızın üstündə dayanıblar. Biz də üst-başımız əzilmiş, sökülmüş, qan içində, döyülmüş vəziyyətdə gözləyirik ki, indi bizi güllələyəcəklər. Kameranı qurana, işıqları yerləşdirənə qədər – o vaxtlar indiki kimi deyildi. Kameralar da çox ağır idi, işıqlar da… Hər bir projektor 157 kq. idi. Təsəvvür edirsinizmi ki, onları daşımaq nə deməkdir. Bütün bunları quranacan fasilə oldu. Fasilədə biz həmin təpəciyin üstündə oturmuşuq. Gümrah da həmin rollardan birində oynayırdı. Qarnı açıq idi və birdən başladı qarnında nağara kimi çalmağa… Onun tutduğu ritmə uyğun o biri aktyor çiyinlərini atmağa, digəri çırtma çalmağa başladı. O qədər oxşar müharibə filmləri çəkilib, bütün filmlərdə də faşistlərin partizanları güllələmə səhnəsi çəkilib ki… Olmazmı ki, biz bu səhnəni fərqli çəkək. Qoy partizanları güllələyən anda eynilə bu səhnəni çəkək. Qaçdım, Muxtar Dadaşova dedim ki, “Muxtar müəllim, razılıq verin, bu səhnəni məşq eləyək, bizim partizanlar bu cür güllələnsin”. Hamı başımıza yığıldı, o səhnəni bir də göstərdik. Muxtar dedi ki, “Oğlum, olmaz. Ssenaridən kənara çıxmaq olmaz”… Amma özü də görürdü ki, bu, daha düzgün və maraqlı olardı. Dedim ki, heç olmaza bir dubl çəkin. Dedi ki, “yox, buna ssenarist, Moskva razılıq verməlidir”… Çəkmədilər. Yadıma saldıqca yanıb, tökülürəm. Təsəvvür edirsinizmi, azərbaycanlıları tutublar, güllələyən momentdə faşistlər o cür səhnə ilə qarşılaşırlar. Maraqlı hadisələrdən biri budur. “Qaçaq Nəbi” filmində baş verən maraqlı hadisə də vardı…

Göydə fırlanıb, yerə dəydim

dsc06753

– İndi də danışsanız, maraqlı olar.

– Filmdə belə bir səhnə var – qaçaqlar bizim faytonun arxasınca qaçıb­­­ bizi tuturlar, mənim qızıl saatımı alırlar və sonradan Qaçaq Nəbi bunu bilir və həmin qaçaqları cəzalandırır. İşə baxın ki, səhnədə qızın qızıllarını soyan və mənim saatımı əlimdən alan qaçaqlardan biri də rəhmətlik Gümrah Rəhimov idi. O epizodun çəkilişində başımıza bir oyun gəldi. Meşənin içində çəkiliş gedir. Fayton gəlir və qabağında da kamera çəkir. Kamera da “Çayka” maşınımız vardı onun üstünə qoyulmuşdu ki, çox silkələnməsin. Birinci dublda görüdüm ki, faytonun təkəri bir çalaya düşdü və az qaldı ki, aşsın. Yanımdakı ukraynalı aktrisaya – qubernatorun qızı rolunu oynayırdı – dedim ki, fayton bir az təhlükəlidir. Qız da hay-küy saldı ki, bugünkü çəkilişin pulunu həm də kaskadyor kimi verəcəksiniz. Amma mən hər ehtimala qarşı ayağımı faytonun ayaq yerinə qoydum ki, fayton aşsa, tullana bilim. İkinci dublda atlar necə götürüldüsə, sol tərəfdəki at yıxıldı. Bu vaxt faytonun oturacağı qalxdı və məni atdı. Yaxşı ki, sol ayağımı çıxarmışdım. Göydə fırlanıb, yerə dəydim. O vaxtlar həm də cavan idim. Həmin mənzərə dünənki kimi yadımdadır. Yerə yıxılıb, başımı qaldıranda gördüm ki, qız yıxıldı və 500 kiloqram çəkisi olan  fayton da onun üstünə aşdı. Qız bu günmü ölmüsən, dünənmi ölmüsən… Özündən getdi. Çəkilişlər Şamaxının dağlarında gedirdi. Tez Şamaxı xəstəxanasına çatdırdıq. Qız bir neçə gün özünə gəlmədi, gələndə də heç kəsi tanımadı.

– Allah, Allah. Yaddaşı pozulub…

– Rəhmətlik Həsən Turabov da naəlac soruşdu ki, bəs nə edək?  Doğrudan da pis vəziyyət yaranmışdı, çəkilişlər dayandırılmışdı. Axırda təklif elədim ki, icazə verin, Mirzə rolunun kostyumunu geyim, papağını qoyum, məni qrimləyin, qızın yanına gedim. Bəlkə tanıyacaq? İnanmadılar ki, “əşşi, onda nə olacaq ki?” O vaxt da artıq Moskvada təhsil alıb geri qayıtmışdım. Elə də elədim. Qız məni görəndə, tanıdı. Düzdür, sonra Azərbaycan Kinostudiyasını məhkəməyə verdi və filmə də çəkilmədi. Onun əvəzinə artıq başqa bir aktrisa dəvət olundu.

Qumda yumurta bişirib, yemişik

dsc06771

– Çox maraqlı xatirələr idi…

– Çox maraqlı hadisələrlə qarşılaşırdıq. Əvəz bəy, inanın elə olub ki, biz qumda yumurta bişirib, yemişik. 30 il kinostudiyada fəhlədən baş redaktora qədər işləmişəm. Daha başımıza nələr gəlməyib ki?

– Çox maraqlıdır. Amma ayrı söhbətin mövzusudur. İndi ziyalılarla bağlı gündəmimizin suallarına gələk. Daşqın Ağalarlı yazır: “Əvvəla, hər ikinizi salamlayıram. 14 ildir ki, Eldəniz bəy ziyalılar hərəkatına rəhbərlik etməklə, müxtəlif formalarda vasitəçilik və koalisiya missiyalarının iştirakçılarından biri olub. Hələ də belə missiyaların olduğuna inanırmı? Başqa sözlə, yorulmayıb ki? 2. Eldəniz bəy həm də mütərəqqi ziyalılardan, bir dönəmin ləyaqətli iş adamlarından, ticarət adamlarından, həm də mütərəqqi azadlıq hərəkatı iştirakçılarından ibarət olan dostluq, həmrəylik qruplarının məhəkdaşlarından olub. Ən azı, ayda iki dəfə planlı toylarda, hüzn məclislərində ekspromt görüşlər, maraqlı müzakirələr və imkana görə istirahət ediblər. Həmin qrup, artıq demək olar ki, mövcud deyil. Səbəb daha çox ölkədəki qeyri-adi aqressiv durumlamı bağlıdır? Maddi imkanların məhdudluğu iləmi bağlıdır, yoxsa başqa səbəblər də var? Yeri gəlmişkən, bəhs etdiyim qrup həm də mühüm ictimai missiya daşıyıcısı idi. Rayonlarda olarkən, məktəblərdə, mədəniyyət ocaqlarında faydalı görüşlər keçirirdilər”. Çox maraqlı sualdır…

– Əvvəla, Daşqın bəyə suallarına görə təşəkkür edirəm. Daşqın mənim dostum, qardaşımdır. Və onu Azərbaycanın ən dəyərli mübariz insanlarından biri sayıram. Bu, mənim səmimi sözümdür. O, düz deyir. Bizim belə bir qrupumuz var idi və 3 faktor…

– Məşhur iş adamları, ticarət adamları…

– …Və biz həqiqətən tək yemək-içməklə kifayətlənmirdik. Biz çox möhkəm dostluq əlaqələrinə malik idik və ölkədə baş verən bütün ictimai-siyasi hadisələrə reaksiya verirdik. Bəlkə də çox ciddi mübariz qruplardan biri idik.

– Hansısa adı var idi?
– Yox. Dost çevrəsi idi və burada polis rəisindən tutmuş xalq artistinəcən var idi. Əsasən də bir çoxu kinoaktyorlar idi. Təəssüf ki, müəyyən səbəblərdən artıq o qrup yoxdur. Özü də söhbət təkcə repressiyalardan getmir. Yəqin ki, xof-qorxu da öz işini gördü.

– Eldəniz müəllim, maraqlıdır, o qrupda olanlar kimlər idi?

– Ramiz Əzizbəylidən tutmuş Rasim Balayevəcən, rejissor Rasim Ocağovdan tutmuş Xamis Muradovacan, kinostudiyanın baş direktoru Ziyafət Abbasovdan tutmuş Həsən Turabova, rəhmətlik Ceyhun Mirzəyevəcən çox adam vardı. Biz mütəmadi olaraq toplaşırdıq. Bir çox hallarda da çay içə-içə ölkədəki siyasi, iqtisadi, psixoloji məsələləri müzakirə eləyirdik.

– Maraqlıdır, bu qrup neçənci illərdə olub?

– Təxminən 1987-90-cı illərdə. Təəssüf ki, hakimiyyətin demokratik düşüncəli, mütərəqqi fikirli insanlara baxış bucağı səhv oldu. Mən belə başa düşürəm.

– Mənə də maraqlı gəldi. 1987-90-cı illərdə biz bəlli hərəkatları tanıyırdıq. Deməli, belə bir qrup da olub. Amma onlar da hərə öz çapında nəsə eləyib.

– O zamanlar həddindən artıq insanlarla görüşürdük. Rayonlara gedəndə, klublarda çıxış edəndə təkcə incəsənət yox, eləcə də siyasi-iqtisadi, sosial məsələlərə toxunurduq. Hətta yazılar da yazırdıq. Məşhur rejissorlar öz filmlərində fikiraltı olsa da müəyyən siyasi problemlər qoyurdular.

Adım “qlavlit”in, o vaxtın KQB-sinin “qara siyahı”sına düşdü

dsc06756

– Maraqlıdır ki, sizin həm də bunu sərgiləmək imkanlarınız olub.

– O həmişə olub. Moskvada oxuyanda mənim bir hekayəmi pyes halına salıb, televiziya tamaşası çəkdilər. O vaxt Moskvadan mənə zəng vurub dedilər ki, tamaşa televiziyada nümayiş olunmayacaq. Səbəbini soruşdum, dedilər ki, “qlavlit” bir səhnənin dəyişdirilməsini tələb edir. Tamaşanın rejissoru Vaqif İbrahimoğlu, Ramiz Həsənov idi. Tamaşanın iki rejissoru var idi və onlar çox əziyyətlə onu ekrana verə bildilər. Və o zamandan mənim adım “qlavlit”in, o vaxtın KQB-sinin “qara siyahı”sına düşdü. Bu, nə demək idi? O vaxtlar mən Anar müəllimdən soruşdum, dedi ki, “artıq bundan sonra nə yazsanız, sözbəsöz oxuyacaqlar”…

– Məsud Rzali yazır: “Azərbaycan Ziyalılar Birliyinin sədri olraq, cavabınız mənim üçün çox maraqlıdır. Milli ideologiyanın formalaşması, milli ideyanın cəmiyyətə aşılanması üçün sədri olduğunuz təşkilat tərəfindən hər hansı iş görülürmü?”

– Milli ideologiyanın formalaşdırılması hər hansı bir Ziyalı Birliyinin gücü səviyyəsində deyil.

– Məncə bu, siyasi missiyadır.

– Bu, həm siyasi, həm də ictimai missiyadır, amma qlobal bir məsələdir. Yəni burada bütün spektrlər – həm siyasi, həm ictimai spektlər bu işdə iştirak eləməlidir. Lakin ikinci bir tərəfdən də, Əvəz bəy, mən həmişə belə fikirləşirəm ki, cəmiyyət də dəniz kimidir. Dəniz öz batilində, öz içində artıq şey saxlamır, əvvəl-axır onu təmizləyir… Nə qədər bu repressiyalar olsa da, siyasi məhbuslarımız da olsa, mütərəqqi fikirli insanlara təzyiqlər də olsa – siz də siyasi məhbus həyatı yaşamısınız – nə qədər haqsızlıq, ədalətsizlik də olsa, məhkəmələr siyasi sifarişlə, rüşvətlə işləsələr də, polis özbaşınalığı olsa da – bütün bunlar cəmiyyətdə xof yaratmaq üçündür – bir daha deyirəm, cəmiyyət sınmayacaq. Çünki yazılmamış, ilhai bir nizam-tərəzi də var ki, – bayaq dənizlə müqayisə elədim – əvvəl-axır qorxan, hürkən, guya ki, sınan adamları öz içindən çıxaracaq.

– Çox maraqlı cavab idi. Surxay Əliyev soruşur: “Bu gün təhsildə və mədəniyyətdə gedən proseslər və xalqımızın beynini çəkdikləri kinolarla, yazdıqları kitablarla, bayağı şoularla zəhərləyənlərə qarşı ziyalılar niyə susurlar? Bu zəhəri təmizləmək üçün sonradan çox vaxt lazım olmayacaqmı?”

– Əvvəla, onu deyim ki, o zəhəri yayanların bir çoxu psevdoziyalılardır. Bilirsinizmi, şoular, bu əttökən, bəsit teleseriallar, verilişlər, tok-şoular və s. düşünülmüş şəkildə insanların mənəvi kimliyinə vurulan zərbələrdir. Yəni insanlar nə qədər nadan olarlarsa, nə qədər öz kökündən uzaqlaşarsa, bir o qədər səni idarə eləmək asan olar və bir o qədər də onlar rahat olarlar. Burada çox vacib bir məqamı vurğulamaq istəyirəm. Ümumiyyətlə, mədəniyyətin nə olduğu haqqında düşünəndə belə bir qənaətə gəlirəm. İnsan bir varlıq kimi heyvandan fərqli olaraq təhlükələrdən müdafiə sistemi zəifdir. Bəzi heyvanlar var ki, qışda 6 ay yatır və yuxuya gedir. Bu, heyvanların özünüqoruma instinktindən irəli gəlir. Çünki heyvanlar qış aylarında dona bilərlər, qida tapmaya bilərlər. Bu zaman onların orqanizmində kimyəvi-bioloji proseslər gedir və orqanizmini mühitə uyğunlaşdırır. Özünü təhlükədən qorumağa qadir olan heyvanların caynağı, dişi iti olur. Gecələr görmə qabiliyyəti güclənir. İnsanlarda bu keyfiyyətlərin əksəriyyəti yoxdur. Ona görə də insanın qeyri-orqanik bir dəstəyə də ehtiyacı var. Bu dəstək həmin mədəniyyət və mənəviyyatdır. Həmin əxlaq sistemidir. Həmin dəyərlərin, belə deyək, mifologenləridir. Bunlar zaman-zaman, nəsil-nəsil ötürülür və insanın orqanik varlıq kimi qeyri-orqanik varlığına çevrilir. Elə adamlar var ki, deyirlər, “mədəniyyət, mənəviyyat nəyimizə lazımdır?” Onlar üçün pul olsun, əllə toxuna bildikləri əşya olsun, yəni maddi nəsə olsun. Yooox… Onda insan qırılacaq, insaniyyətlik qırılacaq. Evolyusiya qırılacaq. Əgər insan mədəniyyətini və mənəviyyatını inkişaf etdirməsə, onu nəsildən-nəsilə ötürməsə, ötürə-ötürə qəlizləşdirməsə, mürəkkəbləşdirməsə, bəzi şeylərin aşınması baş verməsə, mümkün deyil. Bu mənada Məsud bəyin də dediyi şeylər ona yönəlib ki, biz həmin o qeyri-orqanik həyatımıza ləkələri gətirənlərə susaq. Elə mümkün deyil, qeyri-mümkündür. Əslində, ziyalılar susmur, vallah. Mən hələ indiyədək heç bir yerdə, heç bir yazımda belə ziyalı deməmişəm. Sözgəlişi deyirəm, hesab edirəm ki, özünə ziyalı deyən adam artıq ziyalı deyil. Sadəcə öz işinlə məşğul olmalısan. Elə adam var ki, bir yazıda 15 yerdə vurğulayır ki, “mən bir ziyalı kimi…”O mənada həqiqətən də xalqını, dövlətini, dövlətçiliyini sevən, onun məsuliyyətini hiss eləyən adam heç vaxt susmaz. Bu cür neqativlərə susmamalıdır. Yeri gəlmişkən, bunu da demək istəyirəm. Zaman-zaman biz ziyalı məsələsinə toxunuruq. Kütlə psixologiyası… Əvəz bəy, təsəvvür edin ki, biz bir meydana minlərlə insan yığmışıq. O min nəfərin də hamısı danışır. O zaman heç kimin sözü eşidilməyəcək. Düzdürmü?

Şair dostlardan biri deyir ki…

sam_2844

– Bəli…

– Biz kinolarda buna “qurqur” deyirik, bu cür alınacaq. Deməli, kütlə öz sözünü demək üçün, yenə də yazılmamış bir ilahi nizam tərəzi ilə arasından sıxışdırıb ortaya bir adam çıxarır ki, onun sözünü desin. Milyonların sözünü desin. Onun sözünü deyən adam onun yazıçısıdır, ziyalısıdır. Eləcə də həmin bu kütlənin özünün də ruhu var. Onu şair əks elətdirir, qüdrəti var, gücü var. Milyon adam bir yerdə nəyi itələsə, istənilən dağı da yerindən oynadar. Onun qüdrətinin təmsilçisi, onun siyasətçisidir. Bu mənada məsələlərə belə baxmaq lazım deyil ki, “əgər kimsə, təhsillidirsə, savadlıdırsa, o ziyalıdır”… Yox. Ziyalı həmin məsuliyyəti dərk eləməlidir ki, onu Allah-Təala vicdanının, ruhunun, qüdrətinin təcəssümçüsü kimi seçib. Ona görə də məsuliyyətini dərk eləməlidir. Şair dostlardan biri deyir ki, “mən şeir yazıram da, mənim şeirlərim bir çox sözdən ağırdır”. Bəli.

– Kimdir o şair?

– Demirəm adını…

– Təsadüfən Rüstəm Behrudi deyil?

– Yox. (Gülür…) Olsun ki, ilahi bir qüvvə ilə yazırsan. Bu istedadı sənə verən Allah bunu elə-belə sənə bağışlamayıb ki… Ki, qoltuq cibində gəzdirəsən. O istedadı verib ki, sən ötürücü rolunu oynayasan. Baxın, jurnalist də, sənət adamlarının hamısı ötürücüdür. Yəni onlar Allah-Təala tərəfindən verilən informasiyanı alır və xalqa ötürür. Yox, əgər sən o məlumatı alıb, özün üçün təsbeh düzəldəcəksənsə, bu, artıq düzgün deyil.

– Tanınmış jurnalistlərimizdən Zöhrab Əmirxanlı soruşur: “Eldəniz müəllim, rəhbərlik elədiyiniz qurumda olan 5 ən önəmli ziyalının adını çəkin, lütfən”.

– Zöhrab mənim dostumdur və bunu da bir az ironiya ilə yazıb. O bilir ki, ziyalılar xofdan, qorxudan, bir az da bayaq siz də dediniz ki, yaltaqlığın ilk üç hərfinə uyaraq təşkilatda fəaliyyət göstərmək istəmirlər. Hərəsi öz hücrəsində, tısbağa kimi qınlarına çəkiliblər. Yəqin onu qəsd edir. Amma burada hamı bilir ki, Ziyalılar Birliyinin yüzlərlə üzvü var. Eləcə də onun özü də Birliyin üzvüdür.

– Zöhrab bəy davam edir: “Bəs bu ziyalılar mənəvi aşınma mənbəyi olan, hər gün millətin üstünə qusan Azərbaycan telekanallarının fəaliyyətinə niyə bircə dəfə kəskin münasibət bildirmirlər? Fahişəxanalar Bakını başına götürüb gedir. 16-18 yaşlı sütül qızlarımızı xaricilər hər üzünə minib çapırlar. Bəs ziyalılar niyə susurlar? Hər dəfə Siyavuş Novruzovlar, Bahar Muradovalar, Zahid Oruclar ağızlarını açanda bu millətin üstünə üfunət püskürürlər. Təşkilatınız onlara adam kimi danışmaq üçün bir məktəb açmaq barədə fikirləşmir?”

– Çox açıq-saçıq sualdır. Bir tərəfdən düz deyir ki, informasiya mənbələri əslində belə işlərlə məşğul olmalıdır. Zöhrab bəyin sualı ilə bağlı biz artıq kifayət qədər söhbət elədik. Təbii ki, təbliğat və təşviqat məsələsi çox ciddi məsələdir. Amma çox təəssüf ki, elə bil görünməyən bir əl mənəvi təmizlik, saflıq aşılamaq missiyasının qarşısını alır. Fikir vermisinizsə, həmin o televiziyalarda tok-şoular, ucuz tok-şoular, ucuz verilişlər, bəsit teleseriallar ziyalılardan qaynaqlanmır.Mən bunu eləmirəm ki? Sən eləmirsən ki? Yaxud da Ziyalılar Birliyi eləmir ki?  Hamı da yaxşı bilir ki, televiziyalar kimlərin inhisarındadır.

Televiziyalar elə bil öhdəlik götürüblər ki…

sam_2846

– Tahir Ağarəhimov da soruşur ki, “teleməkanda iqtisadiyyatla bağlı verilişlər demək olar ki, yoxdur. Həm də iqtisadiyyatımızın belə ağır dönəmində Azərbaycan televiziyası insanları nə vaxta qədər əyləndirəcək?”  Bu, ümumi bir bəladır.

– İqtisadiyyatla bağlı veriliş ona görə yoxdur ki, ya çıxıb yalan danışmalıdırlar, ya da düz danışmalıdırlar. Amma bizim televiziyalar da elə bil öhdəlik götürüblər ki, düz danışsalar ağızları əyiləcək. Ona görə də belə olmalıdır.

– Rizvan Şıxızadə soruşur: “Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev niyə sosial şəbəkələrdə bəzən küçə söyüşlərindən istifadə edir?”

– Bu da provokasiyalı suallardan biridir. Mənim hələ indiyə qədər ağzımdan söyüş çıxmayıb. Mənə qarşı olan təhqirlərə isə, bəli, cavab vermişəm.

– Yəni cavab xarakterli olub…

– Yetərincə cavab vermişəm. Amma bununla əlaqədar onu demək istəyirəm ki, bəzi adamlar elə bilir ki, “dınq” eləməklə artıq yumurtadan çıxıblar. Amma “dınq” eləmək, hələ yumurtadan çıxmaq demək deyil. Bu bir. İkincisi də, özgələrinə “cip-cip” öyrətmək funksiyası və ya səlahiyyəti də heç kimə verilməyib. O ki qaldı mənim cavablarıma, siz yəqin bilirsiniz ki, son zamanlar mən kimlərə cavab vermişəm. Bayaq onu yazmaq istədim, amma yazıb qurtara bilmədim. Eynulla Fətullayev, Əli Əliyev, Sərdar Cəlaloğlu, Fazil Mustafa, Rauf Arifoğlu, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov və s. Dalını yaza bilmədim, çünki çoxdurlar. Baxın, bunlara cavab vermişəm. Nəyə görə? Bunların özləri mənim “bostanıma daş atıblar” və yaxud da bizim – demokratik düşərgənin bostanına daş atıblar. Bir çox hallarda da məni tuşlayıb, atıblar. Mən də cavablarını verməyə çalışmışam. Amma necə olsa da onlardan fərqli olaraq mən mənəvi-etik normaları aşmadan cavab verməyə çalışmışam. Bir məsəl var. “Tövbə Qapısı”nda iki qoca növbə gözləyirlər və bir-biriləri ilə söhbət edirlər. Biri deyir ki, “ağzım pisdir, çox söyüş söyən adamam, artıq yaşlanmışam, gəldim ki, tövbə edəm, bir də söyüş söyməyəm…” O biri də deyir ki, “mənim babam da, atam da, mən də bəkməz, doşabsatan olmuşuq. Hər dəfə artıqlamasıyla ona gil qatırdıq ki, ağır olsun. İndi ölümqabağı gəlmişəm, tövbə edəm”. Birinci qoca sıradan çıxıb gedir. İkinci soruşur ki, “hara gedirsən?” Deyir, “mən burada qalası olsam, sənin ata-babana bəs kim söyəcək?” …

…İndi onun sözü olmasın, elə şeylər olur ki, Əvəz müəllim, mən təəccüb edirəm. Çox təəssüf, cəmiyyətdə belə bir stereotip formalaşıb ki, əgər ziyalıdırsa, onu söymək, təhqir etmək olar. Onsuz da o, abrına qısılıb, tərbiyəsi, mədəniyyəti imkan verməyəcək ki, cavab versin. Mən o stereotipi sındırmaq istədim. Çox-çox üzr istəyirəm. Yəqin bu, heç deyiləs deyil, amma ziyalı qaranlıqda, çöldə basdırılan bir dirək deyil ki, gəlib-gedən onun dibinə “çiş” eləyib getsin. Yox. Əslinə qalanda ziyalı da o tərbiyəsiz və mədəniyyətsiz adamlardan, etik tərbiyələri olan adamlardan daha çox söyüş bilir. Bilir. Sadəcə demir. Amma bundan da istifadə edirlər. Susacağını ehtimal edib, istədiklərini deyirlər. Şıxızadəyə də demək istəyirəm ki, qoy hələ yumurtadan çıxsın, sonra danışarıq.

MŞ-nın yaradılması Azərbaycan xalqının həyatında çox böyük, əhəmiyyətli hadisə idi

– Milli Şura ilə bağlı suallar var. Müxalifətlə bağlı suallar var. Abdulla Mahmudov soruşur: “Milli Şuraya gələndən sonra itirdiyi dostları çoxalıb, yoxsa qazanıb?” Ümumiyyətlə, Eldəniz bəy, siz hara, Milli Şura hara?

– Əvəz bəy, mən Milli Şuraya gəlməmişəm. Mən Milli Şuranı yaradanlardan biriyəm. Səhv etmirəmsə, siz o vaxt həbsxanada idiniz və siz də əslində Milli Şurada olmalı idiniz. Çünki danışıqlar gedirdi. Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Qulu Məhərrəmli, Əkrəm Əylisli, Ramiz Rövşən və s. Ziyalılar Forumunda ölkədə baş verən hadisələrə ciddi müqavimət göstərirdik və bu müqavimət də ölkə başçısına yazılı şəkildə göndərilirdi. Nəyin düz, nəyin səhv olduğu ziyalı nöqteyi-nəzərindən analiz olunurdu. Baxmayaraq ki, bu təkliflərə cavab da alınmırdı, amma biz bu fəaliyyətlə məşğul olurduq. Düzdür, bəziləri indi deyir ki, “mən istəmirdim Milli Şura yaradılsın”. Amma prezident seçkiləri öncəsi Ziyalılar Forumunun özəyini təşkil edən ziyalılar qərara gəldik ki, bir neçəmiz Milli Şuranın yaradılmasında fəal iştirak edək. O cümlədən də Eldar Namazov, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, mən və digərləri… Bu, hamının razılığı ilə oldu. Azərbaycan xalqının həyatında MŞ-nın yaradılması Azərbaycan xalqının həyatında çox böyük, əhəmiyyətli hadisə idi.

– Çox əhəmiyyətli hadisə idi, bəli.

– Biz bundan kənara çəkilə bilməzdik. Mənim Milli Şurada təmsil olunmağım bu cür oldu.

– Siz “El” hərəkatı ilə gəldiniz…

– Ümumiyyətlə, Milli Şuranın yaradılması ideyası ilk dəfə Rüstəm İbrahimbəyovdan gəlib və o bunu ilk olaraq mənimlə müzakirə edib ki, “belə bir iş görmək istəyirəm. Necə ağlın kəsir?” Uzun müddət biz bu haqda söhbətlər elədik.

– Deməli, ilk dəfə bu layihəni ikiniz müzakirə etmisiniz?

– İkimiz, bəli. Ondan sonra paralel olaraq “EL”i yaratdıq. Rüstəm şəxsən xahiş elədi…

– Niyə “El”?

– “EL” – Eldar və Eldənizin ilk hecasıdır. Bu, bir hərəkat olmalı idi. Səhv eləmirəmsə, kifayət qədər də qısa müddətdə nüfuz qazandı. Sadəcə obyektiv və subyektiv səbəblərdən bu hərəkat öz fəaliyyətini dondurdu. Eldar Namazov xəstələndi, indiyəcən də müalicəsini davam etdirir.

– Deyəsən, o vaxtlar Eldar Namazovu bir dəfə Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə dəvət etdilər, ondan sonra “xəstələndi”. Eləmi?

– (Düşünür və gülür…) Yox, yox, düşünmürəm.

– Çünki mən müşahidə elədim. Cəmi bir dəfə Eldar Namazovla Köçəri Nağıbəylini Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırdılar, ondan sonra da məsələ həll olundu…

– O vaxt məni də dəvət eləmişdilər. Düşünmürəm ki, Eldar Namazovu ora dəvət edəndən sonra siyasi fəaliyyətdən çəkilsin. Bilmirəm, bəlkə onun da təsiri oldu. Amma əvvəlcə ofisimizi əlimizdən aldılar…

“El” nüfuzlu bir hərəkat ola bilərdi

dsc06779

– Siz də demişdiniz ki, “siz bizim ofisimizi əlimizdən alın, biz yenisini tutacağıq”…

– Bəli, bəli, elədir…

– “Bunu da alsanız, yenisini tutacağıq…”

– Bəli… Bir neçə ofis götürdük, amma yenə də fəaliyyətimizə imkan vermədilər. Həqiqətən imkan vermədilər. Yəqin ki, ondan sonra da xəbər tutdunuz ki, bir gün mən Lənkəranda tədbir keçirmək üçün ora gedəndə şəhərin girişində qarşımızı öyrədilmiş 40-50 adam kəsdi, maşınımızı əzdilər, bizi döyməyə çalışdılar… Yəni hesab edirəm ki, “El” nüfuzlu bir hərəkat ola bilərdi. Hətta bizim onu partiyaya çevirmək planlarımız da var idi.

– Bəs, nə oldu?

– Sadəcə Eldar Namazovun xəstələnməsi…

– Eldəniz müəllim,  bu xəstəlik də çox uzun sürdü… Bu xəstəlik neçə ildir, sürür?

– Həqiqətən də xəstələnmişdi. Gizli insult keçirmişdi. Amma qətiyyətsizlik nümayiş olundu, sözün doğrusu. Onu da yəqin bilirsiniz ki, “El” də MŞ-da təmsil olunurdu.

– Siz yenə də “El”dəsiniz?

– Yox, yox…

“El” indi fəaliyyətini dayandırıb

sam_2845

– “El” ümumiyyətlə, varmı?

– Xeyr, “El” indi fəaliyyətini dayandırıb. Mən o vaxt Məclisin sədri idim.

– Siz bu haqda Eldar Namazovun özü ilə danışdınızmı, situasiyanı müzakirə etdinizmi ki, nə üçün belə oldu?

– Oldu. Çünki o vaxt Eldar da müalicəyə getdi. Bir daha təkrar edirəm, müəyyən qətiyyətsizlik də nümayiş olundu. Əslində Milli Şuranın özündə də “El”dən çox adam var. Məsələn, Hacı Rövşən Əhmədli burdadır, mən, Nurəddin müəllim burdayıq. 4-5 nəfər “El”dən Milli Şurada qalıb.

– Bəs, Milli Şuradan Eldar Namazovun getməsinin səbəbi nə idi? Çünki Milli Şuranın əsas təsisçilərindən biri də Eldar Namazov idi. Burada maliyyə məsələləri rol oynamadı? Çünki mətbuatda yazdılar ki, Rüstəm İbrahimbəyov bu məqsədlə çoxlu maliyyə vəsaiti göndərib. O vəsait də elə xərclənib ki, bundan heç kimin xəbəri olmayıb, amma sonradan da bütün bunlar üzə çıxıb. Bütün bunlar haqqında mətbuatda yazılar getdi.

– Əvəz bəy, mətbuatda çox şey yazarlar. Mənim haqqımda da yazmışdılar ki, Rüstəm İbrahimbəyov Eldənizə pul göndərib.Eynulla Fətullayev yazmışdı ki, Rüstəm İbrahimbəyov guya mənə 200 min pul göndərir.

– Burada mesaj vermək üçün yaxşı fürsətdir. Ümumiyyətlə, pul gəldimi?

– Mən belə bir şey görməmişəm.

– Sizə gəlmədi. Eldar Namazova da gəlmədi?

– Onu deyə bilmərəm. İmanımı da yandıra bilmərəm.

– Rüstəm İbrahimbəyovla dostsunuz. Ondan bu haqda soruşdunuzmu?

– Yox, amma Rüstəm İbrahimbəyovun özü bir dəfə Gürcüstanda yığılanda dedi ki, “mən bu işə 100 mindən artıq pul qoymuşam…”

– Çox maraqlıdır. Deməli, Rüstəm İbrahimbəyovun özü bu haqda deyib?

– Hə. İclasdda hamının yanında 120 min, yoxsa nə qədərsə dedi… Və o da ofis kirayəsi, keçirilən tədbirlərə, digər ictimai işlərə sərf olunmuşdu, yəqin ki…

120.000 pul hara getdi?!

– Maliyyə vəsaiti birbaşa kimə göndərilirdi?

– Vallah, bu məsələlərilə çox guman ki, Eldar Namazov məşğul olurdu. Amma Eldar da maliyyə məsələsində bir az vas-vası və təmiz adamdır. Mən inanmıram ki, o göndərilən pulu mənimsəsin. Mən elə bir şey olacağına inanmıram.

– Orxan Səlimzadə soruşur: “Bir vaxtlar Rasim Balayev də Ziyalılar Birliyinin üzvü idi. Hökumətin balaca bir təzyiqindıən sonra səmimi şəkildə etirf etdi ki, mən Babək rolunu oynaya bilərəm, amma Babək ola bilmərəm. Sizdən necə nə vaxtsa bu cür “səmimi” etiraf eşidə bilərikmi?” Siz Babək rolunu oynamamısınız…

– Yox, mən Babək rolunu oynamamışam. Əvvəla, onu deyim ki, Rasim Balayev heç bir zaman Ziyalılar Birliyinin üzvü olmayıb. Nə də Ziyalılar Forumunun heç bir vaxt üzvü olmayıb. İkincisi də mən heç qınamıram da. Çünki əjdaha rolunu oynayan aktyor həyatda əjdaha olmamalıdır ki… Rasim Balayevin özü də etiraf elədi ki, “mən siyasi mübarizədə aktivlik göstərən, qəhrəmanlıq edən adam deyiləm. Ona görə məni bağışlayın…”

– Amma bundan əvvəl Rasim Balayevin ictimai nüfuzu və mövqeyi daha yüksək idi. Məsələlərə daha sərt münasibəti var idi.

II hissənin sonu

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button