Eldar Həsənov gündəmə gəlir

Sabiq Baş prokurorun haqqında kimlər araşdırma qərarı verib?

 

Sabiq Baş prokuror, Azərbaycan diplomatiyasının kilid adamlarından biri olan Eldar Həsənov yenidən gündəmə gəlir. Xural.com-a daxil olan məlumata görə, hakimiyyətin ən yüksək eşalonlarında onun haqqında xüsusi araşdırmalar başlayıb. Hakimiyyətin yenidən dizayn edilməsi və kadrlara yenidən baxılması məqsədilə qruplararası qarşıdurmalarda adı hər zaman ön sıralarda yer alan sabiq baş prokurorun başı yenə qeylü-qaldadır. Onun güclü potensialı və hər zaman ölkənin bütün kəsimləri və regionları arasında dayaq mərkəzlərinin olması, yenə diqqəti cəlb edib.

Dünyanın ən nəhəng dövlətlərindən, eyni zamanda Azərbaycana təsir dairəsini gündən-günə artıran Rusiyanın prezidenti Vladimir Putinin yaxın dostu olan İlham Rəhimovla yaxın dostluq münasibətləri həmişə medianın gündəmində olub. Eldar Həsənov Rusiya ilə olduğu kimi, həm İranla, həm də Türkiyə ilə ciddi münasibətlərə sahibdir və münasibətlərin yaradılmasında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin müstəsna xidmətlərinin olduğu da bizə ötürülən informasiyalar arasındadır.

Diplomatik korpusda da onun nüfuzu yüksəkdir. Hazırda səfir postunda fəaliyyət göstərən Vilayət Quliyev, Həsən Həsənov kimi keçmiş Xarici İşlər nazirləri də onun bir sözünü iki etmirlər. Milli Məclisin sədr müavini Tamerlan Qarayevin də hazırda cənab Eldar Həsənovun təsir dairəsinə daxil olduğu bildirilir. Ölkə daxilində də münasibətlərini möhkəmləndirən, hətta hər kəsi təəccübləndirən jestlərlə gündəmə gələn sabiq baş prokurorun bir müddət əvvəl atasının yasında mitinq meydanlarını xatırladan izdiham da media mütəxəssislərinin diqqətindən qaçmamışdı.

Bütün gücü və enerjisini Azərbaycan diplomatiyasının və hakimiyyətin uğur qazanmasına sərf etsə də, Eldar Həsənov hər zaman bir qruplaşmanın hədəfində olub. Həmin qruplaşma isə gündən-günə Azərbaycanda öz təsirini artırmaqdadır. Araşdırmanın əsl səbəbi də bu qruplaşmanın dəstəyi ilə baş verir. Ölkə rəhbərliyində onun gözdən salınması üçün düyməyə basılıb. Eldar Həsənov bu qruplaşma və maraq mərkəzlərinin diqqətindən necə yayınacaq, yaxın zamanlarda görəcəyik. Biz isə xural.com-un olaraq başlandığı deyilən bu təqibin izini təqib etməyə çalışacağıq.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button