Eldar Həsənovun işi başlayır

Ali Məhkəmə proses təyin edib

Ali Məhkəmə məhbus dövlət xadimi Eldar Həsənovun şikayətinə baxacaq. Novator.az-ın məlumatına görə, hakimlər İlkin Rəcəbov, Şahin Yusifov və Nazim Mövsümovun icraatında olan prosesin ilk iclası avqustun 18-nə təyin edilib.

Eldar Həsənovun Ali Məhkəməyə şikayət etdiyi mayın 20-də açıqlanıb.

Şikayətdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Bakı Apellyasiya Məhkəməsinin həmin hökmü qüvvədə saxlayan qərarının ləğvi, Eldar Həsənovun bəraətlə azadlığa buraxılması istənir.

1955-ci il təvəllüdlü Eldar Həsənov general-leytenant, fövqəladə və səlahiyyətli səfir, hüquq elmləri doktoru, professordur. “İgidliyə görə” medalı, “Azərbaycan Bayrağı” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub.

2020-ci il avqustun 13-də həbs edilən Eldar Həsənov Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verməkdə təqsirli bilinib. İbtidai istintaqı əvvəlcə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsi, sonra Baş Prokurorluğun İstintaq İdarəsi aparıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2022-ci il yanvarın 21-də Eldar Həsənova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm Eldar Həsənovun 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmasını, ona məxsus olduğu iddia edilən bəzi əmlakların müsadirəsini də nəzərdə tutub. Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb.

Tutulduğu gündən ittihamı rədd edən Eldar Həsənov cinayət işini və həbsini təqib, qanunsuzluq, haqsızlıq, ədalətsizlik və sifariş kimi qiymətləndirir.

Eldar Həsənov 1977-2000-ci illərdə Azərbaycanın hüquq mühafizə sistemində məsul postlar tutub, o cümlədən İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini, baş prokurorun birinci müavini, baş prokuror olub.

2001-ci ildə Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqro, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildən onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.

2020-ci il avqustun 17-də Eldar Həsənov Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfir vəzifəsindən azad olunub.

Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Binə qəsəbəsi) saxlanan Eldar Həsənovun dörd vəkili var: Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev, Valeh Mehralıyev.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button