Eldar Həsənovun səhhəti ilə bağlı Baş Prokurorluğun yaydığı məlumat nədən xəbər verir?

Son zamanlar bəzi sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində Eldar Həsənovun səhhəti ilə bağlı həqiqətəuyğun olmayan məlumatlar yayılmaqdadır.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib.

“O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, bir qədər əvvəl Eldar Həsənovun vəkili Cavad Cavadov müvəkkili yıxılıb və görüşə əlil arabasında gətirilib”. O, qeyd edib ki, Eldar Həsənov saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında növbəti başgicələnmə nəticəsində huşunu itirib və üzü üstə yerə yıxılıb. Cavadovun sözlərinə görə, tibbi yardım göstərilsə də, başgicələnmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər:

“Həmin gün saat 11:30 radələrində mənimlə və müstəntiqlə görüşə Eldar Həsənovu artıq əlil arabasında gətiriblər. Özünün bildirdiyinə görə, həkimlər onun bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan edirlər”.

Qeyd edək ki, Eldar Həsənov bu il iyulun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalında bağırsaq keçməzliyindən əziyyət çəkdiyinə görə əməliyyat olunub. Vəkil Baş Prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladığını da əlavə edib.

Bundan  az sonra Eldar Həsənovun qızı Səbinə Hüseynova, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, atasının sağlıq durumunun kəskinləşməsilə əlaqədar ev dustaqlığına buraxılmasını xahiş edib.

Bundan dərhal sonra – bu gün Respublika Prokurorluğunun belə bir məlumat yayması cəmiyyətdə böyük çaşqınlıq yaradıb. Çünki Eldar Həsənov həbs olunduğu gündən ona qarşı qaldırılan ittihamlar cəmiyyətdə birmənalı qarşılanmayıb və hesab edilir ki, bu həbsdə müəyyən qrupların marağı var.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb. Eldar Həsənov bu ittihamların heç biri ilə razılaşmır. Maraqlıdır ki, bu cinayət işi üzrə həbs edilən Xarici İşlər Nazirliyinin digər əməkdaşlarının hamısı barədə, həbs qətimkan tədbiri dəyişdirilib. Yalnız, Həsənov həbsdədir.

Xatırladaq ki, 2001-ci ildən səfir kimi fəaliyyət göstərdiyi ölkələrlə Azərbaycan arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni sahələrdə dostluq, əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və narkotizm, terrorizm, mütəşəkkil cinayətkarlığa qarşı barışmaz mübarizə aparılmasında böyük töhfələr verib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button