Eldar Novruzovun həyatını xilas etmək mümkün imiş!

«Xural» çürüyüb ölən əsgərlə bağlı jurnalist tədqiqatları apardı

 rtıq neçə gündür əsgər Eldar Novruzovun müəmmalı ölümü ilə bağlı qalmaqal səngimir. Mərkəzi Hərbi Klinik Hospitalın kollektivinin içtimaiyyət və mətbuatla görüşü bu məsələyə bir az aydınlıq gətirsə də, bəzi müəmmalar hələ də qalır. Lakin Müdafiə Nazirliyinin mətbuat xidmətinin çox bərbad vəziyyətdə olması və demək olar ki, işləməməsi, ortaya çıxan suallara operativ cavab tapmağa imkan vermir.

Xülasə, qayıdaq rəhmətlik Eldar Novruzovla bağlı müəmmalara. Əsgərin ölumu ilə bağlı hospitalın verdiyi cavablar bizi qane etmədi.

Lakin araşdırma aparan zaman ortaya kifayət qədər fərqli məqamlar çıxdı. Eldar Novruzovu əməliyyat edən cərrah polkovnik–leytnant Vasif Adıgözəlovun dediyinə görə, əsgərin müayinəsindən sonra onun valideynlərinə təklif olunub ki, oğlanlarının üz nahiyəsində irimiqyaslı əməliyyat olunsun. Valideynləri bu əməliyyatdan imtina ediblər. Onlar tələb ediblər ki, xəstənin ancaq burnunda əməlliyat olunsun və orada olan poliplər götürülsün ki, xəstə rahat nəfəs ala bilsin.

Bu barədə bizimlə söhbətində mərhum əsgərin atası Qadir Novruzov bunları dedi: «Mənim oğluma hospitalda qaymarit diaqnozu qoydular. Vasif doktor mənə dedi ki, bu xəstəliyi iki etapda əməlliyat edəcəm. İndi burnunda olan artıq ətləri götürəcəyik, qoy rahat nəfəs alsın, iki ayı qalıb, əsgərliyini çəksin, mən həm də özəl klinikada işləyirəm, ora gətirəırsiniz ikinci əməliyyatı orada edərəm. Mən razılaşdım. Əməliyyat olundu. Əvvəl yaxşılaşma var idi. Hətta oğluma sağaldığı üçün məzuniyyət belə verdilər» . Daha sonra isə biz V.Adıgözəlovla bu məsələ ilə bağlı söhbətləşdik.

Mərhum əsgəri əməliyyat edən Vasif Adıgözəlov deyir ki, ilkin mərhələdə xəstədə sağalma gedirdi. «Xəstə sağaldığı üçün ona məzuniyyət verildi. Məzuniyyətə gedərkən ona deyildi ki, əgər bir ağırlaşma olarsa, dərhal müraciət etsin». Maraqlıdır ki, əsgər tam sağalmadan niyə evə buraxılmışdı? Bu sualımızı isə Qədir Novruzova ünvanladıq. Q.Novruzov hətta məzuniyyət məsələsində belə onlara müəmmalı güzəşt edildiyindən danışdı: «Bizim məzuniyyət həftənin beşinci gününə düşürdü. Amma hospitalda mənə dedilər ki, biz elə edərik, sənin günün itməz. Şənbə, bazar istirahət günü olduğu üçün məzuniyyəti bazar ertəsindən qeydə alarıq. Razılaşdıq. Altıncı gün oğlumun yanına gələndə gördüm ki, üzündə şişginlik əlamətləri var. Həkimə müraciət edəndə dedi ki, keçəcək. Lakin bazar oldu, keçmədi. Birinci gün mən oğlumu evə aparanda həkim şişə görə dedi ki, “narahat olma, keçəcək, əgər bir az ağırlaşma olsa, müraciət edərsiniz”.

Deməli, mərhumu müalicə edən həkimin şübhələri olub və ağırlaşma ilə bağlı əvvəlcədən ehtimallar irəli sürüb.

Evə buraxılandan bir neçə gün sonra əsgərin valideynləri ağırlaşma ilə bağlı yenidən müraciət edirlər. Bu barədə V.Adıgözəlov danışır: «Xəstədə evdə ağırlaşma oldu və bizə müraciət etdi. Avqustun 5-də hospitala yenidən qəbul olundu. Onun müalicəsinə başladıq. Hətta onu Zərifə Əliyeva adına xəstəxanada konsultasiya etdirdik. Sentyabrın 9-da atası dedi ki, Türkiyədən Burhan Dadaş adında bir həkim gəlib, uşağı ona göstərmək istəyirəm. Biz buna icazə verdik. Türk həkimi ilə bizim diaqnoz üst–üstə düşmədi. Onda «veqener qranulematoz» xəstəliyi olduğu şübhəsi yarandı.. Amma xəstəyə vizual baxışda belə xəstəlik görünmürdü. Çürümə əlamətləri yox idi».

Növbəti mərhələ ilə bağlı əsgərin atası Qədir Novruzov fərqli şeylər danışdı: «Hospitala yenidən qəbul ediləndən sonra oğlumda heç bir yaxşılaşma yox idi. Belə olan halda mən Vasif doktordan xahiş etdim ki, oğlumu “Modern Klinika” da (özəl tibb müəssisəsi – Red.) bir yaxşı doktor var, ona göstərək. Əvvəl razı olmadl, sonra razı oldu. Avqustun 12-də bu özəl klinikada Vüsal doktorun yanına getdik. Vüsal həkim baxan kimi dedi ki,  ayın 18-də Türkiyədən Refiq həkim adında bir professor gələcək, uşağı gətir, onunla birlikdə baxaq. Avqustun 20-də mən Eldarı götürüb professorun yanına apardım. Professor müəyyən analizlər edəndən sonra mənə dedi ki, bunu əməliyyat etmək lazımdır. Və türkiyəli həkim əlavə etdi ki, belə bir vəziyyətdə mən onu əməliyyat edə bilmərəm. O bizə «Müalicə olunsun, şiş yatsın, sonra əməliyyat edərəm» dedi. Bundan sonra 10 günlük müalicə üçün dərmanlar yazıldı.»

Mərhum əsgərin atası deyir ki, bu resepti hospitalda İbrahim həkimə verib və deyib ki, alın bu dərmanlardan istifadə edin. «Mənə dedilər ki, bu dərmanlar hospitalda yoxdur, get özün al gətir, biz də müalicə edək. Dərmanları aldım və müalicə başladı. Bir müddət idi ki, Eldarın şişi yatırdı. Hər şey yaxşı idi. Lakin yeddinci gün onun üzü yenidən şişməyə başladı. Mən tez Vüsal həkimin yanına getdim.Vüsal həkim Türkiyəyə, professora zəng etdi. Professor dedi ki, əgər yenidən şişmə başlayıbsa, o əməliyyat edə bilməz. Belə olan halda Vüsal həkim mənə dedi ki, onun Burhan Dadaş adında bir professor müəllimi olub. O, sentyabr ayının əvvəllərində Mərkəzi Klinik Xəstəxanada xəstələri qəbul edəcək. Gəl bu uşağı ona göstərək. Razılaşdım. Ona qədər dedi müalicəni davam elətdir. Artıq Vasif həkim məzuniyyətə getmişdi. Şöbə müdiri İbrahim həkimə müraciət etdim. O, Eldarı Burhan Dadaşa göstərməyə razı oldu. Avqust ayının axırlarında mənə təklif etdilər ki, Eldarı əməliyyat edək. Mən razı olmadım. Onlar təkid edəndə, mən imtina ərizəsi yazdım. Axı onlar artıq oğlumu bu günə salmışdılar. Belə vəziyyətdə professorlar onu əməliyyat etməkdən imtina edirdilər. Mən necə oğlumu onlara etibar edə bilərdim»?

Artıq burada Mərkəzi Hospitalın həkimlərinin ictimaiyyətə yalan danışdıqları üzə çıxır. Hospital rəsmiləri deyir ki, guya əsgərin valideynləri iyul ayında əməliyyatdan imtina ediblər. Lakin hər iki tərəfi dinləyən zaman məlum olur ki, əslində, mərhumun valideynləri ikinci əməliyyata etiraz ediblər. Bu isə səbəbsiz deyildi. Çünki Eldar Novruzovu müalicə edən iki türk uzman şiş mövcud olduqca əməliyyatın mümkünsüz olduğunu demişdilər. Mərhumun atası deyir ki, sentyabrın 5- də Mərkəzi Klinik Xəstəxanaya professor Burhan Dadaşın qəbuluna gedib. Sentyabrın 7-də Eldarın burnunda əməliyyat yolu ilə hüceyrələr götürüb analizə göndərib.

«O mənə getməmiş dedi ki, səni təbrik edirəm, əsas odur ki, xərçəng deyil, qalan nə xəstəlik olsa müalicə edilər. Burhan həkim gedəndən sonra analizlərin cavabı gəldi. Üç xəstəlik sual altında qoyulmuşdu. Mərkəzi Klinik xəstəxananın baş həkimi Musa müəllim Türkiyəyə Burhan Dadaşa zəng etdi. Analizlərin cavabını və üç xəstəliyə qoyulan sual işarələri haqda məlumat verdi. Professor dedi ki, sizdə analizləri dəqiq edə bilmirlər, ona görə üç xəstəlikdən şübhələniblər. Lakin narahat olma, əsgəri Gülhanəyə gətirin, onların hamısının müalicəsi var» deyə Qədir Novruzov bildirdi.

Maraqlıdır ki, Onkologiya İnsititutundan gələn analizdə üç xəstəlik ehtimalından söhbət açılırdı. Lakin bu mərhələyə qədər nə özəl klinikalarda, nə də hospitalda bununla bağlı heç bir söz açılmayıb.

Maraqlıdır, apardığımız araşdırmalar zamanı müəyyən olunub ki, əslində Eldar Novruzovun Gülhanə Tibb Akademiyasına göndərilməsiylə bağlı olaraq sənədlər sentyabrın 23-də hazırlanaraq Müdafiə Nazirliyinin əlaqədar idarəsinə göndərilmişdi. Yəni sentyabr ayının 23-də nazirlik birbaşa xəstənin Gülhanə Əsgəri Tibb Akademiyasına müraciət etməli və onların müsbət cavabından sonra xəstəni ora yola salmalı idi. Lakin bürokratik əngəllərdən bunun gecikdiyi üçün nazirin əmri ilə bir başa danışıqlar aparılıb, razılıq alınıb. Əfsuslar olsun ki, əsgər vəfat edib.

O ki qaldı əsgərə Hava Limanına aparılan zaman yolda vurulan iynələrə, həkimlər deyir ki, bu, 2 millikubmetr kordiamin, 1 milli kubmetr kofein, 1 milli kubmetr mezaton preparatları olub.

Araşdırma zamanı mərhum əsgər Eldar Novruzovda olan xəstəlik barədə də öyrənə bildik. Məlum oldu ki, «vegener qranulomatoz» xəstəliyi qeyri-infeksion iltihab-nekrotik bir proses olub damar divarlarını nekrozlaşması ilə müşayiət olunur. Xəstəliyin yaranma səbəbləri aydın deyil. Bu, tibbdə çox az rast gəlinən xəstəlikdir. Xəstəliyin patoqenezində autoimmun proses rol oynayır. İki forması var, dokal və geniş yayılmış forma. Adətən, həkimlər bu xəstəliyin diaqnozunu qoymaqda çətinlik çəkirlər.

Amma bununla belə artıq dünyanın bir çox ölkələrində bu xəstəliyi dərin və ardıcıl aparılan müayinələrdən sonra müəyyən etmək mümkündür. Həm də müalicəsiz də deyil.

Bu araşdırmanın sonunda bir suala cavab ala bilmədik: Azərbaycan səhiyyəsi çox geridə qaldığından, yoxsa həkimlərin savadsızlığından Eldar Novruzov həyatını itirdi?

 Nurəddin Xoca

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

4 şərh

  1. Bu yazdiqlarinizin deemak olarki 90% duzdu.Sadaca hakimlarin daarmanlarda sahvi var.Onlar Eldarin Turkiyaya getmasini istamadan onan zahar vurub oldurdular.Cunki Eldari Turkiiyaya gondarmak onlara sarf elamirdi.Azerbaycan Sahiyyasinin 0% olmasini Azerbaycannan kanaraa cixmaisni istamadilar.Hamdaki Turkiyaya gondarmaq masalasida hamisi qurma idi.Uwaqi Turkiyaya yola salirdilarsaa agarr onunla gedan hakimin alinda bir danada olsun Eldarin xastaliyi muayinalari amaliyyatlari barada sanad yox idi.Orda gedib na diyacaakdilar salam biz galmiwik?Bunlar hamisi bizi susdurmaq ucun qurulan bir plaan oldu.Va Eldari olldurub iwi baglamaq istadilar.Amam yox bu iw baglanmayacaq ta o vaxta kimiki gunahkarlar oz cazalarini almayana qadar.Allah onlaara lanat elasin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button