Eldar Nuriyev: “Prezident yanında Apellyasiya Şurası sahibkar şikayətlərinə baxmağa hazırdır”

Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev

“Apellyasiya şuraları prezident İlham Əliyev yeni iqtisadi şəraitdə həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və hərəkətsizliyindən şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb”.

Xural.com apa.az-a istinadən xəbər verir ki, bunu prezidentin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli fərmanına uyğun olaraq yaradılmış Apellyasiya şuralarının fəaliyyətinə həsr edilən ümumrespublika seminar-müşavirəsində Prezident yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev bildirib.

E.Nuriyev deyib ki, həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təcrübənin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərəcək.

E.Nuriyevin sözlərinə görə, dövlət başçısının tapşırıqlarının təxirə salınmadan yerinə yetirilməsi məqsədilə fərman qəbul olunduqdan dərhal sonra texniki-təşkilati tədbirlərin icrasına başlanıb, işlərin sistemli və ardıcıl aparılması üçün Tədbirlər Proqramı təsdiqlənib. Qısa müddət ərzində Şuranın kadr potensialı, maddi-texniki bazası formalaşdırılıb və fəaliyyətini tənzimləyən hüquqi aktlar qəbul edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının normal fəaliyyətinin təmin edilməsi məqsədilə müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar və Şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb. Dəqiq statistikanın və ciddi uçotun aparılması məqsədilə şikayətlərin jurnal və elektron qeydiyyatı sistemi qurulub, 100-dən çox parametr üzrə proqram təminatı və Şuranın rəsmi saytının xəritəsi yaradılıb.

Eyni zamanda, şuranın katibliyinin tərkibi təsdiq edilib, müvafiq iş bölgüsü aparılıb, şikayətlərə baxılmasına dair təlimat, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları ilə qarşılıqlı fəaliyyətinin təminatına dair Metodiki Təlimat, hesabatların təqdim edilməsi forması, şikayətlərin, o cümlədən təkrar şikayətlərin verilməsi, onlara baxılması prosedurları, qərar qəbulu formaları hazırlanıb. Rəy verilməsinə zərurət yarandıqda xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssislər və ekspertlər qrupu müəyyən edilib.

E.Nuriyev deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası artıq sahibkarların şikayətlərinə baxmağa hazırdır. Son bir neçə gündə Şuraya xeyli sayda şikayətlər daxil olub. Onların araşdırılması göstərir ki, vətəndaşlar qarşılaşdıqları problemlərlə bağlı müxtəlif məzmunda müraciətlər etsələr də, qanunvericiliyi mükəmməl bilmədiklərinə, onun müddəalarını düzgün təsbit etmədiklərinə, müəyyən olunmuş prosedurları pozduqlarına görə, şikayətlərə mahiyyəti üzrə baxıb qərar çıxarmaq imkan xaricində olub. Şikayətçilərə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə dəqiq riayət olunması, əvvəlcə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarına, onların qərarlarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət etmələri tövsiyə olunub və onlara izahlı cavablar verilib. Bu nöqsanların aradan qaldırılması, əhalinin maarifləndirilməsi, şikayətlərə baxılması qaydaları barədə məlumatlandırılması məqsədilə ölkədə fəaliyyət göstərən informasiya agentliklərində, qəzetlərdə Azərbaycan, rus və ingilis dillərində müsahibələr dərc olunub, şura üzvlərinin iştirakı ilə televiziya efirində “dəyirmi masa”lar təşkil edilib:

“Bununla belə şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, əhalinin hüquqi maarifləndirilməsi, qanunçuluğun tələblərinin izah edilməsi məqsədilə yerlərdə təbliğat-təşviqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bugünkü müşavirənin iştirakçıları həmin məsələlərə xüsusi diqqət yetirilməli və yerlərdə təbliğat-təşviqat işləri gücləndirməlidirlər. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması ilə bağlı hazırlıq işlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən bütün aidiyyəti icra qurumlarına rəsmi məktublar göndərilib, şuraların 10 gün müddətində işlərə baxılmasına hazır vəziyyətə gətirilməsi barədə tapşırıqlar verilib, müraciət etmiş şəxslərə zəruri metodiki və hüquqi kömək göstərilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button