Eldar Sabiroğlu Əbülfəz Elçibəylə Heydər Əliyevin məhkəməsindən yazdı

Mətləbə keçmədən qısaca bir məsələyə toxunmaq istəyirəm. Son günlər nədənsə mənə və Rüfətə qarşı ittihamların ardı-arası kəsilmir. Ötən 9 ayda dinib-danışan olmadı. Elə ki, məhkəmə Rüfətə 9 il həbs verdi, bundan sonra bir qisim insan fəallaşmağa başladı. Təxmini səbəblər mənə müəyyən qədər aydındır. Eybi yox, buna da dözəcəyik. Lakin necə oğul böyütdüyümü sübut etməyə ehtiyac görmürəm.

Dostlar, ləyaqətli adamlar məsləhət görürlər ki, polemikaya girməyim. Ancaq bəzən elə səhnələrlə qarşılaşıram ki, sadəcə məcburi cavab verməkdən başqa yolum qalmır. Əbülfəz Elçibəylə bağlı o tarixi məhkəmə prosesinin şəkillə birgə üzə çıxarılması səs-küyə səbəb oldu. Bunu mən yaratmadım. Jurnalistlər bu arxiv məlumatını paylaşdılar. Son müsahibələrimin birində mən də buna ötərgi toxunası oldum. Yoxsa nəyimə qalmışdı ki, özümü bu cür hadisə ilə gözə soxum! Məhkəmə niyə qurulmuşdur və niyə Əbülfəz Elçibəyi məhkəməyə Ədliyyə Nazirliyi vermişdir? Əvvəlki qanunvericiliyə görə, Prezidentin şərəf və ləyaqətinin qorunması bu icra orqanının səlahiyyətinə daxıl idi. Nəhayət, məhkəmə başladı və iki iclasdan sonra da yarımçıq qapadıldı. Bir daha bu məsələnin üzərinə qayıdılmadı. Hesab edirəm ki, zamanında çox düzgün addım atıldı. Prosesin nədən dayandırıldığının səbəbini bilsəm də, bu gün ona təfsilatı ilə toxunmaq istəmirəm. Əslində, bu məhkəmənin başladılması heç Heydər Əliyevin özünə gərək deyildi.

Kim buna təkan vermişdirsə, qənaətimə görə o, Heydər Əliyevə heç də yaxşılıq etməmişdir… Biriləri indi bildirirlər ki, Eldar Sabiroğlu iddiasında əsassızdır və həmin məhkəmədə Heydər Əliyevin vəkili olmayıb. Beləsi ilə söz güləşdirməyi məqbul saymıram. Ancaq qeyd etməliyəm ki, bu cür inkarçılıqla həqiqəti daş-qalaq etmək olmaz. Əvvəla, vəkil ifadəsini harada dilimə gətirmişəmsə qoy ortalığa çıxarsınlar. Yoxsa boş yerə danışmağın bir mənası yoxdur. Hüquq doktoru inadla qeyd edir ki, o özü, bir də digər üç nəfər Heydər Əliyevin vəkili qismində iştirak ediblər. Özünü vəkil kimi qələmə verməsi büsbütün yalandır. Qalan adını çəkdiyi adamlardan Kərim Kərimovun və Vaqif Şadlinskinin vəkil qismində yox, ictimai nümayəndə kimi iştiraklarını xatırlayıram. Hüquq doktoru qeyd edir ki, onlar da Heydər Əliyevin vəkili olublar.

Ancaq nə onlar, nə də mən vəkil ola bilməzdik. Çünki hüquq təhsili olmayan, vəkillər kollegiyasının üzvlüyündə təmsil edilməyən şəxsin məhkəmə prosesinə vəkil olaraq cəlb edilməsi nə əvvəlki qanunvericilikdə, nə də indikində nəzərdə tutulmamışdır. İçtimai nümayəndə ilə vəkil anlayışını hüquq doktorunun ayıra bilməməsi acı təəssüf doğurur.

Eldar Sabiroğlu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button