Eldar Sabiroğlu Fərəməz Maqsudov haqda yazdı: “Unudulan Adam…”

eldarsabiroqlu.jpg

Eldar SABİROĞLU

Ağır dərddir. Haradan gəldi düşdü yadıma, özüm də bilmədim. Əslində fikrimdə, xatirələrimdə dolaşırdı. Yuxuma da girmişdi. Birində soruşdu ki, “dostlar neyləyir?”, dedim “heç, hərə öz işində-gücündədir.”

Çox kədərli, qüssəli idi. Üzünü tük basmışdı, əynində ağ köynək, əlində əsa, ayaqyalın, nəhəng palıd ağacını dövrə vururdu… Zəif bir səslə “bu ağacdan nəfəs alıram, mənimlə adam kimi danışır, bu, olmasa, günüm-güzəranım lap pis keçər”– deyə söylədi: “Bilirsənmi Eldar, Naxçıvanda bir Batabat vardı, yolum düşəndə ata yurda ora dəyməmiş geri dönməzdim… Bax eynən bu palıd ağacından biri orada idi, altında da bir bulaq qaynayırdı… Buz kimi suyu vardı… Gedib tökülürdü Batabat gölünə. Burdakı palıd ağacının bulağı yoxdu. O suyu ürəyim elə istəyir ki… Susuzluqdan əziyyət çəkirəm. Batabatdakı həmin bulaqdan mənə su göndərin…”

Fərəməz müəllim bu sözləri deyib birdən yox oldu…

Elə həmin anda da yuxudan oyandım. Bir az özümə gələndən sonra qələmə sarıldım. Mənə görə, taleyin ən qara rəngi unudulmaq dərdidir. Elə ağır dərddir ki, insanı o dünyada da göyüm-göyüm göynədir, ruhuna rahatlıq vermir. Axı həyat niyə belə olur? Niyə sağlığında az qala əfsanələşdirdiyimiz şəxsiyyətlər bu dünya ilə vidalaşdıqdan sonra, sanki bir bucağa atılırmış kimi yaddan çıxırlar?

Əlbəttə, bu, hamıya aid deyildir. Ancaq elə insanlarımız da var ki, onları unutmaq tariximizin bir səhifəsinin, özü də parlaq səhifəsinin üzərindən xətt çəkməyə bərabərdir. Belə düşünürəm. Ola bilsin, bir az artıq, bir az sərt ifadə etdim, amma əslində düzünü söylədim.

Fərəməz Maqsudov yaxın tariximizin, sözün həqiqi mənasında, gözdən-könüldən iraqda yaşayan birisi deyildi, axı. İndi baxıram zəmanənin sərt küləklərinə, danışmağa sözüm qalmır. Əgər sağlığında bilsəydi ki, onu yada salan olmayacaq, elə ordaca ürəyi dayanardı. İnanırdı ki, bu fani dünyadan köçəndən sonra ocağının işığını yandıracaq bir oğul balası olmasa da dostları, əqidə yoldaşları onu hərdən xatırlayacaq və yada salacaqlar.

Fərəməz müəllimin ürəyi pambıq kimi idi… Bir də görürdün ki, onu razı salmayacaq bir hadisə tövrünü tamam dəyişdi… o zaman əlləri ilə dizlərinə vurar, rəngi payız yarpaqları kimi saralıb-solardı. Bu zaman dərdləşməyə adam axtarırdı. “Cavid parkı” ilə üzbəüz yerləşən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahından məni bayıra çıxarar və daş plitələrin üstündə oturub, dağı arana, aranı dağa aparıb-gətirərdik. Söhbətin şirin yerində təzədən əsib-coşurdu və üzünü mənə tutaraq, “bəs sən bayaqkı məsələni necə görürsən?”- deyə gözlərini gözümdən çəkmirdi. “Belə baxma, Sabiroğlu, hələ qocalmamışam…”,- deyərdi. “Cavanlığınızı, görünür, əla keçirmisiniz, Fərəməz müəllim…” sözləri ağzımdan çıxar-çıxmaz, “saxla ozünə, bəyəm indi qocalmışam? Hələ gücüm yetərincədir…”– deyib ürəkdən gülərdi.

Bunlar Fərəməz müəllimin yaddaşımdan pozulmayan xatirələrindən biridir…

Kədərlə sevinc sanki onun sifətində qoşa qanad kimi bir-birinə sarılmışdı. Bir də görürdün ki, gözləri gülən bu adamın sifətinə dərin bir kədər çökdü. Bu zaman Fərəməz müəllim şeir söyləyər və yorulana qədər bizləri də bu poeziya çələnginin ağuşunda xəyallara aparardı. Dəqiq elmlərin mahir bilicisi olsa da, poeziyani da çox gözəl bilirdi. Yaddaşı elə iti idi ki, şeiri 1-2 dəfə oxuduqdan sonra əzbər deyirdi. O, sadə insanların dostu idi. Onlarla söhbət etməkdən qəti doymazdı. Keçmiş xatirələrdən ayrıla bilmirdi. Səhərə qədər danışsaydı, bu böyük ürək sahibi heç doymazdı. Azərbaycanın bütün guşələrini, elini-obasını sevərdi. Amma doğulub boya-başa çatdığı Naxçıvanın adı gələndə, elə bil, ona dünyanın ən böyük mükafatını ərməğan edirdin. Çox sevirdi o torpağı, onunla nəfəs alırdı…

Fərəməz müəllim adi adam deyildi. O, Azərbaycan elminə, xüsusilə dəqiq elmlərə böyük töhfələr vermiş görkəmli alim idi. Vətənin dar günündə qıraqda dayanmırdı, yüksək məziyyətlərə sahib bir ziyalı kimi həmişə hadisələrin mərkəzində olurdu.

Onun tərcümeyi-halını danışmağa, mənə belə gəlir ki, ehtiyac yoxdur. Azərbaycanda bunu hər kəs bilir. Ancaq adamı pərişan edən budur ki, Milli Elmlər Akademiyasının prezidenti, Ulu Öndər Heydər Əliyevin sadiq silahdaşı kimi mübarizə meydanlarından geri çəkilməyən bu şəxs haqqında nə televiziyalarımız, nə də mətbuatımız bir kəlmə danışmır, onun irsi barədə söhbət açmır. Bəlkə sahibsizdir, ona görə?!..

Halbuki Fərəməz Maqsudovun yarısı qədər olmayan adamlar barədə həftədə, ayda bir neçə verilişlər gedir, aparıb göyün yeddi qatına qaldırırlar. Yaxşı, bu biganəliyi başa düşdük. Bəs hardadır yetişdirdiyi alimlər, üzərində zəhmət çəkdiyi insanlar, əqidə dostları?! Bəlkə birdəfəlik yaddaşlardan, xatirələrdən silinib Fərəməz müəllim?! Yəqin yuxuda “suya təşnəyəm” deyərkən… rəhmətlik dostların “susuzluğundan” şikayət edirmiş.

Yada salın bu “kimsəsiz”, lakin böyük insanı! Axı o, unudulası şəxsiyyət deyildi. Allah heç kimi oğulsuz, övladsız, əqrəbasız eləməsin…

Sonda Fərəməz müəllimin özü və ailə faciəsi haqda qısaca danışmaq istərdim:

YAP-ın qurucularından olan professor Əli Əlirzayev Moskva xəstəxanalarının birində xərçəngdən müalicə alan Fərəməz Maqsudovu yoluxmağa gedərkən gördüyü dəhşətli mənzərəni mənə danışdıqca, gözləri dolurdu. Üzünü tük basmış, danışmağa heyi qalmayan Fərəməz müəllim çarpayıda son günlərini sayırdı. Əli müəllim deyir: “Yaxınlaşıb əllərindən öpdüm, heç bilmədi… bu zaman məni hönkürtü, ağlamaq tutdu. Fərəməz müəllim sanki öz dunyasına qapılıb taleyi barədə düşünürdü. Qışqırdım ki, “Fərəməz müəllim, mənəm Əlidir… Əli… Əlirzayev”…”

Əli müəllim uşaqların harada olduğunu soruşanda… Fərəməz müəllim gözlərini açıb xeyli ona baxıbmış. Sonra hər gözündən bir damla yaş gələ-gələ “Bilmirəm Əli, hara gediblər. Bəlkə məni tək qoyub Belarusiyaya – qohumlarına dəyməyə gediblər…” – deyib. 

Məlum olur ki, doğrudan da belə olub; həyat yoldaşı və qızı onu tənha atıb, qohumları yoluxmağa gedibmişlər…

Ay dünya, dünya… nə vəfasızmışsan! Bir həftə sonra Fərəməz Maqsudov gözlərini əbədi yumur. Bundan bir neçə ay sonra qana susamış vəhşi cinayətkarlar evə daxil olaraq, Fərəməz müəllimin həyat yoldaşının və qızının başını kəsirlər. Bax beləcə bir evdə, bir ocaqda həyat həmişəlik sönür…

Uyuduğu fəxri xiyabanda da onun məzarı sanki tənhadır. Hansı qəbirə baxırsan, silinib-təmizlənib, üzərində də dəstə-dəstə gül… Fərəməz müəllimin qəbir daşını isə toz basıb. Sanki o burada da tənhalığı ilə seçilir…

Nə isə, urək doludur, istərdim bu kədərli düşüncələrdən sonra Fərəməz müəllim haqda 2 şirin xatirə söyləyim:

Günlərin birində o, YAP-ın qərargahından çıxıb evinə gedirdi. Pilləkənlərdən enərkən ayaqları burxulub yıxılmışdı. Ayaq sümükləri sınan ustadımız aydan çox yataqda qalmalı oldu. Ona baş çəkməyə getmişdim. Söhbətimizin şirin yerində qapının zəngi çalındı. Rəhmətlik Məzdək Hüseynovla Əli Əlirzayevi görcək, keyfi lap qalxdı. Məzdəklə Əli “dədə”lərinə sarılıb elə möhkəm öpüşdülər ki, sanki illərdir bir-birilərini görməmişlər. Onlar Fərəməz müəllimə “dədə” deyə müraciət edərdilər, o da bundan çox xoşhallanardı. Söz-sözü çəkdi, sonda yenə rəhmətlik gəlib yıxılmasından danışdı. Məzdəkdən soruşdu ki, “ayağım sürüşdü, yıxıldım, deyəsən, pilləkənlərə yağ sürtmüşdülər… Bu, qəsd olmaz?” Məzdəklə Əli güldülər. Üzünü mənə tutub, dilləndi: “Sən nə düşünürsən, Sabiroğlu?” Dedim ki, “hörmətli akademik, təzədən keçdi, gərək vaxtında polisə, ya da prokurorluğa müraciət edərdiniz. İndi “hadisə yeri”ndə heç bir iz qalmaz, silib süpürərlər…”

Gözləri dörd oldu. Mənim ciddi görkəmim onu daha da bu zarafata inandırmışdı. Yataqda dirsəklənib, oturdu. “Görürsən, Məzdək, ordakılardan məni ən çox istəyən Sabiroğludur”,- deyə gileylənib, əlini hökumət telefonuna ataraq, Daxili İşlər nazirinə zəng etmək istədi. Və məndən soruşdu ki, “sən o “cinayətkar”ların istintaq zamanı üzünə dura bilərsənmi? Basdırım, birdəfəlik getsinlər!” Bundan sonra özümü saxlaya bilmədim, möhkəm güldüm, dostlar da mənə qoşuldu. Onlar bunun zarafat olduğunu bilirdilər. Başını yastığa qoyan Fərəməz müəllim yavaşca səslə dedi: “Məzdək, elə Sabiroğlu da, o birisilər də hamısı bir bezin qırağıdırlar.”

İkinci əhvalat isə belə olmuşdu: 1998-ci ilin prezident seçkiləri idi. Fərəməz Maqsudov YAP-ın Mərkəzi Seçki Qərargahının sədri idi. Seçki ilə əlaqədar olaraq beynəlxalq təşkilatlardan tez-tez qonaqlarımız olurdu. Rəhmətlik bir dəfə də bir görüşdən əvvəl yaxşı bazarlıq edib, arxa otağa qoydurmuşdu. Görüşə təxminən saat yarım var idi, Fərəməz müəllim harasa çıxıb getmişdi, qapı da açıq idi. Mübariz Qurbanlı ilə birlikdə daxil olduq içəri. Yediyimizi yedik, bir az da mer-meyvədən götürüb, uşaqlara payladıq. Bazarlığın yarısının axırına çıxdıq. Otaqda oturmuşdum, daxili telefon zəng çaldı. Dəstəyi gotürdüm ki, Fərəməz müəllimdir. Dedi ki, “Sabiroğlu, görüş üçün bazarlıq eləmişdim, indi yoxdur, bilmirsən bunlar necə olub?”

 Cavab verdim ki, xəbərim yoxdur:

– Siz gedəndən sonra otağınıza Mubariz Qurbanlının girdiyini gördüm… – dedim.

– Denən ki, elə bazarlığın axırına çıxan odu ki!!! – deyib əsəbiləşdi.

Həmən dəqiqələrdə də Mübariz harasa iş dalınca getmişdi. Kabinetləri bir-bir gəzib onu axtarırdı. Qışqıra-qışqıra deyirdi: “Tez olun onu tapın!!! Bu dəqiqə onun əmrini verib, işdən azad edəcəyəm!!! Ya da meyvələrin pulunu gətirsin!!!”

Bax, beləydi Fərəməz müəllim. Ciddi söbətlərində də, zarafatlarında da səmimi!

… Allah Sizə rəhmət eləsin!

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button