Eldar Sabiroğlu ordudan yazdı: “Rusiyanın müdaxiləsi olmazsa…”

Xeyli vaxt idi yazıb-pozmurdum və qərara almışdım ki, nadir hallarda, yazılması zəruri tələb kimi qarşımda dayananda fikirlərimi mətbuat vasitəsi ilə bölüşüm. Amma olmadı. Qarşıya bəzən elə məsələlər çıxır ki, onun barəsində danışmamaq mümkün deyil. Bir də sözün sifətinə elə tərs şapalaq vurublar ki, ələ qələm almağa adamda həvəs də qalmayıb. Yəqin təsəvvür edərsiniz ki, 42 il jurnalist peşəsi ilə məşğul olan birisi üçün bu hal nə qədər çətin və dözülməzdir. İstəmirəm çox uzadam. Silahlı Qüvvələrimizin 100 illiyi ilə bağlı söylənilən fikirlərin, qiymətləndirmələrin mətbuatda işıqlandırılmasının çox müsbət hal olduğunu qeyd edir və bu fikirləri söyləyən şəxslərin hamısına öz təşəkkürlərimi bildirirəm. Həqiqətən, ordumuzla fəxr etmək, onun keçdiyi yolu ürək dolusu dilə gətirmək hər kəs üçün bir mənəvi ucalıqdır.

Ancaq ağını da çıxarmaq olmaz. İnanın ki, yüngül sözlərlə mətbuat səhifələrində görünmək ictimai rəydə ikrah hissi doğurur. Silahlı Qüvvələrimizin gücünə, döyüş qabiliyyətinə Ağacan Abiyevdən fərqli olaraq daha yaxından bələdəm. 7 il bu möhtəşəm orduda keçirdiyim xidmət illəri həyatımın ən parlaq hissəsi kimi yaddaşımdan silinməyəcəkdir. Rusiyanın müdaxiləsi olmazsa, Azərbaycan ordusu uzağı bir ayın içində düşməni şil-küt etməyə qadirdir. Mübağiləsiz belədir. İmperializmin fitnə-fəsadı bu gün də yürüməkdədir.

Torpağımızın işğalı erməninin şücaiətinə dayanmır. Nə isə… Allah sənə insaf versin Ağacan Abiyev. Silahlı Qüvvələrimizi, vətəni, torpağı, yeri gəlmişkən qoy burasını da deyim dövlət başçısını cani-dildən sevən adam üçün bu cür bayağı təriflərin dilə gətirilməsi böyük qəbahətdir. Üstəgəl, dövlət adamı üçün belə yüngül ifadələr ümumiyyətlə bağışlanılmazdır. Adam deyir ki, Azərbaycan ordusu və silahları ABŞ-dan da güclüdur – təxminən bu cür. Ordunu belə utancverici sözlərlə təbliğ etmək yalnız gülüş doğura bilər. Hərçənd millətin vəkilinin mənim bu iradımı düşmən mövqeyi kimi dəyərləndirəcəyinə əminəm. Onlar öyrəşiblər. Tənqidi yaxın buraxmırlar. Deyəni də top-tüfənglə qarşılayırlar. Ağacan müəllimin məlum müqayisəsini prezident belə oxuyarsa, o da gülər. Boks professorunun hər seyə RİNK təsəvürrü ilə yanasmasına təəccüblənmirəm… Adamın baqajı bura qədərmiş.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button