Eldar Sabiroğlu yazır: “Hamımız “Heydər körpüsü”nün üstündə dayanmışıq”

Eldar Sabiroğlu
Keçmiş millət vəkili

 

Camaatın işi-peşəsi qurtaranda başlayır onun-bunun pulunu hesablamağa. Mən bu cür həngamə söhbətlərdən qaçıram. Qoşulsam da nadir hallarda olur. Məsələn, iki gün öncə yenə gəlib düşdüm bu cür söhbətin içinə: deyirlər ki, filankəsin 28 milyard dolları var. Azərbaycanın yarısı onun olsa da, bu oliqarxın bu qədər varidat sahibi olduğu inandırıcı deyil. Ancaq çox ciddi ittihamdır. Hüquq orqanları isə deyəsən, araşdırma-filana həvəsli görünmür. Bu üzdən də əhali arasında müxtəlif söz-söhbətlər gəzir.
28 milyardın “sahibini” müdafiə etməkdən çox-çox uzağam. Lakin korrupsiya və rüşvətxorluğa qarşı savaş verən strukturlar cinayət təqibini realizə etməli olan orqanların xalqın narahatlığına səbəb olan bu kimi hadisələrə laqeyd yanaşmasını başa düşmək çətindir. Və ya yepyeni bir fakt üzərinə keçək. Elman Rüstəmov Milli Bankın təzə binasının tikintisinə tezliklə başlayacaqlarını bəyan edərkən xalqın bu məsələyə mənfi münasibətdə olduğunu heç ağlının ucundan keçirdimi?! Ya da DTX, Baş Prokurorluq bir kəlmə ilə ondan soruşmadı ki, bu nə sərsəmlikdi dilə gətirirsən?! 218 milyon yevronu bizim manata çevirəndə 450 milyona yaxın vəsait edir. Sonra da insanların gözünün içinəcə deyir ki, tikinti öz vəsaitimiz hasabına aparılacaq. Qeyd edilən orqanlar bu qədər məbləğin onun şəxsi hesabına necə yığıldığını soruşa bilərdimi? Əlbəttə ki, bilərdilər. Axı haradandı bu pullar onda? Elman Rüstəmovdan milyonların mənbəyini öyrənmək DTX-nın əlində bir qurtumluq su içmək kimi bir şeydir. Yenə gec deyil… Yoxsa yerə səpilmişdi bu milyonlar, torbasına yığıb doldurmaq “milli bankir”imizə qismət olmuşdur…
Nə isə. Bu günlərdə dərin dostluğum olmayan biri ilə təsadüfən çayxanada görüşdüm. Bəri başdan deyim ki, çayı burnumdan gətirdi. Zalım oğlu başladı ölkənin hüquq-mühafizə orqanlarını qamçılamağa. Bu sahədəki nöqsanlar mənə də bəllidir. Amma “dostum” acığını elə tökürdü ki, sanki buradakılar erməni kimi bir şeydilər: irad tuturdu ki, nə üçün susuruq? “Ziyalı” olaraq özünün tarixə yadigar qoyulacaq hansısa tənqidi fikrini soruşduqda nə cavab versə yaxşıdır – “mən elm adamıyam, sizlər isə siyasətlə məşğul olursunuz”. Əcəb müqayisə! Yarım saat dayanmadan qabırğama döşədikdən sonra yekə bir sualı qarşıma itələdi: “Bir ölkənin ki, DTX kimi ciddi bir təşkilatının rəhbəri gedib Xankəndində ermənilərlə görüşür, söhbət aparır, nəyə görə cınqırınızı içinizə çəkib dayanırsız, daha bundan sonra hansı qələbədən danışmaq olar?” Bilmirəm, belə danışıqlar olub, ya yox? Olubsa da burada bir qəbahət görmürəm. Müharibələrin tarixindən onlarca misal gətirə bilərəm ki, atəşin səhərəsi müharibə aparan tərəflər stol arxasında oturub sonrakı prosesləri müzakirə ediblər. Özünü yüksək bilik sahibi və milli fədai kimi gözə soxan bir elmlər doktorunun sayıqlamasını eşitməmək üçün papağımı götürüb çayxananı tərk etdim.
Əli Nağıyevin əleyhinə danışa bilməyəcəyəm. Danışası olaramsa, nə baş verər?! Əlbəttə ki, heç bir şey. Olsa-olsa əvvəlki münasibətləri öz əlimlə qara daşa çevirib dərin bir quyunun içinə tullaya bilərəm ki, bunun da nə Əli Nağıyevə, nə mənə bir xeyri olar… Digər yandan, bu elmlər doktorunun bir şəxsiyyət olaraq Əli Nağıyevlə müqayisəsi üçün mənə bircə detal da məlum deyildi. Odur ki, cəfəng iddialara qulaq asmaqdansa, nəvələrimi Gənclik parkında gəzdirmək mənə daha xoş idi… Yeri düşmüşkən, Əli Nağıyevdən də qorxacaq heç bir işin və ya elementin daşıyıcısı deyiləm ki, nədənsə ehtiyatlanım. Sadəcə vəzifəsi var deyibən vəzifə sahiblərini acılamağı sevmirəm. Xüsusilə də onların arasında hörmət bəslədiyim adamları haqsız tənqid atəşinə tutarkən dözümsüzlük edirəm. O cümlədən də Əli Nağıyevə qarşı son günlər başlanan hücumları anlamıram. Qayıdıb deməzmi ki, sənə hansı pisliyim keçib ki, indi arxamca danışırsan. Ona hörmətimin səbəbləri əsasən buna bağlıdır. Birincisi, Qərbi Azərbaycanın çox görkəmli zıyalılarından olan, məsləhət və tövsiyələrinə həmişə ehtiyac duyduğum, uzun illər atamın və mənim yaxın dostum olduğuna görə bu gün də böyük fərəh və iftixar hissi ilə andığım rəhmətlik Həsən Mirzəyevin bacısı oğludur. İkincisi, özündən bir pislik görmədim. Üçüncüsü, peşəkar çekistdir, dördüncüsü, dövlətə sadiqdir. Nəhayət, sonuncusu, bizləri bir-birimizə bağlayan bir körpü vardır: indi Əli müəllimlə əlaqəmiz olmasa da, hər ikimiz bu gün də böyüdüyümüz o körpünün üzərində dayanmışıq – bu, HEYDƏR KÖRPÜSÜDÜR! İndi durum necə bu körpü dostuma, əqidə adamına ləkə atım və eşidənlər də desinlər ki, əhsən sənə Eldar Sabiroğlu, nə qorxmaz adamsan. Mənə belə tərif lazım deyil.
DTX rəsinin pulunu-parasını da hesablamaq fikrim yoxdur. Çexiyada nəyi varsa, onların hesabını da aparmaq fikrim yoxdur. Birinin, ikisinin, lap üçünün olması mümkündür. Daha üstünə qoyub Çexiyanı tamam aldığını iddia edənlərlə də razılaşmıram. Bu sizin sualınızın cavabı, müəllim!
Amma sualı mənə nə üçün yönəltdiyinizi başa düşmədim…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button