Əliyev 60 konqresmeninin müraciətindən danışdı: “Müəllifi ABŞ Dövlət katibidir”
Yayımlandı: 4 Oktyabr 2024 17:00
Azərbaycan Prezidenti ABŞ-ni nankorluqda qınayıb
Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Konqresinin 60 konqresmeninin Dövlət Departamentinə müraciətinə reaksiya verib.
Əliyev bu barədə oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı sakinlərlə görüşündə danışıb.
O, bu çağırışı Azərbaycana qarşı düşmənçilik adlandırıb:
“Səhər mən o müraciəti vərəqlədim, çirkin bir müraciətdir, bizim iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir, bizə qarşı olan düşmənçilik siyasəti dayanmır”.
Oktyabrın 3-də ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edib.
Onlar ABŞ-ni gələn ay Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırıblar.
Bildirilir ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.
Prezident müraciətin ünvanını təxmin etdiyini vurğulayıb.
O, müraciətə görə ABŞ Dövlət katibi Entoni Blinkeni ittiham edib:
“O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək, bizi ittiham etmək üçün”.
Müraciətin səbəblərinə toxunan dövlət başçısı ABŞ-ni Əfqanıstanda işğalçılıq fəaliyyətinə görə suçlayıb:
“Çünki onların Əfqanıstandakı işğalçılıq fəaliyyəti başlamışdı, işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən qaldırılırdı. Onlar ki Əfqanıstandan qaçdılar, – özü də bütün dünyanın gözü qarşısında, – bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi. Bu nankorluğun dərəcəsi var, yoxsa yox?!”.
O, Qərbin ünvanına tənqidlərini davam etdirərək deyib:
“Yəni necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər. Bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər?”.
“Ermənistan təhlükəli oyunlara qoşulub, İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmasın. Antiterror əməliyyatı onların yadından çıxmasın”, – deyə Əliyev qeyd edib.