Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul edib

Prezident İlham Əliyev iyunun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayeni qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, O’Brayen Birləşmiş Ştatların regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişafı məsələlərinin vacibliyini qeyd edib. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Çin-Qazaxıstan sərhədindən başlayan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçərək Avropaya qədər uzanır.

Hələ ötən il noyabrın 15-də O’Brayenin ABŞ Konqresində dinləmələrdə çıxışı Azərbaycanda narazılığa səbəb olmuşdu. O həmin vaxt demişdi ki, Bakı və Yerevan arasında sülh sənədi imzalanadək Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə onun dediklərini birtərəfli və qərəzli sayıb.

Daha sonra Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə Birləşmiş Ştatlara qarşı məqalələr dərc olunub. ABŞ səfirliyi noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salmışdı. Lakin sonradan münasibətlərin düzəlməsinə aid bəyanatlar səsləndi. Dekabrda isə O’Brayen özü Azərbaycana səfər etmişdi.

Ötən əsrin 80-ci illərindən qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə hərbi toqquşmalara səbəb olmuşdu. Son illər iki ölkə arasında həm Vaşinqtonun dəstəklədiyi Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma, hələlik, tərəflər sülh sazişi imzalamayb. Son bir ildə isə tərəflər öz aralarında sərhədin müəyyən edilməsi ilə bağlı görüşlər keçirirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button