Elman Rüstəmov çətin durumda

Mərkəzi Bank bir kommersiya bankına qarşı

Dünən redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Sosial Müdafiə Fondunun (DSMF), “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) və “Kapital Bank” ASC-nin nümayəndələrinin birgə iştirakı ilə pensiya və sosial müavinətlərin əhaliyə çatdırılması üzrə göstərilən bank xidmətlərinin keyfiyyətinin yaxşılaşdırması və mövcud problemlərin müzakirəsi üçün ənənəvi olaraq təşkil edilən növbəti görüş keçirilib. “Qafqazinfo”nun məlumatına görə, görüşdə bildirilib ki, hal-hazırda ölkədə pensiya və sosial müavinətlərin paylanılması DSMF tərəfindən seçilmiş iki müvəkkil bank tərəfindən həyata keçirilir.

Hər iki müvəkkil bankın nümayəndələri ötən dövrlərdə pensiya və sosial müavinətlərin paylanılmasında çatışmazlıqların aradan qaldırılması və həmçinin bankomatların nağd pulla daha operativ təmin edilməsinin təşkili məqsədilə Mərkəzi Bankın dəstəyi ilə ölkə üzrə ayrı-ayrı ərazilərdə xəzinə qovşaqlarının yaradıldığını bildiriblər. Eyni zamanda bankomatlarda dayanıqlı rabitənin təmin edilməsi məqsədilə stasionar rabitə kanalları tədricən GSM rabitə kanalları ilə əvəz edilir ki, bunun da nəticəsində yeni bankomatların quraşdırılması (xüsusən ucqar yerlərdə) imkanı yaranıb.

«Qafqazinfo» saytı məlumat verir ki, bir qədər əvvəl bununla bağlı olaraq geniş araşdırma yazısı yayımlayıb. Və əslində yaranmış problem kifayət qədər ciddidir.  

Saytın arayışında bildirilir ki, bu gün (dünən red.) Mərkəzi Bankın rəsmən açıqladığı məlumatdan da aşkar görünür ki, ictimai müzakirəyə çıxarıdığımız problem əslində ən yüksək dairələrdə çözülməkdədir. Lakin MB-dən verilən rəsmi məlumat heç də yetərli səviyyədə deyil. Ötən yazımızda da qeyd etmişdik ki, əslində bankomatlarda nəğd pul kütləsinin qıtlığı, pensiya və müavinətlərin verilməsində gecikmə hər günə görə, müvəkkil banklara əlavə pul qazandırır. Eyni zamanda pensiyaların verilməsi zamanı bankomatların azlığı və əsasən iki bankın bu işi həyata keçirməsi inhisarçılıq elementlərindən xəbər verir.

Artıq bu məsələ dövlətin ən yüksək dairələrində müzakirə edilməkdədir. Böyük ehtimalla ən qısa zamanda, DSMF yenidən tender elan edəcək və əlavə olaraq ən azından Bakı və Sumqayıtda pensiyaların verilməsi üçün müvəkkil banklar seçəcək. Amma bununla belə də yenə problem tam olaraq çözülmür. Bu günə qədər təşkilatçı Mərkəzi Bank, sifarişçi DSMF və icraçı olaraq müvəkkil banklar aralarında bağladıqları sazişlərin müddəalarını pozublar.

Pensiya və müavinətlərin gecikəcəyi təqdirdə, bankomatlarda nəğd pul kütləsinin olmayacağı təqdirdə, müvəkkil bank və ya banklar dövlət adına sifarişçiyə məlumat verməli idilər. Müvafiq müqavilə şərtlərinə görə isə sazişin icra bəndlərini pozan müvəkkil banklar Kapitalbank və Azərbaycan Beynəlxalq Bankı təzminat xarakterli hərəkətlər etməli olacaqlar.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button