Elmar Hüseynovun atası özünə məzar hazırlatdırıb

elmarla atasıMərhum jurnalistin atası ikinci Fəxri Xiyabandakı oğlunun məzarının yanında özünə baş daşı da qoydurub…

Ötən həftə məlumat aldıq ki, «Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun atası Sabir Hüseynov ikinci Fəxri Xiyabanda özünə məzar hazırlatdırıb. E.Hüseynovun məzarının yanında yerləşən məzarın üst mərmər örtüyü və baş daşı da hazırlanıb. Hətta baş daşının üzərində mərhum jurnalistin atası özü haqqında məlumatları da həkk etdirib. Bu xəbərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün ikinci Fəxri Xiyabana yollandıq. Gördüklərimizdən dəhşətə gəldik. Həqiqətən də Elmar Hüseynovun məzarının yanında yeni bir məzar hazırlanmışdı. Məzarın sinə daşı və baş daşı da eynilə Elmar Hüseynovda olduğu kimi – qara mərmərdən düzəldilmişdi. Lakin baş daşının üzərinə ağ örpək çəkilmişdi.

Yaxınlıqda fəaliyyət göstərən məzar daşları istehsalı ilə məşğul olan sexdə işləyənlərdən bu barədə soruşduq. Sexin işçilərindən olan Samir Qasımov adlı fəhlə bizimlə bu barədə danışmağa məmnuniyyətlə hazır olduğunu dedi. «Bir müddət bundan əvvəl bir yaşlı kişi bizə sifariş verdi ki, onun üçün sinədaşı və başdaşı hazırlansın. Əvvəlcə elə bildik ki, bu sifarişçi hansısa dünyasını dəyişmiş bir insan üçün sifariş verir. Amma sonradan bizə başdaşına həkk ediləcək fotonu görəndə təsirləndim. Fotoda sifarişçi olan bu kişinin öz şəkili həkk olunmuşdu. Nəsə demək istədim, istədim deyəm ki, bəlkə bu siafrişi bir qədər təxirə salaq. Amma gördüm ki, çox həyəcanlıdır və gözləri də dolub. Daha üstünü vurmadıq və daşları da hazırladıq» deyə həmsöhbətisiz bildirdi.

Fəhlə deyir ki, bundan sonra onlar başdaşını gətirib Elmar Hüseynovun məzarının yanına yerləşdirəndə bildik ki, bu adam rəhmətlik Elmar Hüseynovun atasıdır.

Marağımıza səbəb oldu, həyatda olan bir insanın ölməzdən öncə özü üçün məzar hazırlatması nə qədər normaldır? Ekspertlər hesab edirlər ki, bir insanın vəfat etməmişdən əvvəl özü üçün məzar yeri götürməsi qadağan deyil. Şəriət qanunlarına görə isə bu məsələdə bir qədər incəliklər mövcuddur. Məzarın xüsusi təmtəraqla, xüsusi yerdə olması isə caiz sayılmır.

Media mütəxəssisləri ilə söhbətimiz isə alınmadı. Müraciət etdiyimiz insanlar bu haqda danışmaq istəmədilər. Onlar Elmar Hüseynovun ruhuna hörmət əlaməti olaraq məsələnin qabardılmasını istəmirlər.

İndi Elmarın baş daşının yanında daha bir ağa bürüncəkli Daş dayanır – bu, onun həyatda olan atasıdır.

Elşad

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button