Elmar Vəliyev kimlərə, nə qədər pul atıb?!
Elmar Vəliyev “Əməkdar mühəndis”ə 4 milyon 600 minlik iş gördürüb, pulunu vermir…
Nizami Həsənov: “Elmar Vəliyev məni olduqca çıxılmaz vəziyyətdə qoyub. Satmağa heç nəyim qalmayıb”
“Əməkdar mühəndis” Nizami Fərman oğlu Həsənov Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdən 4 milyon 600 min manat pulunu ala bilmir. “Kolanı-İnşaat” MMC-nin təsisçisi və direktoru olan Nizami Həsənov deyir ki, ümumilikdə ona olan borc daha çoxdur. Özünün, övladlarının, yaxın qohumlarının mal-mülklərini satıb borcun bir hissəsini ödəyib. Qalan hissəsini isə ödəmək iqtidarında deyil.
Nizami Həsənov şirkətinin tikib başa çatdırdığı obyektləri, parkları sadalayır. Belə aydın olur ki, Yevlax və Gəncədə gözəgəlimli obyektlərin böyük əksəriyyətini onun rəhbərliyi altında şirkəti inşa edib.
“Yeni Müsavat”a üz tutun sahibkar deyir ki, əli hər yerdən üzülüb, ümidi ölkə rəhbərliyinədir: “Uzun müddətdir ki, görülən işlərə görə yaranan borcu Elmar Vəliyev ödəmir. Oğlu Elmir Vəliyevə, qardaşı Şahmar Vəliyevə, Məharət Mustafayevə dəfələrlə zəng edirəm. Telefonlarıma cavab vermirlər. Bu adamlara zəng edirəm cavab vermirlər, az keçir Gəncədəki “Ramada” hoteldə oturan Elmir Vəliyevin köməkçisi Ceyhun zəng edir. Bu azı 50 dəfə təkrarlanıb! 50 dəfə! Deyir ki, bir az gözləyin, verəcəyik. Sonuncu dəfə Ceyhunun yanına getdim, dedim ki, sələm sahibləri boğazıma çöküblər, borc sahibləri qapımdan əl çəkmirlər, mən çıxılmaz vəziyyətdəyəm. 1 həftədir ki, o da telefonlara cavab vermir. “Ramada” hoteldə də deyirlər ki, Ceyhun burada yoxdur”.
“Əməkdar mühəndis” deyir ki, 2004-cü ildə Elmar Vəliyev Yevlaxa icra başçısı təyin olunandan sonra dövlət büdcəsi hesabına tikilən obyektlərin tikintisini onun şirkəti icra etməyə başlayıb: “Yevlaxda görülən işlər yüksək səviyyədə yerinə yetirilib və demək olar ki, hamısının açılışında ölkə rəhbərliyi iştirak edib. 2011-ci ildə Elmar Vəliyev Gəncə İcra Hakimiyyətinə başçı təyin olunandan sonra da Gəncədə görülən işləri də şirkətimə həvalə edirdi. Yevlaxda dövlət sifarişi ilə həyata keçirilən tikintilərin böyük əksəriyyətini şirkətim icra edib. Yevlaxda Kür çayı sahilində 5 ulduzlu, 7 mərtəbəli hoteli bizim şirkət tikib. Yevlax şəhərində Səməd Vurğun parkı, Səməd Vurğun küçəsi, Kür sahili boyunca abadlıq işləri görülüb. Yevlaxda gördüyüm işlər görə 1 milyon 700 min manat alacağım var. Vermirlər!
2011-ci ildən 2016-cı ilə qədər Gəncə şəhərində Qoşa qalanın, Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN xidmət binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Heydər Əliyev parkında Anfi-teatr, Gəncə Dövlət Flarmoniyasının tikintisi başa çatdırmışıq. Gəncə şəhərində görülən işlərə görə 2 milyon 900 min manat borcları var, ödəmirlər. Yevlaxda və Gəncədə görülən işlərin 1 sifarişçisi olub – Elmar Vəliyev”.
“Əməkdar Mühəndis”in sözlərinə görə Heydər Əliyev parkının tikintisinə nəzarəti Elmar Vəliyev Məharət Mustafayevə tapşırıb: “ Ora 40 min kvadratdan artıqdır, respublikada ən böyük parklardan biridir. Orada 24 hovuz, çoxsaylı işıq dirəkləri var. Görülən işlərə Məharət Mustafayev nəzarət edirdi, ona bu işi Elmar Vəliyev tapşırmışdı. Məharət Mustafayev görülən işlərə görə pulu hissə-hissə verirdi. Bizim şirkət orada 2 milyon 600 min dollarlıq iş görüb. Həmin pulun 1 milyon 16 minini Məharət Mustafayev ödədi. Heydər Əliyev parkında görülən işlərə görə bizə 1 milyon 538 min borcları var, vermirlər. Məharət Mustafayevdən pul istəyəndə deyirdi ki, səbrli ol, Elmar Vəliyevlə danışmışam, yaxşı olacaq, verəcəyik. Günü-gündən uzadırdı. Sonra da dedi ki, Yeni Gəncə ərazisində, “Dərə” deyilən ərazinin üst tərəfində hər biri 4 sot olmaqla 150 torpaq sahəsi veririk. Torpaq sahəsinin hər birinə 3 min 500 manat qiymət hesablamaqla verdilər. Həmin torpaqları Heydər Əliyev mərkəzinin tikintisi üçün ayrı-ayrı iş adamlarından nisyə aldığım tikinti materiallarının əvəzi olaraq mağaza sahiblərinə verdim. Borclu olduğum adamların adlarını Məharət Mustafayevə deyirdim, mağaza sahibinə olan borcun dəyərində 20-30 torpaq sahəsi adına rəsmiləşdirilirdi. Gəncənin Nizami rayon İcra Hakimiyyətindən sərəncam, layihə verirdilər. Beləcə bir qism borcları bağladım. Adamlar gedib oradakı torpaqlarda tikinti də aparmışdılar. Göygöl İcra Hakimiyyəti 2016-cı ildə həmin ərazinin Gəncəyə deyil Göygöl rayonuna aid olduğunu bəyan etdi və bütün tikililəri traktorla yerlə bir etdilər. Həmin adamlar, hansılar ki, mərkəzin tikintisi zamanı mənə nisyə mal-material vermişdilər, bu gün məndən borclarını tələb edirlər. Deyirlər torpaq yoxdur, borcu ver. Çox acınacaqlı durumdayam. Tələb edirlər ki, pulumuzu ver. Onlara verilən sərəncamlarda o dövrdə Gəncənin Nizami rayonunun İcra Hakimiyyətinin başçısı olan Məharət Mustafayevin, sonradan isə həmin rayona başçı təyin olunan Nizami Hacıyevin imzaları var.
Məharət Mustafayev
Məharət Mustafayev bilirdi ki, həmin adamlara torpaqlar borc əvəzi verilir. Bu adamlar bilə-bilə ki, torpaq onların deyil, Göygöl rayonuna aiddir, götürüb paylayıblar, üstəlik sərəncam da veriblər. İndi həmin adamlar, hansılar ki, borc əvəzinə gedib o torpaqları almışdılar gecə-gündüz borclarını məndən tələb edirlər. Elmar Vəliyev məni olduqca çıxılmaz vəziyyətdə qoyub. Satmağa heç nəyim qalmayıb. Yevlaxın Kolanı kəndində yaşayıram. Özümün, uşaqlarımın pay torpaqlarına qədər satıb vermişəm. Evimdə nişan üzüyü, gözə gələn qiymətli nə varsa hamısı satılıb. 4 övladımın hər birinin əmlakını satıb borclara, sələmlərin faizlərinə ödəmişəm. 4 milyon 600 min manatdan artıq borc yenə də qalıb. Mən uşaqlarımın, qohumlarımın üzünə baxa bilmirəm. Hamının mal-mülkünü satıb borca, faizə vermişəm. Çox pis durumdayam. Mən böyük inam və etimadla pozulmuş konstitsion, vətəndaş, əmlak hüquqlarımın bərpası xahişi ilə ölkə rəhbərliyinə müraciət edirəm. Yevlax şəhərində 2004-cü ildən, Gəncə şəhərində isə 2011-ci ildən mülki, sənaye və dövlət əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsində bütün səy və bacarığımı sərf edərək bu işlərə öz layiqli töhfəmi vermişəm. Bu obyektlərin hamısının açılışında şəxsən cənab prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva iştirak ediblər. “Kolanı-İnşaat” MMC-nin rəhbəri olaraq əməyim dövlət tərəfindən layiqincə qiymətləndirilib. İlham Əliyevin 11 yanvar 2011-ci il tarixli fərmanı ilə mənə Azərbaycan Respublikasının “Əməkdar Mühəndisi” fəxri adı verilib.
Başçılıq etdiyim kollektiv Yevlax şəhərində Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Heydər Əliyev Sarayı, Heydər Əliyev Müstəqillik parkı, S.Vurğun parkı, Səməd Vurğun küçəsi, Cingiz Mustafayev küçəsi, Yeni Azərbaycan Partiyasının binası, Xalq Teatrı, Şahmat Məktəbi, İnformasiya binasının tikintisi, Kür çayının sahilində bulvar, Hotel binasının tikintisi və bir çox başqa obyektlərin tikintisini başa çatdırıb. Gəncə şəhərində isə Qoşa qalanın, Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN xidmət binası, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev parkı, Heydər Əliyev parkında Anfi-teatr, Gəncə Dövlət Flarmoniyasının tikintisi başa çatdırılıb. Yevlaxda yerinə yetirilmiş tikinti quraşdırma işlərinin dəyərinin xeyli hissəsi – yəni 1 milyon 700 min manatı bu günə qədər sifarişçi – Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən ödənməyib. Gəncə şəhərində isə 2 milyon 900 min manat ödənilməyib. Onu da qeyd edim ki, bütün bu işlər Yevlaxda və Gəncədə sabiq Gəncə icra başçısı Elmar Vəliyevin göstərişi ilə yerinə yetirilib, amma haqqı ödənməyib. Bunun da nəticəsində mən mal göndərən və subpodrat təşkilatları qarşısında öhdəliklərimi yerinə yetirə bilməmişəm. Onlara borcumu öz şəxsi əmlakım və MMC-nin əmlakı hesabına ödəyərək tam müflis olmuşam. Uzun müddət ərzində qazandığım şəxsi və işgüzar nüfuzuma çox böyük zərbə vurulub. Mənə olan borcun ödənilməsi üçün aparılan danışıqlar heç bir nətiçə vermir”.
“Əməkdar Mühəndis” deyir ki, borcun qaytarılması üçün Yevlax İcra Hakimiyyətinin başçısı Qoca Səmədova müraciət edib: “Qoca Səmədov borcu ödəmək əvəzinə məni hədələyir, santaj və təhdid edir. Ona görə də ölkə rəhbərliyinə müraciət edərək Yevlax şəhərində 1 milyon 700 min manat və Gəncə şəhərində 2 milyon 900 min manat borcun ödənməsı uçun lazımi tədbirlər görülməsini xahiş edirəm. Bu gün sələm, borc içindəyəm, uşaqlarımın üzünə baxa bilmirəm. Uşaqlarım, qardaşım uşaqları evlərini satıb borcları verməyə çalışmışıq. Gördüyümüz işlər də ortalıqdadır. Hər bir işi vicdanla yerinə yetirmişik, istəyimiz də bizə yaranan borcların, halal haqqımızın ödənməsidir”.(musavat.com)