Elmar Vəliyevdən şikayətçi olan sakin: “Xocalı günündə Prezidentlə görüşmək üçün elə addımlar atacağam ki…”

Elmar Vəliyevin Gəncədən didərgin saldığı ailə 26 fevral – Xocalı faciəsi günündə keçiriləcək dövlət tədbirində aksiya keçirəcək. Ailə başçısı Qalib Əhmədov deyir ki, prezidentlə görüşüb dərdini demək üçün əllərindən gələni edəcəklər…

 

Gəncəli sakin Qalib Əhmədovu Elmar Vəliyev niyə didərgin salıb?

Bir müddət öncə xural.com azfakt.com-a istinadən Gəncə sakini Qalib Əhmədovun evinin icra hakimiyyəti tərəfindən sökülməsi və qızına Gəncə şəhər icra hakiiyyətinin başçısı Elmar Vəliyev tərəfindən əxlaqsız təkliflər edilməsi ilə bağlı dövlət başçısına müraciət etdiyini yazmışdı. Müraciətdə deyilirdi:

“Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev mənim sadəlövhlüyümdən istifadə edərək, 19 yaşlı qızımı 6 ay icra hakimiyyətində iş düzələtmək adı ilə “girov” saxlayıb, amma heç bir işlə təmin etməyib. Sonradan məlum oldu ki, Elmar Vəliyevin qızımla bağlı çirkin niyyətləri olub. O, qızıma dövlət məmuruna yaraşmayan və burada yaza bilmədiyim təklifləri edib. Bundan sonra qızım bu təklifləri rədd edərək işə getməkdən imtina edib. Bu haqda Sizə və müxtəlif dövlət orqanlarına ünvanladığım ərizə və məktublarda geniş və əhatəli yazmışam”.

Q.Əhmədov müraciətinə davam edərək yazmışdı ki, Elmar Vəliyev onun ailəsi üçün ciddi təhlükədir: “Ona görə də ailəmi qorumaq üçün Gəncədən gəlib Bakıya “sığınmalı” olmuşam. Hazırda qızım ciddi depressiyadadır və qorxuram ki, özünə qəsd edə. Ona görə də ailəmiz ciddi təlaş içindədir. Sizə olunan müraciətlərim cavabsız qaldıqca, nə edəcəyimi bilmirəm. Xahiş edirəm, köməklik göstərin. Əks təqdirdə məcbur qalıb özümü Prezident Administrasiyasının qarşısında yandıracağam”.

 

Elmar Vəliyev cavab verməlidir

qalib

Gəncə sakini Qalib Əhmədov

 

Bundan sonra Elmar Vəliyev “Xural”ı hədəfə götürmüş, biz də öz növbəmizdə Qalib Əhmədovu tapıb danışdıra bilmişdik. Q.Əhmədov Elmar Vəliyevin açıqlamasından çox narahat olduğunu bildirmiş və bunları demişdi: “Mənə evimin sökülməsinin qarşılığında heç bir ev verməyiblər. Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 2015-ci il tarixli 763 nömrəli sərəncamı ilə Gəncə şəhəri Nizami Gəncəvi prospekti, 239 nömrəli ünvanda yerləşən 4-cü girişin 3-cü mərtəbəsində yaşayış sahəsi 74,75 kv.m, ümumi sahəsi 100,0 kv.m olan 4 otaqlı, təmirli mənzil isə hansısa bir zavodun yataqxanasıdır. Şəhərin kənarında yerləşir. Orada qaçqın ailəsi məskunlaşmışdı, məni zorla onun yerinə aparıb yerləşdirdilər. Ev təmirsiz və baxımsız olub. Bayır qapısından başqa heç bir qapısı da yoxdur. Nə təmir olunubsa da özüm öz imkanlarımla etmişəm.

Elmar Vəliyev mənim bir qızımın 1400 manat təhsil haqqının ödənilməsində yardımçı olub. Bu da sonradan məlum olub ki, özünün çirkin niyyətlərini həyata keçirmək üçün olub. Mənim qızıma ona görə yardım edib ki, sonradan əxlaqsız təkliflərini etsin. Elmar Vəliyevin bu iyrənc niyyətlərindən mənim xəbərim olmayıb. Mən bu haqda gündən-günə solan qızımın davranışlarının anası tərəfindən ortaya çıxarılmasından sonra öyrənmişəm. Qızım özündə olmayıb. Özünə dəfələrlə xəsarət yetirməyə cəhd edib.

 

Elmar Vəliyev cəzasız qalırsa, Xocalı faciəsi günü Prezidentin qarşısına çıxacağıq…

İki aydan çoxdur ki, prezidentlə görüşmək və icra başçısının başlarına açdığı oyunlardan onu xəbərdar etmək istəyən Əhmədovlar ailəsinin bütün ümidləri tükənib. Xural.com-u arayan və dərdini danışan Qalib Əhmədovun bütün ümidləri puça çıxıb: “Elmar Vəliyev məni bəzi adamların himayə etdiyini demişdi. Mənə və ailəmə müxtəlif çirkablar atmaq istəmişdi. Mən də ona cavabımda mənim havadarımın prezident İlham Əliyev olduğunu demişdim. Bəli, mənim havadarım Elmar Vəliyevin tanımadığı və saya salmadığı cənab prezident İlham Əliyevdir. Kim mənim kimi haqqı tapdalanmış, Elmar Vəliyevin öz doğma şəhərindən qaçqın saldığı adama himayədarlıq edə bilər ki? Ona görə də mən prezidentə müraciət etdim və ondan cavab gözlədim. Aylar keçdi, mənim müraciətimin prezidentə çatmasına imkan vermədilər. Bakıda və Gəncədə müxtəlif ranqlı məmurlar dərdimi prezident İlham Əliyevə və Mehriban Əliyevə deməyə qoymadılar. Prezident Administrasiyasından Gəncə üzrə kurator Vəfadar Bağırovla dəfələrlə telefonda danışmağımıza baxmayaraq, bir əncam çəkilmədi. Hamı Elmar Vəliyevdən qorxur. Heç kim onun başıma açdığı oyunlara münasibət bildirib bunu prezidentə çatdırmır. Bu adam mənim namusuma sataşıb. Bunun cavabını verən olmayacaqmı? Elmar Vəliyev hər şeyə cavab verir, amma qızım haqqında dediklərimdən yan keçir. Niyə mənim qızımı 6 ay orada girov saxlayıb? Niyə 6 ay işlədib, amma 1 manat belə maaş verməyib? Amma buna baxmayaraq, qızımı otağına çağırıb ona pul təklif edib? Necə olur ki, bütün bunları inkar edir Elmar Vəliyev? Cavab verməlidir…Elmar Vəliyev mənim axırıma çıxmaq üçün əlindən gələni edir, məni doğma şəhərim Gəncədən qaçqın salıb, amma onun tabeçiliyndə olan müavini Rafiq Şəfiyev və başqaları məni satın almağa və guya hüquqlarımı qorumağa çalışır, məni müxtəlif bəhanələrlə Gəncəyə dəvət edirlər. Necə olur bu? Deməli, məni aldadıb Gəncəyə aparmaq və orada istədiklərini etmək, məni şərləmək, ailəmi başsız qoymaq istəyirlər”.

 

Xocalı faciəsi günü – 26 fevralda aksiya edəcəyik

Qalib Əhmədov artıq cana yığıldığını deyir: “Mənim övladlarım artıq 4 aydan çoxdur ki, dərsə getmirlər. Evim-eşiyim tar-mar olunub, dağıdılıb. Ölkədə hamı, bütün çinli məmurlar Elmar Vəliyevdən qorxurlar. Bir İlham Əliyev və Mehriban Əliyevayadır gümanım və ümidim, onlarla da görüşməyə imkan verilmir. Dəfələrlə prezidentə və xanımına məktublar göndərmişəm, çatdırılmır. Əminəm ki, məktublarımı da prezidentə Elmar Vəliyevin oyunları nəticəsində çatdırmırlar. Yoxsa İlham Əliyev və xanımı bizim problemimizi həll edər. Ona görə də ayın 26-da – Xocalı faciəsi günü ailəmi də götürüb aksiya keçirəcəyəm. Ailəmlə birlikdə Xocalı abidəsinə gedəcəyəm və orada prezidentlə görüşmək üçün elə addımlar atacağam ki… Qoy məni öldürsünlər. Onsuz da canımdan bezmişəm.”

Qabil Əhmədov sonda üzünü mətbuata tutdu: “Bütün mediadan, telekanallardan xahiş edirəm ki, məni müdafiə etsinlər. Elmar Vəliyev mənim ailəmə sataşıb, mənim namusuma sataşıb. Mən onun əlindən doğma evimdən, yurdumdan didərgin düşmüşəm. Mənə kömək edin. Bu, hamının başına gələ bilər. Belə harın məmurların hamını mənim vəziyyətimə salmasına imkan verməyin.”

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button