Elmira Məmmədova: “Mənim yetimlərimin pulunu verin!”-VİDEO

    Mütəşəkkil dəstə kimi bank – “Yunayted Kredit Bank”

 

Uzun zamandır bu ölkədə “Yunayted Kredit Bank” adlı bir qurumun insanların başına açdığı dəhşətli bir dram yaşanır. İllərlə min bir zəhmətlə və alın təri ilə pul qazanan insanlar bu fırıldaqçı “Yunayted Kredit Bank”ın girovuna çevriliblər. Qısa xülasə belədir ki, bankın Gəncə şəhər filialı 2011-ci ildən banka pul qoyan insanların – bunların sayı təxminən 15 nəfərdir – qoyduqları pulların hamısını son qəpiyinədək mənimsəyib, həzmi-rabedən keçiriblər. “Yunayted Kredit Bank”ın Gəncə filialının müdiri Nərminə Dərgahzadə, baş mühasibi Bağırlı Ramal Camal oğlu və xəzinədarı Qəniyev Elçin İlqar oğlundan ibarət bir qrup şəxslə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bu insanların 500 min manata qədər pullarını mənimsəyiblər. Dəstənin başında isə “Yunayted Kredit Bank”ın sədr müavini Əliyev Vahid Ağababa oğlu dayanıb.

Elmira Məmmədova və Havva Hüseynova “Yunayted Kredit Bank” işində əsas zərəçəkənlərdən biridir. Elmira xanımın həyat yoldaşı Hüseynov Rəşid Mövsüm oğlu bankın Gəncə filialının əsas müştərilərindən biri olub. İllərlə banka həm Azərbaycan manatı, həm rus rublu, həm də Amerikan dolları şəklində pullar qoyub. Amma gəl gör ki, bu haqda evin və övladların xəbəri olmayıb. Hüseynov Rəşid bütün gücü ilə Rusiyada çalışdığı əməyin nəticəsində qazandığı pulları gətirib Vətəninin bankına yatızdırır. Hamıya beləcə də deyir: “Bura mənim Vətənimdir, ona görə pulumu Azərbaycanın bankına qoyuram. Rusiyada bu pullar istənilən zaman bata bilər, mən gedib kimdən alım? Amma burada elə şey olmaz.” Beləcə, bankın Gəncə filialının rəhbəri Nərminə Dərgahzadə ilə əlaqədə olan Rəşid Hüseynov illərlə pulu ona da göndərir.

Hüseynov Rəşidi kimlər öldürdü?!

Bir neçə dəfə Azərbaycana gələn Rəşid Hüseynov nəhayət, olub-bitənlərdən şübhələnir. Nərminə Dərgahzadəyə hələ xəbərdarlıq da edir və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edir. Müraciətindən sonra onu çağırıb bu işə bir əncam çəkəcəklərini deyirlər. Rəşid Hüseynov işlərini yekunlaşdırmaq üçün yenidən Rusiyanın İvanovo şəhərinə qayıdır. Allahın işinə baxın ki, Rəşid evinə gələcəyi gündən bir gün əvvəl 2015-ci ilin noyabrın 22-də öldürülür. Elmira xanım başından israrla bildirir ki, onun yoldaşını – Hüseynov Rəşidi bu pulların üstündə öldürüblər. Maraqlıdır ki, “Yunayted Kredit Bank”ın sədr müavini Əliyev Vahid Ağababa oğlu da Hüseynov Rəşidi öldürən adanla eyni kənddəndir və onun da soyadı Əliyevdir. Məhkəmə istintaqının gedişində Vahid bu haqda sualları inkar etsə və qatili tanımadığını desə də, ailədə Rəşid Hüseynovun bu adamlar tərəfindən bu pullara görə öldürüldüyü barədə şübhələr var.

Onu da qeyd etmək yerinə düşər ki, hazırda Rusiya Federasiyasının İvanovo şəhərində Hüseynov Rəşidin ölüm işinə dair cinayət işi gedir və bu haqda Elmira Məmmədova və Hüseynov Rəşidin hüquqi varisi olan qızı Həvva Hüseynova Azərbaycan Xarici İşlər Nazirliyinə dəfələrlə yardım üçün müraciət etsələr də, onlara indiyə qədər heç bir köməklik göstərilməyib.

Beləcə, “Yunayted Kredit Bank” adlı kriminal bir rəhbərliyin təşviqi ilə bir qrup cinayətkar insanların halal əməyinin nəticələrini mənimsəyə biliblər. Hələ üstəlik, iddiaya görə, adam öldürərək…

Elmira xanımın harayı, arqumentləri o qədər haqlıdır ki: “Niyə 15 il Rusiyada yaşayan adamı öldürməyiblər, amma pulunu tələb edən kimi öldürüblər?!” “Əllərim fəhlə, ayaqları taksi” olan zəhmətkeş adamların arxasında dövlət durmamalıdır da, kim durmalıdır?!

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi 179 min dolları necə “yedi”?!

Hüseynov Rəşidin mirasını quzğun leşə daraşan kimi talayıblar. Ara Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, ara məhkəmədə, ara bankın Gəncə filialında. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ceyhun Quliyev işi o qədər başından edib ki, adam heyrət etməyə bilmir. Cinayət işinin materiallarında Hüseynov Rəşidin talanan pullarının miqdarı 108 min manat göstərilir. Amma məhkəmə istitaqının gedişatında məlum olur ki, mərhum Hüseynov Rəşidin “Yunayted Kredit Bank”da iki hesabı olub. Bu hesablardan biri Azərbaycan manatı, digəri isə ABŞ dolları ilə olub. Müstəntiq anlaşılmaz halda ümumiyyətlə, ABŞ dolları ilə olan hesabı ittiham aktına daxil etməyib. Bu haqda heç bir araşdırma aparılmayıb. Yalnız məhkəmə prosesində məlum olub ki, Hüseynov Rəşidin həm də “Yunayted Kredit bank”ın Gəncə filialında ABŞ dolları ilə hesabı olub. Bu barədə “Yunayted Kredit bank”ın Gəncə filialının müdiri Nərminə Dərgahzadə də məlumat verib və təsdiq edib ki, həm Azərbaycan manatı, həm də ABŞ dolları ilə hesablar əvvəldən mövcud olub.

O zaman haqlı suallar meydana çıxır. Müstəntiq Ceyhun Quliyev niyə bilərəkdən 179.860 dollar olan hesabı “unudub”? Onu cinayət işinə və insanların taleyinin həll olduğu bu miqyasda hadisəyə belə laqeyd yanaşmağa nə səbəb olub?

Nəzərə almaq lazımdır ki, 179 min dollar da son deyil. Kitabçadan anlaşılmaz şəkildə 50.000 dollara qədər məxariclər edilib ki, bundan nə Hüseynov Rəşidin, nə də onun adamlarının heç bir xəbəri olmayıb. Beləliklə, məlum olur ki, 108 min Azərbaycan manatından başqa, Hüseynov Rəşidin 179 min dolları və əlavə olaraq daha təxminən 50 min dolları olub ki, bu dollarlar haqqında müstəntiq Ceyhun Quliyev bir kəlmə danışmayıb. Nəyin müqabilində görəsən?!

 

Çeçen mafiyasının bankı – “Yunayted Kredit Bank”?!

 

Ceyhun Quliyevin bu qədər özbaşınalığının arxasında bir neçə faktor dayana bilər. O, ya Nərminə Dərgahzadənin və onun havadarlarının “hörmət”inə görə bunları edib, ya da arxasında çeçen mafiyasının dayandığı söylənilən “Yunayted Kredit bank”dan əməlli-başlı qorxub. Bu bankdan hamının – Azərbaycan məhkəmələrinin və istintaq idarələrinin qorxduqlarının məhkəmə prosesində şahidi olunub. Bu haqda bir az sonra…

Hələliksə, Hüseynovun Rəşidin talanan pulları haqqında yazırıq və nə qəribədir ki, bu qədərlə də bitmir. 108 min Azərbaycan manatı ittiham aktına salınır, amma 179 min ABŞ dolları tamam-kamal “unudulur”. Ayrıca, məxaric edilən təxminən 50 min dollar da ortada “itirilir”. Bundan əlavə, Elmira Məmmədova ilə Həvva Hüseynovanın iddialarına görə bütün pullardan əlavə, Hüseynov Rəşid təkcə Nərminə Dərgahzadəyə dəst 44.000 ABŞ dolları göndərib ki, bu pulu Nərminə Dərgahzadə büsbütün mənimsəyib və onun 1 qəpiyini də banka mədaxil etməyib. Nə hikmətdirsə, bu haqda da “şanlı” Korrupsiyaya qarşı Mabarizə Baş İdarəsinin müstəntiqi heç nə etməyib, halbuki zərərçəkənlər dəfələrlə ona bu haqda məlumat verib. Müstəntiq işini Nərminə Dərgahzadə, Vahid Əliyev və onların cinayətkar dəstələrini himayə etməklə bitmiş zənn edib və çeçen mafiyasının qorxusundan cınqırını da çıxara bilməyib. 2-3 dəfə zərərçəkənləri istintaqa çağırıb, onlara hədə-qorxu gəlib, sonra da heç bir sənədlə tanış etmədən işi göndərib Gəncənin Ağır Cinayətlər məhkəməsinə.

 

Hakim-prokuror-mafiya üçbucağı

Gəncə Ağır Cinayətlər Məhkəməsində isə daha gülməli hadisələr baş verib. İlk gündən ədalətsizliyi meyar seçən hakim Sevindik Əzizov və komandası birmənalı olaraq özlərini bankın vəkilləri kimi aparıblar. Heç bir vəsatət qəbul olunmayıb. Məhkəmə ortaya çıxan yeni hallara görə, bir neçə şahid dəvət olunsa da, heç kim məhkəməyə dəvət olunmayıb. Sevindik Əzizov və komandası günü-günə calamaqla və prosesi uzatmaqla məşğul olublar. 7 aydan çox davam edən məhkəmə prosesinin nəticəsində məhkəmə tamamilə mafiyanın – bankın yanında yer alıb və mülki iddianı baxılmamış saxlayıb. Beləliklə, dövlətin məhkəməsi rəsmən zərərçəkənlərin pullarının yeyilməsi və talanması üçün çeçenlərin bankına yaşıl işıq yandırıb.

Əliyev Vahid həbsdə idi zatən. Digərlərini – “Yunayted Kredit Bank”ın Gəncə filialının müdiri Nərminə Dərgahzadə, baş mühasibi Bağırlı Ramal Camal oğlu və xəzinədarı Qəniyev Elçin İlqar oğlunu da azadlığa buraxıblar. Onlar “şərti işlə” canlarını qurtara biliblər. 500 min manat alacağı olan vətəndaşlar isə qalıblar küçələrdə.

Mafiyanın gizli adamı – Azad İsgəndərov kimdir?!

Gəncə filialının müdiri Nərminə Dərgahzadə məhkəmə istintaqında şok açıqlamalar verdi. Amma məhkəmə heyəti və prokuror bunların heç birini hesaba almadı. Nərminə Dərgahzadənin verdiyi ifadə əslində, işin yenilənməsi üçün tam əsas idi. Bundan əlavə, prokuror prokuror olsaydı, bu ifadəyə görə, yenidən cinayət işi, ya da işləri açmalı idi. Nərminə Dərgahzadə bütün tapşırıqları Azad İsgəndərovun verdiyini, onun Vahid Əliyevlə işlədiyini və Vahidin dediyinə sözsüz əməl etməli olduğunu dedi. İstintaqdakı ifadəsindən tam fərqli ifadə verən Nərminə Dərgahzadə bunu onunla izah etdi ki, onu aldadıb və işdən qovacaqları ilə hədələyiblər. Hamısını da bankın İdarə Heyətinin sədri Azad İsgəndərov edib. Azad İsgəndərov da təbii ki, bu işlərin hamısını bankın gerçək sahibi Hüseyn Marıyevin tapşırığı ilə edib. Hüseyn Marıyev isə çeçendir və burada azərbaycanlıların qanları hesabına özünə xaniman yaratmaqla məşğuldur.

Hüseyn Marıyev kimdir?

Hüseyn Marıyev “Yunayted Kredit Bank”ın sahibidir. Çeçen milliyyətindəndir. Onun Azərbaycan qanunlarını saymazlığının nəticəsidir ki, bu qədər insanın halal zəhmətlə qazandığı pullar yeyilib, amma Hüseyn Marıyevin tükü tərpənmir. Azad İsgəndərovun arxasında dayanan da odur. Məhkəmə Azad İsgəndərovu şahid qismində dəvət eləsə də, buna qərar versə də, məhkəmənin çağırışını saya salmayan Azad İsgəndərov məhz Hüseyn Marıyevə arxalanaraq çıxıb xaricə getdi və hakimlər açıqca etiraf etdilər ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Ceyhun Quliyevdə olduğu kimi, Azad İsgəndərov məsələsində də acizdirlər. Məhkəmələrə saya salmayan bu mütəşəkkil dəstə, sadə insanlara pul verərmi?! Təbii ki, yox.

İndi Hüseyn Marıyev “Yunayted Kredit Bank”ı ləğv etdirib, onun əmlakı və inventarı ilə yeni adda bank açmağı planlaşdırır. Özü də hakimiyyəti idarə edən məşhur bir ailənin adından istifadə edərək. Biz bu faktı hələ dəqiqləşdirə bilmədiyimizdəndir ki, hələ bu haqda açıqlama verməyi lüzumsuz bilirik, amma Hüseyn Marıyevin Azərbaycan qanunlarına və zərərçəkən vətəndaşlara zərrə qədər hörmət etmədiyini də bilirik. Əks təqdirdə, pul töküb məhkəmələrdən zərərçəkənlərin əleyhinə qərarlar ala bilməzdi. Hər halda, bu işin peşini nə biz, nə də haqqı yeyilən zərərçəkənlər buraxası deyil.

 

Cinayətkarlar azadlıqda!

Bu qədər özbaşınalıqdan həvəslənən məhkəmə, açıqca zərərçəkənlərin əleyhinə qərar verdi. Aylarla süründürməçilik edən Sevindik Əzizov Hüseynova Həvvanın bir vəsatətini qəbul etməyib. Şahidləri məhkəməyə dəvət etməkdən imtina edib. İttiham aktına salınmayan 179 min dolların araşdırılması üçün verilən vəsatəti görməzdən gəlib, 108 min manatın əslində 54 min manat olduğunu iddia edib və zərərçəkənin pullarını gizlətməyə çalışıb. Heç bir faiz hesablanmayıb, amma illər boyu 11-14 faizdən pullar hesablanmalı idi. Bunun üçün verilən mühasibat ekspertizası haqqında vəsatətə də gözucu baxılıb və hər iclasda “gələn iclas baxarıq” deyə qulaqardına vurulub. Nəticədə də vətəndaşın iddiasını baxılmamış saxlayaraq, “mülki qayda”da məhkəmələrə müraciət etməyi məsləhət görüb. Mülki qaydada bu işə baxılacaqdısa, niyə bu qədər məhkəmə istintaqı aparıldı bəs? O zaman bu Ağır Cinayət Məhkəməsindəki 7 ay niyə itirildi? Nəticədə cinayəti törədənlər – “Yunayted Kredit Bank”ın Gəncə filialının müdiri Nərminə Dərgahzadə, baş mühasibi Bağırlı Ramal Camal oğlu və xəzinədarı Qəniyev Elçin İlqar oğlu əllərini-qollarını sallaya-sallaya azadlıqda qaldılar. Bu ölkənin həbsxanalarında 500 manata, 1000 manata görə ömrünü-gününü çürüdənlər var, indi 500 min manatı yeyənlərə gözünün üstündə qaşın var deyən yoxdur!

Mənim yetimlərimin pullarını verin!

Məmmədova Elmira Gülməmməd qızı haray çəkir. Dünyanı dağıdır. “Mənim yetimlərimin halal pullarını verin!” deyə. Hüseynov Rəşid Mövsüm oğlunu – onun həyat yoldaşını bu pulların üstündə ödürüblər. İndi rəvadırmı onun pulları beləcə yeyilsin və üstündən də su içilsin! Olmamalıdır!

Biz bu məsələnin təqibçisi olacağıq. Və Elmira Məmmədova və onun balaları pullarını alana qədər həm “Yunayted Kredit Bank”la, həm də onun bayırda qalan cinayətkar şəbəkəsi ilə mübarizəyə davam edəcəyik. İşin o biri başında çeçen mafiyası dursa belə!

Buyurun, ElmiraMəmmədovanın harayını dinləyin…

 

“Xural” Araşdırma Mərkəzi

Əlaqəli məqalələr

1 şərh

  1. Mənim insan hüquqlarım,mülki hüququm,konstitusion hüquqlarım pozulub Erməni təcavüzü nəticəsində! 25 ildi ki,mənim bir vətəndaş kimi pozulmuş hüququmu Azərbaycan hökuməti ,dövləti,prezidenti bərpa edə bilməyib! Mənim kimi 1 milyona yaxın Məcburi Köçkün,haqqı tapdanmış var, Elnən gələn bəladı deyib birtəhər dözürəm! Yaxşı bəs, Azərbaycan Respublikası Adından Hökm cıxardan Gəncə Ağır Cinayətlər Məhkəməsinin Hakimi və ASC adlı fırıldaqçı mafiya mənim hüquqlarımı pozursa mən neynəyim?! Dərdimi kimə deyim?! Kımə müraciət edim?! Prezident və müxtəlif insantsiyalara müraciət etməyimə baxmayaraq ASC və keçmiş işçilərinin mənimsədiyi 36 700 dollar pulun 1 qəpiyini belə qaytarmayıblar. Ən dəhşətlisi korrupsiya idarəsində,məhkəmə zalında gördüyüm məmurların gülüşü idi. Cənablar sizi başa düşə bilmirəm ,məgər mən ermənistan bankında saxlamalıydım pulumu?! Yoxsa sizlər kimi xarici banklara qoymalıydım?! Mən vətənimi dövlətimi sevirəm,ölkə iqtisadiyyatına xeyir vermək istəyirəm,ona görə də pulumu Azərbaycan Respublikasında fəaliyyət göstərən banka qoymuşam! Evdə saxlasaydım evimdən oğru aparsaydı başa düşüləndi.Etibar edib banka qoymuşam bankın öz işçiləri tərəfindən bankın içərisində oğurluq,mənimsəmə,talama halı cinayət baş veribsə bunun mənə nə aidiyyəti var?,niyə bankın ziyanını mən çəkməliyəm!?…………………………………………………………………………………………………….. Dərdim böyükdür.Yazmaqla bitməz! Ancaq mənim kimi saf,sadə millətimə bir məqamı da yazmaq istəyirəm! dan ibrət götürsünlər! Maşennik,fırıldaqçı lərərin toruna düşməsinlər! Deməli bu işdə hüquqi yolla haqqımı müdafıə etmək üçün vəkil tutmaq qərarına gəldim.Yunayted kredit bankın baş ofisi Bakıda yerləşdiyinə görə vəkil də Bakıdan olsa yaxşıdır düşüncəsi ilə internetdə,elə bu facebookda araşdırma apardım! Aslan İsmayılov adı, yazdıqları stasuslar cazibəli gəldi.Fikirləşdim daha bu , mənim haqlı işimi yoluna qoyar! hüquqi yolla Bankı məhkəməyə verib pulumun qaytarılmasında köməklik edər! Aslan İsmayılovun hüquq firmasına gedib özü ilə görüşdüm 36 700 dolların geri qaytarılması üçün məbləğin 10% faizini qabaqcadan özü üçün istədi. Dollar 1,05 manata olan dövrdü. 500 manat qabaqcadan verdim, qalanını da pulum qaytarılanda verməyə razılaşdıq.Notariusa gedib 3 illik vəkalətnamə verdim Aslan İsmayılov özü və hüquq firmasında çalışan işçilərinə.Müqavilə imzaladıq 22 sentyabr 2015-ci il tarixli.500 manat pulun ödənişi barədə 462511№ li kassa mədaxil orderinin qəbzini verdilər. Daha sonra Aslan ismayılov mənə dedi ki Bankın idarə heyyətin sədr müavini Vahid Əliyevlə görüşüb .danışıb pulumu qaytaracaqlar səbr edim ! Çox güman ki, bu görüşdə Aslan ismayılov Vahid Əliyevdən də aldı.Çünki Günü bu günə kimi səbr edirəm nə pulum qaytarıldı.Nə də Aslan ismayılov vəkil,hüquqi nümayəndə kimi heç bir hüquqi addım atmadı. Mən dəfələrlə Aslan İsmayılovla Görüşmək istəsəm də müxtəlif bəhanələrlə görüşmədi.İş yerində tapa bilmədim! Telefon zənglərimə də cavab vermirdi. Son dəfə telefonda zəng edib dedim ki, haramın olsun axı 500 manat ödədim sənə heç bir hüquqi addım atmamısan! Son sözü bu oldu ki, 2 dəfə korrupsiya idarəsində işi araşdıran müstəntıqlə danışıb! Mənə dedi ki, Onun hesabı ilə hələ 500 manat da borclu çıxdım Aslan İsmayılova. 8 ay korrupsiyada , 9 ay Gəncə agır cinayətlər məhkəməsində iş getdi. Mən də Zəng etsəm də Telefonlarıma cavab vermədi ! Bacılar, Qardaşlar bu da Aslan İsmayılov adlı ! İnanmayın belə adamlara!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button