Elnur Aslanovun gənclər siyasəti

Əli Həsənovun gücünü yarılayan deputat oğlu, parlamentə iki deputat yerləşdirə bilib – Ceyhun Osmanlı və Rasim Musabəyov…

Ayda 10.000 manat kirayəyə, 50.000 manat elə-belə pul ayırıb, dövlətin gənclər üçün ayırdığı pulları göyə sovururlar…

I yazı

Dünyada baş verən son inqilab olaylarından və bu olaylarda gənclərin önə çıxmasından sonra Azərbaycan hakimiyyəti də gənclərlə bağlı siyasətini aktivləşdirməyə başlayıb. Bir müddət əvvəl bir qrup gənclərin prezidentin görüşməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının qəbul olunması təsadüf sayıla bilməz. Ancaq əlbəttə ki, bu prosesdə də əsas amil kimi obyektivlik deyil, şəxsi münasibətlər əsas götürülür. Bu yazıda sizə ölkənin gənclər sektorunda baş verənlərlə bağlı məlumat verəcəyik.

Hazırda faktiki olaraq Azərbaycanda gənclər sektoruna Prezident Administrasiyanın Analitik Təhlil və İnformasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov rəhbərlik edir. Baxmayaraq ki, gənclər sahəsi sfera etibarilə Əli Həsənovun rəhbərlik etdiyi ictimai-siyasi şöbəyə aiddir, lakin Elnur Aslanov bu sahədə Əli Həsənovu proseslərdən çıxdaş edə bilib. Nəinki gənclər sahəsi, QHT sektoru da hazırda Elnur Aslanovun nəzarəti altındadır. Deputat Azay Quliyevin rəhbərlik etdiyi Prezident yanında QHT-lərə dövlət Dəstəyi Şurasının üzvləri arasında Əli Həsənova yaxın bir nəfərin belə olmaması, əvəzində isə Elnur Aslanovun kadrı olan deputat, “İrəli” İctimai birliyinin sədri Ceyhun Osmanlının şura üzvü olması təsadüfi sayıla bilməz (Xatırladaq ki, yaxınlarda qəzetimizdə gedən başqa bir yazıda Azay Quliyevin Əli Həsənovun nəzarətində olduğu vurğulanmışdı. Amma bu yazıya qədər də etibarlı mənbələr artıq Azay Quliyevin Elnur Aslanovun nəzarətinə keçdiyinə dair məlumatları XuralTAC-ın bilgi bankına göndərmişdilər – Red.).

Elnur Aslanov hazırda özünün gənclər siyasətinin daha çox deputat, “İrəli” İctimai birliyinin sədri Ceyhun Osmanlı vasitəsilə həyata keçirir. “İrəli” üçün “İçəri Şəhər” ərazisində qiyməti 10 min manatdan artıq olan birneçə mərtəbəli dəbdəbəli ofis kirayələnib. Hazırda bu ictimai birlikdə 30-dan artıq şəxs dövlət qurumlarında olduğu kimi maaş alaraq çalışır. Mənbələr qeyd edir ki, Ceyhun Osmanlının rəhbərlik etdiyi “İrəli”nin saxlanılması və layihələrinin icrasına hər ay 50 min manatdan artıq vəsait ayrılır. Bu vəsaitin isə Elnur Aslanovun birbaşa təzyiqi ilə ayrı-ayrı iri şikətlərdən alındığı deyilir.

Hazırda Elnur Aslanovun rəhbərlik etdiyi Analitik Təhlil və İnformasiya Təminatı şöbəsində çalışanların böyük əksəriyyəti “İrəli”çilərdir. Bu sırada “İrəli”nin həmtəsisçilərindən olan Fərhad Məmmədov, Röya Talıbova və Afaq Zeynalovanı misal göstərmək olar.

Elnur Aslanov bir vaxtlar xüsusi aktivliyi ilə seçilən FASE-yə alternativ olaraq xaricdə yaşayan azərbaycanlı tələbələrlə məşğul olmaq üçün ASAİF adlı təşkilat da yaradıb ki, bu quruma Orxan Əkbərov adlı gənc rəhbərlik edir. Bu qurum üçün də ayrıca ofis kirayələnib və ASAİF-in mütəmadi olaraq xaricdəki görüşlərinə külli miqdarda vəsait ayrılır. Bu görüşlərin əksəriyyətində Elnur Aslanovun özü şəxsən iştirak edir.

Elnur Aslanov bütün bunlardan başqa, özünə iri bir media şəbəkəsi də yarada bilib. Rəhman Hacıyevin rəhbərlik etdiyi “1news.az”, Elnur Baimovun rəhbərlik etdiyi “gun.az”, “news.az”, “qaynar.info”, “Yurd TV” kimi media qurumları bu sıraya aid edilir. Bununla yanaşı, hazırda Prezident yanında Strateji Araşdırmalar Mərkəzi də Aslanovun birbaşa nəzarətindədir.

Elnur Aslanov 2010-cu ildə keçirilən parlament seçkilərində özünə yaxın iki nəfəri də deputat seçdirib. Bunlardan biri hamının tanıdığı Ceyhun Osmanlıdırsa, digəri məşhur politoloq Rasim Musabəyovdur.

Elnur Aslanovun qarşıdakı hədəfi 2013-ci il prezident seçkilərində öz kadrlarını prezidentin müdafiəsinə cəlb etmək və bunun əvəzində ölkə başçısının yanında nüfuzunu artırmaqdır.

Ancaq gənclər sektorunda hər şey təkcə Elnur Aslanovla yekunlaşmır. Növbəti yazımızda gənclər sektorunda maraqları toqquşan digər qruplar barədə də yazacağıq.

Bu qruplardan ən böyüyünün başını isə prezidentin qızı Arzu Əliyevanın rəfiqəsinin həyat yoldaşı, deputat Fuad Muradov çəkir. Elnur Aslanov isə Milli Məclisin ən güclü deputatlarından Rəbiyyət Aslanovanın oğludur.

Gənclər qoç döyüşünün ortasına düşüblər. XuralTAC isə artıq bu döyüşün içindədir…

XuralTAC

 

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button