Elnurla ancaq fəxr edərlər, Arzuman!

 Arzuman Məcidlini tanıyırsınızmı? İllərlə Azərbaycanın azadlığı, müstəqilliyi, demokratikliyi yolunda əlindən gələni əsirgəməyən bu sadə azərbaycanlıdan xəbəriniz varmı?

«Yox» deyirsiniz? Bəs, «2 aprelçi» Elnur Məcidlini necə, tanıyırsınızmı?

Arzuman Elnurun atasıdır!

Dünən bunu özünə də dedim. «Oğlunun adıyla tanınmağından fəxr etmirsənmi» soruşdum. Elə qürurlandı ki: «Əlbəttə, fəxr edirəm!»

Mən də onun yerində olsaydım, fəxr edərdim. 21 yaşlı, özünü təzə-təzə tanıyan bir oğulun adıyla tanınmaq hər ataya nəsib olmur, axı!

Qəribə taleyi varmış Elnurun. 1990-cı ilin 19 yanvar gecəsi «40-ı» çıxırmış. Bir ay 10 günlük Elnur həmin gecə səhərə qədər ağlayıb. İndiki «Cavanşir» körpüsündə barrikada qurub rus tankını əliyalın qarşılamağa hazırlaşan atası Arzuman isə qırğınla bağlı ailəyə səhərüzü xəbər verə bilib.

Gözünü müstəqilliyə açan Elnur hakimiyyəti ələ keçirən özümüzünkülərin kimliyini 2005-ci ildə əyani surətdə görüb. Parlament seçkilərindəki saxtakarlığa etiraz olaraq keçirilən məşhur 26 noyabr mitinqində 16 yaşlı Elnur ilk dəfə diktaturanın zopasını dadıb. «Ayaqqabısı çıxıb qalmışdı meydanda. Uşağı elə döymüşdülər ki!» – deyir Arzuman.

Bir ölkənin gələcəyi sayılan yeniyetməyə siyasi rejimin münasibətini görəndə, adamı dəhşət bürüyür: Ali qanunda nəzərdə tutulan hüququndan istifadə edib mitinq keçirmək istəyəndə Elnuru avtobusa mindirib Qobustana aparır və orada buraxırlar; aksiyadan bir gün öncə gəlib evin içindəcə həbs edir və mitinqdən sonra azadlığa buraxırlar və…

Növbəti mitinqdə damlayırlar. Niyə? Nədir bu gəncin günahı? Ona görə ki, qanunda nəzərdə tutulan hüququndan istifadə eləyir? Ona görə ki, sizin talanlarınıza, siyasi repressiyalarınıza qarşı çıxır?

Hakimiyyət 21 yaşlı vətəndaşını türməyə soxmaqlamı öz qüdrətini göstərir? Ya gənclərin gözünü qırmaq üçünmü repressiyalar aparır?

Bu gün tutulanların ən azyaşlısı olan Elnur Məcidliyə də hökm oxuyacaqsınız. İki il yarım dövlət ittihamçısı tələb edib, yəqin ki, 2 il verəcəksiniz. Nə olsun? İki il Elnur Məcidlinin həyatınımı dəyişəcək?

Elnur Məcidli narkoman, içki düşkünü deyil, avara, sərgərdan, tüfeyli həyat da keçirmir. Bir çoxlarınız övladlarınızın Elnur Məcidliyə bənzəməsini yalnız arzulaya bilərsiniz. Çünki o, haramla toplanan pullar hesabına əyyaşlıq etmir, gününü barlarda, restoranlarda xərcləmir, gənclik romantikasının qanadlarında da can vermir.

O, bu millətin azadlığı üçün vuruşan Gələcəkdir! Bu Gələcəyin qarşısını nəylə kəsə bilərsiniz?

Tutun Elnur Məcidlini, atın türməyə, oxuduğu universitetdən xaric edin! Nəyə nail olacaqsınız? Azadlıq istəyən Elnur Məcidlini azadlıqdan məhrum etdiyiniz düşüncəsindəsiniz? Universiteti bitirməməklə ABU diplomlu övladlarınızdanmı savadsız olacaq Elnur?

Yazıqlar olsun! Siz hələ də azadlığın nə olduğunu bilmirsiniz. Elnur Məcidli 2 illik türmə həyatında da azad yaşayacaq, oradan çıxanda isə daha mətin, daha cəsarətli olacaq. Siz hələ də bilmirsiniz ki, Azadlıq – cisimdə deyil, ruhda, düşüncədə, fikirdə, ürəkdədir. Canıyla, qanıyla azad olan insanları həbs etməklə heç nəyə nail olmaq mümkün deyil.

Azadlıq – həyat tərzidir, dindir, imandır, inamdır!

Elnur Məcidli bilir nəyin uğrunda mübarizə apardığını – baxmayaraq ki, 21 yaşı var. Amma sizlər – qos-qoca kişilər Elnuru nə üçün həbs etdiyinizi belə bilmirsiniz. Sizlər ümumiyyətlə, hansı əqidəyə qulluq etdiyinizin fərqində deyilsiniz.

Elnur Məcidli dəmir barmaqlıqlar arxasında da sizlərə meydan oxuyur. Siz bunu bacararsınızmı? Siz bilirsinizmi əqidə, düşüncə nə deməkdir?

Bilməzsiniz, çünki sizin əqidəniz yalnız sifariş yerinə yetirmək və rahat yaşamağı təmin etməkdir. Güman edirsiniz ki, rahat yaşayırsınız? Ümid edirsiniz ki, sığortadasınız?

Hər an hər birinizin cinayətkar, rüşvətxor, korrupsioner kimi həbs olunmaq qorxusu sizləri rahat yaşamağa qoyurmu? Həyatın dadını çıxara bilirsinizmi?

Yoxladın özünüzü! Hamınızdan şəkər, təzyiq xəstəliyi çıxacaq. Çünki ruhunuz narahatdı, gecələr yata, gündüzlər otura bilmirsiniz…

Tutun Elnur Məcidlini, damlayın Azərbaycanın Gələcəyini!

Bacaracaqsınızmı? Son sözündə belə tiranlara meydan oxuyan, hamınızı ifşa edən gəncliyin qarşısında nə vaxta qədər duruş gətirə biləcəksiniz?

Görürsünüzmü ki, bu milləti qısır eləmək olmur! Anlayırsınızmı ki, millətin enerjisi neft, qaz deyil, daşıyıb mənimsəmək olmur!

 Redaksiyadan:

Dünən Anar Mahmudoğlunun adından dərc olunan köşə yazısı əslində, qəzetimizin bir başqa köşə yazarı Nurəddin Xocaya məxsusdur. Əziz və möhtərəm yazarlarımız yazılarına adlarını yazmadıqları üçün belə bir yanlışa yol vermişik. Diqqətli Oxuculardan üzr istəyirik.

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button