Elşad Abdullayev əslində kimdir?

Rauf Arifoğlu: «O, gələcəkdə siyasi sığınacaq almaq üçün məsələni siyasiləşdirməyə çalışır»

 Rövşən Hacıbəyli:  «Təhsil sahəsindəki fırıldaqlarına görə onu bağışlamaq olmaz»

 Habil Vəliyev: «Səmimi deyirəm, mən Azərbaycan Respublikasının onun kimi vətəndaşı olmasını istəməzdim»

 Son zamanlar ölkə mətbuatında ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin hakimiyyətin ən yüksək dairələrində təmsil olunan məmurlara qarşı sərt açıqlamaları dərc edilir. Sabiq rektor əsasən, qardaşı Mahir Abdullayevin itkin düşməsi barədə hüquq-mühafizə orqanlarında işləyən yüksək vəzifəli məmurları ittiham edir. Maraqlıdır ki, Elşad Abdullayevin bu açıqlamaları mətbuatda birmənalı xarakterizə edilmir. Sabiq rektorun açıqlamaları ilə yanaşı, onun yalan danışdığı, hətta qardaşı M.Abdullayevin itkin düşməməsi barədə məlumatlar da yer alır. Və hazırda Fransada mühacir həyatı yaşayan sabiq rektorun bu açıqlamaları qəzet redaktorları üçün də birmənalı qarşılanmır. Bu məqsədlə də ölkənin aparıcı qəzetlərinin rəhbərlərindən uzun illər hakimiyyətin siyasi kursunu müdafiə edən, əsasən, müstəqil və müxalifət mətbuatına qarşı çıxışlar edən bu adamı necə tanıdıqlarını soruşduq.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Elşad Abdullayevlə şəxsi tanışlığının olmadığını, ancaq onun haqqında eşitdiklərinin heç də ürəkaçan şeylər olmadığını bildirdi. «İllərdir ki, mətbuatda onun rəhbərlik etdiyi universitet barəsində neqativ məlumatlar gedir. Bizim əməkdaşlardan biri də o universiteti bitirib. Bundan başqa, Elşad Abdullayev qardaşının oğurlanması ilə bağlı daim mətbuatın gündəmində olub. Son vaxtlar onun açıqlamalarını diqqətlə oxuyuram. Hakimiyyətin müəyyən bir cinahının əleyhinə çıxışlar edir. Bunu da təbii qarşılayıram. Artıq o, Fransadadır, təhlükəsiz mühitdədir. O, gələcəkdə siyasi sığınacaq almaq üçün məsələni siyasiləşdirməyə çalışır. Biz tiraj üçün onun müsahibələrini də, çıxışını da yayımlamışıq. Bundan sonra da yayımlamağa hazırıq».

 “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyli Elşad Abdullayevi ittiham etmək üçün təkcə təhsil sahəsindəki fırıldaqlarının kifayət etdiyini düşünür. «Təkcə Elşad Abdullayevin rektoru olduğu universitet barəsində mətbuatda nə qədər məlumat var. O, universitetə qəbul etmək adı ilə insanlardan külli miqdarda pul alıb. Nəticədə isə hər kəs çöldə qalıb. Bundan başqa, o, qardaşının qaçırılması ilə bağlı mətbuatda tez-tez çıxışlar edir. Ancaq hələ məlum deyil ki, onun qardaşı həqiqətən qaçırıblarmı? Yoxsa o, özü qaçıb gizlənib. Hər halda bu iki qardaş arasında olan məsələlərdir. Ancaq təkcə onu deyə bilərəm ki, sırf təhsil sahəsindəki fırıldaqlarına görə, onu bağışlamaq olmaz.”

 “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev Azərbaycanın Elşad Abdullayev kimi vətəndaşları olduğundan təəssüf hissi keçirdiyini bildirdi. «Bu adam Azərbaycan balalarının təhsilini əlindən alıb. Altı min nəfər, həm valideyn, həm də uşaqlar gözü yaşlıdırlar bu dəqiqə. Onlar təhsil almaq üçün pul veriblər, aldadılıblar. Səmimi deyirəm, mən Azərbaycan Respublikasının onun kimi vətəndaşı olmasını istəməzdim» deyə baş redaktor əlavə etdi.

 Rövşən Danyeri

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button