Elşad Abdullayev “Azadlıq”a bu dəfə səs yazıları göndərdi

Sabiq rektor Arzu Kazımovla nə danışıb; Iş adamının vəkilindən maraqlı açıqlamalar

Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev iş adamı Arzu Kazımovla telefon danışığının audio-yazısını “Azadlıq”a göndərib. Xatırladaq ki, sabiq rektor qardaşı Mahir Abdullayevin oğurlanmasında Arzu Kazımovu da ittiham edir.
Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin geri qaytarılması üçün iş adamına külli miqdarda pul verib. Sabiq rektorun sözlərinə görə, Arzu Kazımov həmçinin onunla daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyev arasında vasitəçi olub. Elşad Abdullayevin şikayəti əsasında iş adamı hazırda həbsdədir.
Sabiq rektorun göndərdiyi audio-yazıya gəlincə, o, Arzu Kazımovdan qardaşının, ya da verdiyi pulların geri qaytarılmasını tələb edir. Elşad Abdullayev əlavə edir ki, pulu verdiyi vaxtdan xeyli müddət keçib. Bu müddətdə o, 2 dəfə ABŞ-da, 3 dəfə Fransada, 1 dəfə Tokioda olub. Lakin nə qardaşından xəbər var, nə də puldan. Arzu Kazımov isə bu məsələyə görə Telman Muradov adlı şəxsin adını çəkir. Onun sözlərindən belə aydın olur ki, Elşad Abdullayev bu şəxsdən yapışmalıdır. Lakin sabiq rektor deyir ki, o, pulu Telman Muradova deyil, iş adamının özünə verib. Bundan sonra Arzu Kazımov məsələni həll etməyə çalışacağını bildirib və əlavə edir ki, axşam Elşad Abdullayevə zəng vuracaq.
Arzu Kazımovun vəkili Ramiz Zeynalov isə “Azadlıq”a açıqlamasında bildirib ki, Elşad Abdullayevin yaydığı audio və ya viedo yazılar sübut sayıla bilməz: “Azərbaycan qanunvericiliyinə görə kiminsə səsini yazmaq, onu videoya çəkmək üçün şəxsin icazəsi olmalıdır. Qeyri-qanuni metodla hazırlanan audio və video yazılar isə sübut növü sayılmır. Cinayət prossesula qanunvericiliyində belə deyilir və bu qanun hələ ki, dəyişməyib”.
Bundan başqa Ramiz Zeynalov bir sıra maraqlı faktları da açıqlayıb. Vəkilin sözlərinə görə, 2003-cü ildə Elşad Abdullayev Mahir Abdullayevi axtararkən o, Kürdəmirdə olub: “Mənə verilən məlumatlarda deyilir ki, o, Kürdəmirdə başqa-başqa evlərdə gizlənib. Yasda da, toyda da bu haqda danışıblar və Mahiri həmin ərəfədə bir neçə dəfə Kürdəmirdə görüblər”.
Vəkil daha sonra bildirib ki, dekabrın 15-də təqdim etdiyi vəsatət qismən təmin edilib: “Həmin vəsatət barədə sizin qəzetdə də məlumat getmişdi. Mən vəsatətdə bir çox məsələləri qoymuşam ki, bunların araşdırılması vacibdir. Məsələn, Elşad Abdullayev deyir ki, Zahid Dünyamalıyevə kabinetində 100 min dollar pul vermişəm. DIN-in qəbul şöbəsi ilə bağlı qaydalar var. Orada hər kəs ciddi yoxlamadan sonra içəri buraxılır. Bəs Elşad Abdullayev bu pulu nazir müavininin kabinetinə necə keçirib? Bu araşdırılmalıdır. Həmin vaxt qəbul şöbəsində olanlar dindirilməlidir. Başqa bir məsələ Elşad Abdullayev Zahid Dünyamalıyevlə görüşəndə ona bildirilib ki, əgər sizə qardaşınızla bağlı hər hansı zəng gəlsə, onun oğurlayanlar hansısa formada sizinlə əlaqəya çıxsalar mütləq bizə xəbər verin. Lakin 2003-ün sonlarında Elşad Abdullayevə Qalib adlı bir şəxs zəng vurur və deyir ki, 50 min pul götür gəl Zaqatalaya, qardaşın məndədir. Elşad Abdullayev heç kimə xəbər vermədən qardaşı ilə birgə Zaqatalaya yola düşür. Kürdəmirdə bunların maşını mühasirəyə alınır və polis şöbəsinə gətirilirlər. Orada Elşad Abdullayevə qardaşı oğlu Mübariz Abdullayevi göstərib deyirlər ki, qardaşını bu oğurlayıb. Mən bu hadisənin araşdırılması məsələsi qoymuşam. Çünki Elşad Abdullayev deyir ki, həmin vaxtdan qardaşı oğlu yoxa çıxıb. Amma maraqlıdır ki, Elşad Abdullayev bunu o zaman yox 9 ildən sonra deyir. Bizdə məlumat var ki, Mübariz Abdullayev Elşad Abdullayevin ögey qardaşının oğludur. Mən məsələ qoymuşam ki, onun saxlanılması, ümumiyyətlə, bu işlə bağlı toplanmış materiallar bizə təqdim edilsin”.
Ramiz Zeynalov daha sonra deyib ki, Elşad Abdullayev 9 il müddətində istintaqa verdiyi ifadələrində bir dəfə də olsun Arzu Kazımovun onunla qardaşı arasında əlaqə yaratması, Mahir Abdullayevə işgəncə verilməsini qeyd etməyib: “Lakin indi deyir bunu. Bu adamın dediklərində xeyli ziddiyyətlər var ki, biz bunu araşdırırıq. Təsəvvür edin, o, son yaydığı video ilə göstərmək istəyir ki, guya Arzu Kazımovun oğlu Zaurla danışır. Amma özü sual verib, özü də cavab verir. Bir məsələni qeyd edim, 2003-dən bu yana nə Arzu Kazımov, nə də oğlu Dağıstanda olub. Mən bu məsələnin də araşdırılmasını tələb etmişəm. Sərhəd Xidmətindən bu barədə arayış alınmalıdır”.

http://azadliq.info/siyast/25992-elad-abdullayev-azadlqa-bu-df-ss-yazlar-goendrdi.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button