Elşad Abdullayev İlham Əliyevə nələr yazdı? (TAM MƏTN)

04.10.2012
Gülər Əhmədova olayı” ilə bağlı müraciətdə elə vəzifəlilərin adı çəkilir ki…

“Özləri başdan-ayağa çirkab içində olanların məni rüşvətxor adlandırmağa haqları yoxdur”

Artıq bağlanmış ABU-nun rektoru, məşhur rüşvət videosu ilə bütün diqqəti üzırinə cəmləmiş Elşad Abdullayev ölkə başçısı İlham Əliyevə müraciətini yayıb. Redaksiyamızın elektron poçtuna da göndərilən müraciətin tam mətnini dərc edirik:

“Yəqin son dövrlər Kütləvi İnformasiya Vasitələrində gedən yazılardan bizim ailənin başına gətirilən müsibətlərdən xəbərdarsınız. Bilirsiniz ki, mənim doğma qardaşım, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Abdulalyev Mahir İslam oğlu 13 oktyabr 2003-cü il tarixdə saat 10:30 radələrində evdən çıxmış və geri qayıtmamışdır. Hal-hazıra kimi də ondan heç bir məlumat yoxdur. Mahirin itkin düşməsindən sonra digər qardaşım Eldəniz Abdullayev naməlum şəkildə infarkt oldu, bizdə onun zəhərlənməsinə əsas verən şübhələr var. Eldəniz hazırda əmək qabiliyyətini tam itirib, birinci qrup əlildir, danışa bilmir. Böyük bacım Qubaxanım Abdullayeva da sağlamlığını tam itirib, hətta yaxın adamlarını belə tanıya bilmir. Mahirin itkin düşməsindən sonra ailəmizə qarşı olan təzyiqlərin nəticəsində bir neçə yaxın qohumlarımda dünyalarını dəyişiblər.

Sizə dəfələrlə müraciət etmişəm

Hadisədən bir ay sonra 14 noyabr 2003-cü il tarixdə Bakı şəhər Prokurorluğu tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.6 maddəsiylə (adam oğurluğu) cinayət işi başlanmış və istintaq aparılması üçün Bakı şəhər baş polis idarəsinin istintaq idarəsinə göndərilmişdir. İş üzrə aparılmış istintaq zamanı Mahir Abdullayevin barəsində heç bir məlumatın əldə edilmədiyini, onun qətlə yetirilməsinə şübhələr olduğunu nəzərə alaraq, cinayət işi 6 yanvar 2005-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 maddəsiylə (qəsdən adam öldürmə) tövsif edilərək istintaq aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə göndərilmişdi və artıq 8-ci ildir ki, həmin idarədə istintaq edilir.
Cinayət işi üzrə mən zərərçəkmiş şəxs qismində tanınmışam. Dəfələrlə işin istintaqının ləng, səmərəsiz aparılması barədə müxtəlif instansiyalara, o cümlədən möhtərəm prezident, Sizə müraciət etmişəm. Həmişə də Azərbaycan Respublikası Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun imzası ilə “müraciətlərimin cinayət işinə əlavə edilməsi və nəticəsi barədə mənə əlavə məlumat veriləcəyi barədə” eyni məzmunlu başdansovdu cavablar almışam. Buna baxmayaraq, indiyə kimi mənə heç bir əlavə məlumat verilməmişdir. Qardaşımı oğurlayan şəxslərin aşkar edilməsiylə əlaqədar tutduğum prinsipial mövqeyə görə, eyni zamanda təsisçisi, qurucusu və rektoru olduğum Azərbaycan Beynəlxalq Universitetini mənim əlimdən almaq məqsədi ilə müxtəlif şəxslər tərəfindən hədələndiyimi və həyatıma yaranmış təhlükəni nəzərə alaraq təxminən iki il olar ki, Azərbaycan Respublikasını tərk etməyə məcbur olmuşam və hazırda Fransada məskunlaşmışam. Fransaya gəldikdən sonra da mənə qarşı təzyiqlər səngiməmiş, burda da müxtəlif səpkili provokasiyalarla üzləşmişəm.

***

Mən hüquq və azadlıqlarımın pozulması ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışam. Özüm Azərbaycana gələ bilmədiyim üçün bu iş üzrə zərəçəkmiş şəxs kimi malik olduğum hüquqlardan səmərəli istifadə etmək məqsədi ilə professional hüquqşünasa müraciət etmək məcburiyyətində qalaraq, Adil İsmayılovu özümə vəkil tutmuşam. Bundan sonra vəkil orderini və etibarnaməni Respublika Prokurorluğuna təqdim etmişdir. 8 may 2012-ci il tarixdə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov vəkil Adil İsmayılovun zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmasından imtina etmişdir. Eldar Əhmədovun bu hərərkətini qanunsuz hesab etdiyi üçün vəkil Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon məhkəməsinin 5 iyun 2012-ci il tarixli qərarı ilə Eldar Əhmədovun hərəkətləri qanunsuz hesab edilmiş və yalnız bundan 1 ay sonra Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin xüsusi ilə mühüm işlər üzrə müstəntiqi Elmar Məmmədov Adil İsmayılovun zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınması barədə qərar vermişdir. Gözləmək olardı ki, prokurorluq orqanları ilə bundan sonrakı münasibətlərimiz hüquq müstəvisində qanunauyğun həllini tapacaqdır. Lakin təəssüf ki, belə olmadı.

Gülər Əhmədova haqqında 2011-in uyulunda məlumat vermişəm

Belə ki, cinayət işində iştirak etmək üçün prosesə buraxıldıqdan sonra vəkilim Adil İsmayılov Abdullayev Mahir İslam oğlunun oğurlanması (öldürülməsi) faktı ilə bağlı istintaq olunan 105157 nömrəli cinayət işi barədə müəyyən qədər məlumat əldə etmək və bununla da səmərəli hüquq-müdafiə fəaliyyətini təşkil etmək məqsədi ilə iş üzrə 17 iyul 2012-ci il tarixli vəsatət verərək işdə olan müəyyən sənədlərin surətlərinin verilməsini xahiş etmişdir. Lakin müstəntiq Elmar Məmmədov 27 iyul 2012-ci il tarixli qərarı ilə əsassız və qanunsuz olaraq vəkilin vəsatətini rədd etmişdir. Müstəntiqin qərarını qanunsuz hesab etdiyimiz üçün onun hərəkətlərindən istintaqa prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Republikası Baş prokurorunun birinci müavini Rüstəm Usubova və Nəsimi rayon məhkəməsinə nəzarət qaydasında 22 avqust 2012-ci il tarixli şikayət verdik. Rüstəm Usubov ümumiyyətlə şikayətə cavab vermədi, məhkəmə isə qanunsuz olaraq bir gün sonra 23 avqust 2012-ci il tarixdə şikayəti qəbul etməkdən imtina etdi və geri qaytardı. Məhkəmənin qərarından verdiyimiz apelyasiya şikayəti yenə də əsassız və qanunsuz olaraq təmin edilmədi. Beləliklə, biz ölkədaxili hüquqi vasitələri tükətmiş olduq.
Yuxarıda qeyd etdiyim kimi qardaşım Mahir Abdullayevin oğurlanması işi üzrə istintaqın qeyri obyektiv aparılması barədə və Azərbaycanda məruz qaldığım təzyiq və təqiblə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişəm və ərizəm həmin məhkəmədə qeydiyyata alınmışdır. Bu işdə şübhələndiyim bəzi şəxslər barəsində mən dəfələrlə Azərbaycanda müxtəlif instansiyalara müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Hazırda xaricdə yaşadığımı və şəxsi toxunulmazlığım üçün təminatın olmasını nəzərə alaraq bu işdə şübhələndiyim daha bir şəxs haqqında, 11 iyul 2011-ci il (!) tarixdə Azərbaycan Respublikası Prokurorluğuna məlumat verdim. Söhbət Azərbaycan Respublikası Mili Məclisinin üzvü deputat Əhmədova Gülər Mikayıl qızından gedir.

Ramiz Mehdiyevə veriləcəyi adı ilə məndən 2 milyon dollar aldılar

Bu şəxs 2005-ci ilin noyabr ayında Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ərəfəsində rəfiqəsi Babayeva Sevinc Telman qızının vasitəsi ilə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Mehdiyev Ramiz Ənvər oğluna verəcəyi adı ilə məndən 2.000.000 ABŞ dolları almışdır. Əvəzində məni Milli Məclisə deputat seçdirəcəyinə və bundan sonra qardaşımın sağ-salamat geri qaytarılacağına söz vermişdir. Lakin o, vədinə əməl etməmiş, pulumu geri istədikdə isə məni həbs etdirəcəyi və fiziki cəhətdən məhv etdirəcəyi ilə hədələmişdir. Mən həm Gülər Əhmədova, həm də Sevinc Babayeva ilə söhbətlərimin video çəkilişini və telefon danışıqlarımızın audio yazısını aparmışdım. Həmin çəkiliş və yazıların surətlərinin olduğu kompakt diskləri Gülər Əhmədova barəsində cinayət işi başlanılması barədə ərizəmlə birlikdə Baş prokuror Zakir Qaralova göndərdim və göstərilən şəxslər barəsində Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə cinayət işi başlanılmasını xahiş etdim. Lakin Baş prokuror qanunauyğun tədbir görmək, yəni cinayət işi başlamaq və istintaq aparmaq əvəzinə mənim ərizəmi Eldar Əhmədova göndərdi. O da qanunsuz olaraq mənim vəkilimə yenə həmişəki məzmunda ərizənin cinayət işinə əlavə edilməsi barədə cavab verdi. Mən bundan sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət etdim ki, prokuorluq orqanları birbaşa Respublika Prezidenti qarşısında hesabat verdikləri üçün onlara ərizəmin qanuna müvafiq qaydada həll olunması barədə göstəriş versin. Lakin bu ərizəmə də cavab almadım.

Sonrakı hadisələr mənim növbəti dəfə aldanıldığımı göstərdi

Mən hüquq-mühafizə orqanlarına və Prezident Administrasiyasına şikayət edərkən bildirmişdim ki, bu məsələnin, yəni deputat Gülər Əhmədovanın məndən rüşvət almasının ictimailəşdirilməsini istəmirəm, istintaq aparılmasını, mənim doğru və ya yalan danışmamın müəyyən olunmasını istəyirəm. Lakin təəssüf ki, onlar qanunla üzərlərinə düşən vəzifəni yerinə yetirmədilər. Ona görə də özümün və ailə üzvlərimin təhlükəsizliyini təmin etmək üçün bu məsələni ictimailəşdirmək qərarına gəldim. Kütləvi İnformasiya Vasitələrində mənim məlum bəyanatım dərc edildikdən sonra da bir həftə gözlədim ki, hüquq mühafizə orqanları bu məsələyə reaksiya verəcəklər. Lakin belə olmadı. Bu müddət ərzində yenə də mənə və ailə üzvlərimə qarşı təhdidlər olduğu üçün mən Gülər Əhmədova ilə aramızda olan söhbətin videoyazısının bir fraqmentini internetdə yerləşdirdim.
Prokurorluq orqanlarından yenə də bir səs çıxmadı. Gülər Əhmədova isə öz növbəsində guya videogörüntülərin montaj olunması barədə bəyanatlar verdi. Nəhayət, məhz Sizin bu işə bir başa müdaxilənizdən sonra Prokurorluqda cinayət işi başlandı və Gülər Əhmədova Milli Məcslinin üzvlüyündən istefa verdi. Mətbuatda baş prokurorun verdiyi müsahibədən belə başa düşdüm ki, bu iş Sizin şəxsi nəzarətinizdədir. Fikirləşdim ki, nəhayət buz tərpənib və bu iş obyektiv həllini tapacaq. Lakin təssüf ki, sonrakı hadisələr mənim növbəti dəfə aldanıldığımı göstərdi.

Məni təhrik edirlər ki, əlimdə olan başqa videoyazıları yayım

Prezident Asdministrassiyasının rəsmisi Əli Həsənovun və Baş prokuror Zakir Qaralovun son açıqlamaları mənə belə düşünmək üçün tam əsas verir. Mən mələk deyiləm, amma özləri başdan ayağa çirkab içində olan bu adamların da məni əli əyri, rüşvətxor adlandırmağa mənəvi haqları yoxdur. Əli Həsənov deyir ki: “Belə bir insan Azərbaycanda universitet açdı, tələbələr yığdı, ən həssas bir sahədə müəssisə sahibi oldu. Təəssüflər olsun ki, belələri ayrı-ayrı zamanlarda müəyyən əməllərini həyata keçirə bilirdilər. Amma hakimiyyət onun xarakterini, məqsədini bilən kimi universiteti bağladı”.
Belə çıxır ki, Azərbaycanda universitetin bağlanması qanunlara söykənmir, kiminsə məqsədindən və xarakterindən asılıdır. O məni təhrik edir ki, əlimdə olan başqa videoyazıları yayım. Mən bunu edə bilərəm. Ancaq fikirləşirəm ki, bu, Azərbaycan dövlətinə başucalığı gətirməyəcək. Əgər o bu materiallarda düşmənçilik etdiyi bəzi şəxslərin görüntülərinin olmasını bildiyi üçün bunu edirsə, ona məsləhət görərdim ki, şəxsi işlərinə məni alət etməsin. Video görüntüləri yaymaq üçün ondan icazə almayacağam.

Təqdim etdiyim sənəd-sübutlardan öz əleyhimə istifadə etmək istəyirlər

Baş prokuror isə bəyan edir ki, mənim fəaliyyətimlə bağlı çoxlu sayda qanunusuzluqlar aşkar etmişdir. Baş prokurordan soruşmaq lazımdır ki, Beynəlxalq Universitetin fəaliyyət göstərdiyi illərdə və ən azı onun fəaliyyətinin qanunsuz olaraq dayandırıldığı son iki ildə nə üçün bu qanunsuzluqları görmürdü və görürdüsə nə üçün susurdu? Nə üçün bu qanunsuzluqlar video görüntülər ortaya çıxdıqdan sonra yada düşdü. Yeri gəlmişkən, Baş prokurordan soruşmaq lazımdır ki, şəxsən onun tərəfindən TQDK-nın yoxlanması zamanı ABU-da aşkar edilmiş pozuntularla əlaqədar 26 aprel 2006-ci ildə (!) Azərbaycanın Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələriylə başlanmış 76723 saylı cinayət işi üzrə istintaqınm aparılması nəyə görə 6 sentyabr 2006-cı ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə həvalə edildi və iki gündən sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi? 6 ildir bu işin istintaqından nə üçün xəbər yoxdur? Yaxud Baş prokuror yanında Koorupsiya Qarşı Mübarizə İdarəsinin istintaq şöbəsində ABU-nun ali təhsil haqqında saxta diplomlarının, Azərbaycan Respublikası Təhsil Nazirliyinin blankında tərtib olunmuş saxta arayışların hazırlanması və ABU-nun vəzifəli şəxslərinin bu əməliyyatlarının törədilməsinə aidiyyatları faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320.1-ci maddələri ilə başlanmış 99570 saylı cinayət işi 5 may 2010-cu ildə istintaqın davam etdirilməsi üçün yenə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə həvalə edilərək bir gün sonra qanunsuz olaraq Mahir Abdullayevin işinə birləşdirildi. Bu işdə mənim hər hansı bir iştirakım var idisə, Prokurorluq iki il yarımdır bu işi niyə süründürür?
Qeyd etdiyim vəzifəli şəxslərin və barəmdə fikir söyləyən başqa məmurların çıxışlarından mənə aydın olan budur ki, onlar mənim təqdim etdiyim sənədlərdən və sübutlardan öz əleyhimə istifadə etmək istəyirlər.

***

Cənab Prezident!

Mən bir Azərbaycan vətəndaşı olmaqla vətəndaş hüquqlarımın qarantı kimi Sizə müraciət etmək məcburiyyətindəyəm. Hesab edirəm ki, Baş prokuror Zakir Qaralov başda olmaqla onun rəhbərlik etdiyi Prokurorluğun bütün əməkdaşlarının mənim təqdim etdiyim sənəd və sübutlar əsasında başlanmış cinayət işi üzrə istintaq aparmaq və istintaqa prosesual rəhbərliyi həyata keçirmək üçün mənəvi və qanuni haqları yoxdur. Buna görə də Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32 bəndində nəzərdə tutulmuş hüququnuzdan istifadə edərək bu işin araşdırılması üçün müstəqil istintaq komissiyası yaratmanızı xahiş edirəm. Əgər belə bir komissiya yaradılacaqsa və mənim şəxsi toxunulmazlığıma və həyatıma Sizin tərəfinizdən təmint veriləcəksə, Azərbaycana qayıtmağa və istintaqa istənilən köməyi etməyə hazıram. Əks təqdirdə mənə qarşı təzyiq və təqiblər davam edəcəksə, Azərbaycan Respublikasının vətəndaşlığından imtina etməyə məcbur olacam.

P.S. müraciətimin Sizə çatacağına əmin olmaq üçün onu KİV-lərə göndərmək məcburiyyətindəyəm.

2.10.2012

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button