Elşad Abdullayev prezidentə bir daha şikayət etdi

elsad-abdullauevlkkhn02.07.2013

Sabiq rektor Gülər Əhmədova və Arzu Kazımovla bağlı cinayət işindən narazılıq edir

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev İlham Əliyevə növbəti müraciətini ünvanlayıb. Müraciətinin bir surətini də “Azadlıq”a göndərən keçmiş rektor yazır ki, qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar təşkilatın əməllərinə düzgün hüquqi qiymət verilməyib.O, bildirib ki, prokurorluq həbs edilən Arzu Kazımovun cinayətlərinə bu günə qədər düzgün hüquqi qiymət verməyib. Onun sözlərinə görə, Arzu Kazımovun cinayət əməli haqqında 4 videogörüntü və 4 audiofakt sosial şəbəkələrdə ictimailəşdirilib: “Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin. Lakin, bu günə qədər Baş  Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyası gözlə görünən və qulaqla eşidilən təkzibolunmaz video-audeo faktlarda olduğu kimi Azərbaycan vətəndaşı Arzu Firudin oğlu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verməyib”.

Elşad Abdullayev bildirir ki, Arzu Kazımovun cinayət əməli Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatda iştirakçı olduğuna görə hüquqi qiymət almalıdır: “Bildiyimə görə, Arzu Kazımov Azərbaycan Jinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, Mahir Abdullayevin oğurlanması, Azərbaycan Beynəlxalq Universitetini məndən tələb etməsi ilə əlaqədar cinayət əməlləri var, bu hərəkətlərin dələduzluq cinayəti kimi tövsif olunması ilə razılaşmaq olmaz. Bir hüquq professoru kimi hesab edirəm ki, onun cinayət əməli “hədə-qorxu gəlməklə rüşvət alma” kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Jinayət Məcəlləsinin 311 və 312-ci maddəsi). Eyni zamanda, Arzu Kazımovun Jinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında “cinayətdə iştirakçılığı” müəyyən edilməlidir. Onun cinayət əməllərində Jinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi (adam oğurluğu) və Jinayət Məcəlləsinin 110-cu maddəsinin tərkibi(insanları zorakılıqla yoxa çıxarma) cinayətləri var və bu cinayətlərdə iştirakçılığa hüquqi qiymət verilməlidir”.

“Prokurorluq orqanları Arzu Kazımovun cinayətlərinə yalnız dələduzluq cinayəti kimi hüquqi qiymət verilməsinin başlıca məqsədi cinayətin digər iri ranqlı subyektlərinin gizlədilməsinə xidmət edir. Məlumdur ki, o, bu boyda sosial təhlükəli cinayətləri tək edə bilməzdi. Beynəlxalq təşkilatların hesabatlarında hər il qeyd edilir ki, Azərbaycanda cinayətin kiçik bir fiquru həbs edilir, amma nə cinayəti icra edənlər, nə sifarişcilər, nə də rəhbərlər cinayət məsuliyyətinə cəlb olunurlar”,- deyə Elşad Abdullayev şikayətində qeyd edib.

Elşad Abdullayev ölkə başçısına şikayətlənir ki, Müstəqil İstintaq Komissiyası 8 ay 15 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər olsun belə, adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb: “Adam oğurluğu faktının ortada olmasına baxmayaraq bir sıra mütəşəkkil cinayətkar təşkilatın üzvü yalnız Arzu Kazımova dələduz kimi cinayət işi açılıb. Bu isə hüquqi anlamda işi bataqlığa atıb qapamaq kimi bir şeydir. Məlumdur ki, əməlin dələduzluq kimi qiymətələndirilməsi cinayətin digər əsas iştirakçıların gizlətməyə xidmət edir, bu cinayətin açılması hakimiyyətin iri ranqlı vəzifəli şəxslərinin ifşa olunması deməkdir. Buna görə də prokurorluq işi zərərçəkmişin əleyhinə yönəldir”.

Elşad Abdullayev yazır ki, eyni huquqi böhran “Gülərqeyt” işindədir, bu işdə də Gülər Əhmədova Jinayət Məcəlləsinə görə dələduzluq cinayətinin subyekti hesab edilir, ancaq məni bu işdə də zərərçəkmiş kimi tanınmırlar: “Əsl zərərçəkmiş isə tam hüquqsuz vəziyyətdədir, dövlət hüquq müdafiəsi sahəsində öhdəliyə götürdüyü borcunu yerinə yetirmir. 10 ildir ki, Mahir Abdullayevin işi ilə tanış ola bilmirik, prokurorluq bizə heç bir məlumat vermir, cinayət işi ilə tanış olmağa imkan yaratmır”.

Elşad Abdullayev bildirir ki, maraqlı qüvvələr onun qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini pozmaq istiqamətində çalışırlar: “Məni Baş nazirin müavini Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynovun fabrikovat olunmuş işində də zərərçəkmiş şəxs kimi tanıdılar. Müstəqil İstintaq Komissiyasına yazılı olaraq bildirdim ki, Vaqif Hüseynov mənim pulumu qaytarıb və mənim ondan heç bir şikayətim yoxdur. Ancaq prokurorluq məni Vaqif Hüseynovun işində zərərcəkmiş şəxs kimi tanıyır, halbuki, qanunvericilik bunun əleyhinədir. Qüvvədə olan cinayət prosesual qanunvericilik isə tələb edirki, Azərbaycanın prokurorluq və məhkəmə orqanları məni Arzu Kazımovun, Gülər Əhmədovanın, Nüşabə Mirzoyevanın, Nəriman Ağayevin işləri üzrə zərərçəkmiş şəxs kimi tanımalıdır. Məni fabrikovat olunmuş cinayət işlərində tanınmağa heç bir ehtiyac yoxdur”.

Sabiq rektoru qeyd edir ki, bu günə qədər keçmiş deputat Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsif olunmayıb: “Gülər Əhmədova da Azərbaycan Respublikası Jinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Onun mənə qarşı cinayət əməlləri hədə-qorxu ilə xarakterizə olunur, əməllərinin dələduzluq cinayəti kimi tövsif olunması düzgün deyil. Qeyd etmək istəyirəm ki, əsas şahid Sevinc Babayevanın qətlə yetirilməsinə görə də Gülər Əhmədovanın cinayəti düzgün tövsif edilməyib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button