Elşad Abdullayevin 3 milyon manat verdiyi təsdiqlənir

141399_42998325.07.2013

Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə keçirildi. 

FaktXeber.az-ın məlumatına görə, proses başlanan kimi hakim Əlövsət Abbasov bildirdi ki, cinayət işi üzrə adı şahid qismində keçən Nurlan Həsənov məhkəməyə teleqrama göndərib. Hakimin sözlərinə görə, şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini qeyd edib. Hakim şahidin məhkəməyə gələ bilməməsi ilə bağlı tərəflərin fikirlərini soruşdu. Tərəflər Nurlan Həsənovun məhkəməyə gələ bilməməsinə etiraz etmədilər.

Daha sonra şahid qismində ifadə verməsi üçün məhkəmə zalına Azad Mürsəliyev dəvət edildi. Şahid bildirdi ki, Elşad Abdullayevin bacısı oğludur. Arzu Kazımovu tanımadığını deyən şahid bildirdi ki, 2003-cü ildə dayısı Mahir Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyinə şikayət edilib. Onun sözlərinə görə, Mahir Abdullayevin geri qaytarılması üçün daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevlə onların arasında Arzu Kazımov əlaqə yaradıb. Bu əlaqənin yaradılmasında şəxsən iştirak etmədiyini deyən Azad Mürsəliyev bildirdi ki, Zahid Dünyamalıyevlə Arzu Kazımov barəsində olan məsələni ona Elşad Abdullayev deyib: “Elşad Abdullayev Mahirin qaytarılması üçün Zahid Dünyamalıyevə 3 milyon manat verib. Bunu mənə Elşad Abdullayevin özü deyib. Elşad dedi ki, sonradan Arzu Kazımov pulların qaytarılması üçün torpaq sahələri verib. Arzu Kazımov deyib ki, torpaq sahələrinin verilməsi üçün sənədləşmə edək, Ukraynadan pul gələcək, pul gələndən sonra torpaqları geri qaytarılar. Bununla bağlı aralarında alqı-satqı müqaviləsi olub. Bütün bu sənədləşmələrdə mən iştirak etməmişəm”.

Daha sonra məhkəmə iclasında şahid qismində Vilayət Əmirov ifadə verdi. O, bildirdi ki, təqsirləndirilən şəxsi tanıyır, aralarında şəxs ədavət yoxdur. “İnşaat-2002” MMC-nin 2009-cu ildən direktoru olduğunu deyən şahid bildirdi ki, Arzu Kazımovun inşa olunan binalarda olan mənzillərin alqı-satqısı ilə bağlı sənədləri etibarsız olub.

Daha sonra şahidə Arzu Kazımovun vəkili Ramiz Zeynalov suallar verdi. Sualları şahidin cavablandıra bilməməsi vəkili hövsələdən çıxardı. Vəkil bildirdi ki, Arzu Kazımovun 2003-cü ildə olan işi araşdırılır: “Amma bu şahid həmin MMC-yə 2009-cu ildə gəlib. Bu şahidin ifadə verməsi düzgün deyil. Çünki onun işə adiyyatı yoxdur. Burada istintaq saxtakarlıq edib”.

Hakim heç bir saxtakarlığın olmamasını bildirməsi vəkili daha da hövsələdən çıxardı. Hakimlə vəkil arasında mübahisə başladı. Vəkilin səsini yüksək tonla qaldırmasına etiraz edən hakim protokolla ona xəbərdarlıq edildiyini bildirdi. Vəkil bildirdi ki, 50 dəfə də xəbərdarlıq edin, qərardad da çıxarın. Bundan sonra hakimlə vəkilin mübahisəsi daha da gücləndi. Mübahisənin kulminasiya nöqtəsinə çatdığını görən hakim prosesdə 10 dəqiqəlik fasilə elan etdi.

Fasilədən sonra davam edən prosesdə şahid vəkilin yenə də suallarını cavablandırdı. Daha sonra vəkili Ramiz Zeynalov vəsatətlə çıxış etdi. Bildirdi ki, “İnşaat -2002” MMC-nin Əhməd Cavad küçəsi 15 ünvanında inşa etdiyi 64 mənzilli binanın 32 mənzili Arzu Kazımova çatıb. Vəkil bunun sübut olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilsin, həmin sorğu ilə bağlı 32 mənzilin alqı-satqı müqavilələri məhkəməyə təqdim edilsin. Vəkil həmin mənzillərlə bağlı sənəd məhkəmədə tədqiq edilməlidir.

Vəkil həmçinin bildirdi ki, bununla bağlı Arzu Kazımovun dələduzluq etməmədiyi sübut olunacaq. Vəkil həmçinin qeyd etdi ki, Arzu Kazımov həmin binadan Elşad Abdullayevə mənzillər təklif edib: “Lakin Elşad Abdullayev həmin mənzilin alqı-satqısını həyata keçirməyib. Səbəb isə həmin ərəfədə təhsil nazirinin qızının toyu olacaqdı. Onlarda həmin mənzili təhsil nazirinin kürəkənini adına keçirməli idilər”.

Arzu Kazımov vəkilinin vəsatətini müdafiə etdiyini bildirdi. Dövlət ittihamçısı Ramazan Hadıyev vəkilin vəsatətini əsaslandıra bilmədiyini və təmin edilməməsini məhkəmədən xahiş etdi. Hakim isə vəsatətlə bağlı məhkəmənin qərarının növbəti prosesdə elan ediləcəyini deəyərək məhkəmə iclasını iyulun 31-nə kimi təxirə salıb.

Qeyd edək ki, Arzu  Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu Elşad Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button