Elşad Abdullayevin elmi titulunu da İlham Əliyev verib

 Elşad Abdullayev bəhanəsi – illərdir başına daş salınan, zibil günənə qoyulub Balaxanıda yandırılan və tüstüsü dünyanın hər yerindən görünən Azərbaycan elminin səviyyəsini göstərdi. İndi hətta «Azərbaycan» qəzeti də Elşad Abdullayevə Ali Attestasiya Komissiyasının saxtakarlıqla «hüquq elmləri doktoru» titulunu verməsini «dəhşətli fakt» sayır.

Birabırçılığa bax ki, Ali Attestasiya Komissiyası 2001-ci ildə Elşad Abdullayevin müdafiəyə təqdim etdiyi əsəri «plagiat» adlandırır, aradan iki il keçməmiş həmin «plagiat» monoqrafiya müəllifini elmlər doktoru elan edir.

Çünki birinci qərarda AAK sədri dünya şöhrətli alim Azad Mirzəcanzadə idi, ikinci qərarda isə artıq AAK-a Arif Mehdiyev sədr gətirilmişdi.

Azad Mirzəcanzadənin hansı səbəblərdən bu ölkəni buraxıb Rusiyaya getdiyini və Vladimir Putinin enerji məsələləri üzrə müşaviri təyin olunduğunu xatırlamağa bu məqamda ehtiyac var: ona ən yüksək səviyyədə təzyiq edilmişdi ki, bir plagiat əsər müəllifinin «elmlər namizədi» adı almasına mane olmasın. A.Mirzəcanzadə isə birbaşa Heydər Əliyevə etirazını bildirmişdi və prezidentin dəstəyini görməyəndə əyilməmişdi, sınmamışdı, vəzifəyə görə saxtakarlıq edib bir nəfəri belə «elmlər namizədi» etməmişdi, sadəcə, AAK sədrliyinə tüpürüb ölkədən çıxıb getmişdi.

İndi, bunlar aydınlaşandan sonra Arif Mehdiyev nə deyəcək? Azad müəllimin ədalətli olaraq plagiat saydığı əsər müəllifinə saxtakarlıqla elmlər doktoru adı verilməsini necə əsaslandıracaq?

Dünyanın hansı xarabasında belə fakt olsaydı, elmi ictimaiyyət bir-birinə dəyərdi; necə ki, Almaniyanın dövlət məmuru fəlsəfə elmləri doktoru adı almaq üçün yazdığı monoqrafiyasında plagiatlıq faktı hallandığına görə istefa verdi – öz komandasınıfn şərəfli adını qorumaq üçün.

Arif Mehdiyev Azərbaycan elminin adını qorumaq üçün istefaya gedəcəkmi? Elşad Abdullayevin dissertasiyasını müzakirədən keçirən və qəbul edən Elmi Şura üzvləri elmin ləyaqəti naminə tutduqları vəzifələrini buraxacaqlarmı?

Elşad Abdullayevin plagiatlığından xəbəri olmadığını söyləmək də, buna göz yumduğunu demək də rüsvayçılıqdır. Əgər sənin plagiatlıqdan xəbərin olmayıbsa, demək, savadsızsan, dünya elmindən xəbərin yoxdur, alimliyinə bir qoz, titullarına bir quş; yox, bilə-bilə göz yummusansa, demək, cinayətkarsan, rüşvətxorsan, korrupsionersən!

Arif Mehdiyevsə hətta «xəbərim yoxdur»u da deyə bilməz. Çünki 2001-ci ildə AAK «plagiat» sayıb bu əsəri. Ancaq tutaq ki, bilməyib; hesab edək ki, ekspert yanıldıb hörmətli akademiki. Onda niyə Arif Mehdiyev həmin eksperti cəzalandırmır? Niyə Elşad Abdullayevin dissertasiyasını pəhpəhlə AAK-a göndərən Elmi Şuranı ləğv etdiyini açıqlamır?

Arif Mehdiyev bu xarabanın bir çinovnikidir və onun siyasi etika nümayiş etdirib istefaya gedəcəyini qətiyyən düşünmürəm. Ancaq bütün bu saxtakarlığın, savadsızlıq və rüşvətxorluğun İlham Əliyevin adına yazıldığına da şübhə etmirəm. Çünki Ali Attestasiya Komissiyası Prezident yanındadır, birbaşa İlham Əliyevə tabedir. Məhz onun qurduğu rüşvətxor və korrupsioner sistemin saxta alimlik dərəcəsini alanlardan biridir Elşad Abdullayev; məhz bu cinayət sistemindən keçə-keçə «professorlaşan», «akademikləşən» bir eks-rektora hazırkı titulları saxtakarlıqla, rüşvətlə ərməğan edən qurumu cəzalandırmaq yalnız İlham Əliyevin səlahiyyətindədir. İlham Əliyev bu saxtakarları durdurmağa cəsarət edəcəkmi?

Azərbaycan dünyanın elmi reytinqində axırdan yeddinci yerdədir, yəni sıfır səviyyədədir, rüsvayçı vəziyyətdədir, faciəvi durumdadır. Elşad Abdullayevi akademik seçən, Azərbaycan elmini dünyanın ən axırıncı yerinə aparıb çıxaran elm qəssablarından İlham Əliyev cavab soracaqmı?

İnanmıram – bu sistem ölkəni dağıtmaq, talamaq, məhv etməklə məşğuldur və onun elmini də qəsdən bu günə qoyurlar. Əksinə, E.Abdullayevi «professorlaşdıran» bu adamların «Şöhrət» ordeni ilə təltif olunacağına şübhə etmirəm.

Necə ki, Arif Mehdiyev 2009-cu ildə «Şöhrət»ləndi…

Çünki bu «elm xadimləri»nin hamısı ölkənin məhvi siyasətini yeridən komandaya xidmət etməklə məşğuldur; çünki Azərbaycan elminin dağıdılması, rüşvət və korrupsiya girdabına salınması, Azad Mirzəcanzadələrin ölkədən didərgin salınması, savadsız qanmazların elmlər doktoru, professor, akademik titulları ilə elmə paz edilməsi bunların düşünülmüş siyasətinin tərkib hissəsidir…

“Xural” qəzeti,

il 9, sayı: 051 (460), 05 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button