Elşadın kaseti Gülərə göndərdiyi günlə, mənim həbs olunma planımın işə düşdüyü gün eynidir

 03.10.2012

Əvəz Zeynallı: «Başıma açdıqları oyunun başında Elşadla Gülərin videosu dayanır»

Bakı Ağır Cinayətlər Məhkəməsində Hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesində saxta ittihamlarla həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının işinə baxılıb.

Əvəz Zeynallı:
– Keçən iclasda mən vəkillərə də dedim, Baş prokurorun bəyanatına münasibət bildirdim.

Hakim:

– Zeynalov, Elşad Abdullayevin işinin bu işə nə dəxli var axı?

Əvəz Zeynallı:
– Necə yəni nə dəxli var? Sizə də müraciət elədim ki, sorğu göndərin Elşad Abdullayevin vəkilinə. O, nə vaxt Gülər Əhmədova haqqında məlumatı Gülər Əhmədovanın özünə və hüquq-mühafizə orqanlarına göndərib? Mənə elə gəlirdi ki, mənim həbs olunduğum zamanla Elşad Abdullayevin məlumatı hüquq-mühafizə orqanlarına göndərdiyi zaman arasında paralellik var. İndi Sizin sorğularınıza ehtiyac qalmadı. Bu gün Elşad Abdullayev prezidentə məktub yazıb. Orda açıqlayıb ki, 11 iyul 2011-ci ildə hüquq-mühafizə orqanlarına Gülər Əhmədova ilə bağlı müraciət edib. Mənim isə başıma hadisələr iyul ayının 25-dən sonra gəlməyə başlayıb. İyul ayının axırında səsim yazılıb, avqust, sentyabr, oktyabr aylarında proses gedib, oktyabrın 19-da Gülər Əhmədova müraciət edib. O saxta yazısında da var ki, qardaş, məndən sənə nə versələr, yazma, nə deyirsən edim.

«DİSKLƏRDƏN XƏBƏRLƏRİ OLUB»

Oktyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi davam edib. Əvəz Zeynallı məhkəmənin nəzərinə çatdırıb ki, qəzetin redaksiyasında aparılan axtarış Elşad Abdullayevin Gülər Əhmədova haqda yaydığı disklə bağlı olub. Baş redaktor deyib ki, diskin Elşad Abdullayev tərəfindən redaksiyaya göndərildiyi ehtimal olunub və buna görə də redaksiyada axtarış aparılıb:

Əvəz Zeynallı:

– Ramella xanım, mən bu hadisələrin hamısından xəbərsiz olmuşam. İyulun 11-də Elşad Abdullayev hüquq-mühafizə orqanlarına və Gülər Əhmədovaya müraciət edib. Yəni, disklərdən xəbərləri olub. Bunların mənim başıma açdıqları oyunun başında Elşadla Gülərin həmin videosu dayanır. O disk məsələsinin mənim məsələm ilə birbaşa əlaqəsi var. Məni Elşad Abdullayevin bu gün yaydığı videolara görə həbs ediblər. Onlar biliblər ki, əgər mənə o materiallar gətirilsəydi, mən onu dərc edəcəkdim. Ona görə Gülər yeri gəldi-gəlmədi məndən israrla deyirdi ki, məndən sənə nə material gətirsələr dərc eləmə. Bu adam mənim peşə fəaliyyətimin 1 ildir ki, dondurulmasına səbəb olub, bunun şər böhtan dolu ərizəsilə məni həbs ediblər. İndi məlum olur ki, onun özü rüşvətxor və dələduzdur. Bu adamın ərizəsi necə hüquqi qiymət ala bilər. Mənə qarşı qaldırılan CM-nin 311-ci maddəsi bütünlüklə darmadağın olunur. Məni bu maddələrlə heç kəs ittiham edə bilməz. Ortada Gülər Əhmədova faktı var. Mən dəfələrlə vəsatət qaldırmışam ki, G.Əhmədovanın mənim səsimi yazdığı audioyazı cəmiyyətə təqdim olunsun, elə özümüz də onu youtube-yə yerləşdirə bilərik. Cəmiyyət özü qiymət vesin, orada fakt deyə inadla tutdurduğunuz danışıqlara. G.Əhmədovanın özü haqqında 311-ci maddənin bütün bəndlərilə cinatət işi qaldırılmalıdır. Nəyə əsaslanaraq 178-ci maddə qaldırılıb? Vətəndaşlara qarşı bu ikili standartlar nə deməkdir?

Hakim:

– Zeynalov, onlar hamısı araşdırılır…

Əvəz Zeynallı:

– İndi Mərkəzi Seçki Komissiyasında Gülər Əhmədovanın mandat məsələsi müzakirə olunur. Halbuki o, indi burda olmalı idi. Bu gün dindirmək istədiyiniz Zaur Mirzə Gülər Əhmədovanın şahididir. Mən onun Gülər Əhmədova olmadan dindirilməsini istəmirəm.

 Hakim:

– Biz şahidləri bura zorla tapıb gətiririk. Mən şahidi dindirməmiş buraxa bilmərəm.

Əvəz Zeynallı:

– Niyə zorla tapıb gətirirsiniz ki? Prokurorluğa mənim əleyhimə ifadə verməyə qaça-qaça gedirdilər, indi bura gəlməyə canları çıxır.

«MƏNƏ QARŞI DAHA NƏ YAZMALIYDIN Kİ?»
Sonra hakim Əvəz Zeynallının etirazlarına baxmayaraq, şahid Zaur Mirzəni ifadə verməyə dəvət etdi. Şahid bildirdi ki, əvvəllər  «Mərkəz» qəzetində müxbir işləyib. Əvəz Zeynallı ilə 2000-ci ildən münasibəti olub. Ancaq sonradan Əvəz Zeynallı «Xural» qəzetində onu gözdən salan yazılar yazıb. Buna görə də o, Əvəz Zeynallıdan inciyib.

Əvəz Zeynallı isə məhkəmənin nəzərinə çatdırdı ki, Zaur Mirzə ilə aralarında bir neçə dəfə narazılıq olub. Bu səbəbdən də şahid ona qarşı qərəzli ifadə verib.

Şahid:

– Ürəyimdə ondan incisəm də, ona qarşı heç bir qərəzim olmayıb. İstintaqda da ona qarşı ifadə verməmişəm.

Əvəz Zeynallı:

– Necə yəni mənə qarşı ifadə verməmisən? Yazmısan ki, qəzetində böhtan, təhqir, şantaj yazılar yazır. Mənə qarşı daha nə yazmalıydın ki?

Sonra vəkillər şahiddən «Xural» qəzetində şantaj, böhtan xarakterli hansı yazıları oxuduğunu soruşdular. Şahid dedi ki, yadında qalmayıb.

Daha sonra Ə.Zeynallı Z.Mirzənin 2007-ci ildə “30 İyun – Sevgililər Günü” münasibətilə təbdir keçirərkən etdityi fırıldaqlar barəsində məhkəməyə məlumat verdi: “Bu ölkədə hamı bilməlidir ki, milli maraqlarla, şəhidlərimiz ruhu ilə heç kəs oynaya bilməz. Heç kəs onların adından istifadə edib konset keçirmək adı ilə dələduzluq edib, pul yığıb, aradan çıxa bilməz. Hər kəs etdiyi hərəkətin cavabını verməlidir.”

Məhkəmə şahidin ifadəsinin işin içərisindən çıxarılmasını məqbul saydı.

İkinci şahid VN-nin Vergi Departamentinin audit şöbəsinin əməkdaşı Şahin Əsgərli çıxış etdi. O 12 ildir ki, bu sahədə çalışdığını qeyd etdi: “Vəkil mənə dedi ki, çox sağ olun ki, qəzetin vergisini 7 min “çıxarmısınız”, 70 min çıxarsaydınız neyləyəcəkdik?” Vəkil E.Sadıqov, “bu gün də sözümdə dayanıram. Hər zaman hansı rəqəmi sifariş veriblər onu da təsdiqləmək üçün dəridən-qabıqdan çıxmısınız. Sizin burada o sözü xatıqlatmanız da bizə minnət kimi qəbul etdirmək niyyəti daşıyır.” Ə.Zeynallı istintaq materiallarının içərisində VN-nin saxta sənədlər əlavə etməsinin səbəblərini saoruşdu: “Mən ölməmişdim ki, yaşayıram. Özü də Bakı İstintaq Təcridxanasındayam. Min yerə sorğu göndərdiyinizi iddia edirsiniz, niyə bir dəfə də olsun mənim yanıma gəlmədiniz? O rəqəmləri mən sizə izah edərdim. Siz hansı məntiqlə qəzetin satışını 100 faizdən hesablamısınız? Azərbaycanda hansı qəzetin satışı 100 faizdir? Budur, buyurun baxın, təsadüfən cibimdə qalan sənəd. Bizim son ayda ən yüksək satışımız olub, o da 37 faiz təşkil edir. Qəzet də 40 qəpikdən satılmır. Ağlınıza gələn rəqəmləri yazıb sonra da nələrəsə vurmusunuz, özünüzdən rəqəm çıxarmısınız. Çünki sizə yuxarıdan sifariş verilib ki, bu adamın vergilərini 3 min manatdan yuxarı çıxarın ki, haqqında cinayət işi aça bilək. Siz də sizin VN-də fırıldaq əməllərlə məşğuldur və bu əməllərinizə görə, siz də bir gün bu qəfəsə gələcəksiniz, qanun qarşısında cavab verəcəksiniz.”

Növbəti məhkəmə iclası oktyabrın 9-da saat 14.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində davam edəcək.
Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən əsasən məmurlardan ibarət qrup qəzetin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmadıqda isə baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəliblər. Hazırda Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunur. Məhkəmələr siyasi sifarişləri həyata keçirdikləri təqdirdə onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Buna baxmayaraq dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.   

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidir.

Məhkəmələrin stenoqramm yazılarını yaxın günlərdə saytımızda izləyin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button