Elxan Sadıqov Rövşən Əhmədov adından niyə istifadə edir?!

1 saylı İstintaq Təcridxanasının rəisi cəzalandırılacaq?!..

Bir neçə gün bundan əvvəl XuralTAC-ın xural.com saytında yaydığı informasiya böyük səs-küyə səbəb olub. İnformasiyada 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovun son günlərdə mətbuat orqanlarının hədəfində olan əməllərindən bəhs edilmiş, təcridxana rəisinin Nemət Pənahlını şəxsən döydüyü və tabeçiliyindəki əməkdaşları ilə onu təhqir etdiyi, işgəncəyə məruz qoyduğu haqda bir çox məqamlar dərc olunmuşdu. Yazı-xəbərdə Nemət Pənahlının Elxan Sadıqovun döydüyü və işgəncə etdiyi yeganə məhkum olmadığı bildirilir və belə deyilirdi: “Onun təcrübəsində belə hallar çoxdur. Nemət Pənahlı tanınmış siyasi xadimdir, ona görə də indi bu əməlləri mətbuata çıxdı. Elxan Sadıqov hər zaman məhkumlara işgəncə verib”. Bizi məlumatlandıran mənbə “bəs niyə onun əməllərinə reaksiya verən yoxdur” sualımıza belə cavab vermişdi: “Elxan Sadıqovun arxası möhkəmdir. Özünün dediyinə görə, ona bu ölkədə kimsə bir şey edə bilməz. Elxan Sadıqov hələ sovet vaxtında məşhur “Qara Volqa” cinayət işini açan DTK generalının yaxın qohumu olduğunu deyir. Ona görə də “kəsdiyi başın sorğu-sualı” yoxdur.”

Məlumatın dərc olunmasından sonra özünü xəbərdə adı çəkilən və bizim “DTK generalı” kimi təqdim etdiyimiz, amma adını yazmadığımız Rövşən Əhmədovun adamı kimi təqdim edən bir xanım redaksiyamızla əlaqə saxladı. Həddindən artıq əsəbi olan bu xanım bizə maraqlı informasiyalar verdi. Yazıda adı çəkilən DTK generalının əslində general yox, polkovnik olduğunu və adının Rövşən Əhmədov olduğunu bildirən mənbə, bütün israrlarımıza baxmayaraq, adını demədi və gizli qalmağı məqbul bildi: “Elxan Sadıqov çox böyük yanlışlıqlar edib özünü Rövşən Əhmədovun yaxın adamı kimi təqdim edir. Elxanın Rövşənlə heç bir qohumluq əlaqəsi yoxdur. Sadəcə, bir rayondan olublar, ikisi də şəkilidir. Elxan Sadıqov başqa bir Rövşənin – Rövşən Cavadovun qohumudur, həm də çox yaxın qohumu. Maraqlıdır ki, Elxan Sadıqov heç bir ehtiyac olmaya-olmaya tam bağlı olan və indiyə kimi açıqlanmayan çox məxfi bir əməliyyatın haqqında bəhs edib və buna görə mütləq cəzalandırılmalıdır” deyən adının çəkilməsini istəməyən xanım-mənbə bizim üçün yeni olan mətləblərdən danışdı: ““Qara Volqa” əməliyyatı təxminən 1958-60-cı illərdə keçirilən, 1974-cü ilə qədər davam edən və birbaşa Yuri Andropovun başçılığı altında aparılan ciddi bir əməliyyatdır. Bu əməliyyat o qədər əhəmiyyətli olub ki, 29 iyul 1974-cü ildə Andropov tərəfindən verilən bir sərəncamla məşhur “7-ci bölmə” iki yerə ayrılıb. Rövşən Əhmədov bütün bu işlərin təməlində dayanan adamlardan biri olub və sizin yazdığınız kimi, general olmayıb, polkovnik olub və 1990-cı ildə dünyasını dəyişib. O, həm də Azərbaycanın ilk Banditizm və Terrorizm İdarəsinin yaradıcılarından biridir. Təsadüfi deyil ki, onu tanıyanlar indi də ona “baditizm-terrorizm Rövşən” deyirlər.””

Elxan Sadıqov haqqında da bəhs edən mənbə, onun həqiqətən zalım rəis olduğunu dedi: “Elxan Sadıqov haqqında yazılanlar azdır hələ. O, təkcə kənar insanlara yox, öz yaxın adamlarına qarşı da amansızdır. Bir neçə qohumunun tutulmasında əlinin olduğu deyilir və eyni işgəncə onlara qarşı da davam edir. Elxan Sadıqov Şəki şəhərindən və Zəngəraboğulları tayfasındandır. Amma onun tayfasından heç belə zalım adam çıxmayıb”.

Adının çəkilməsini istəməyən mənbə əsəbi və israrlı şəkildə Elxan Sadıqovun cəzalandırılacağını söylədi: “Bu adam heç dəxli olmayan işlərdən danışıb və həddini aşıb. Ya işindən azad edilməli, ya da həbs olunmalıdır və əmin olun ki, elə də olacaq.”

Məlumatları 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla dəqiqləşdirmək üçün əl atdığımız bütün vasitələr boşa çıxdı. Amma rəisin həqiqətən də mərhum Rövşən Cavadovla yaxın qohum olduğunu dəqiqləşdirə bildik. Özəl kanallarımızla aydınlaşdırdıq ki, Elxan Sadıqov Rövşən Cavadovun doğmaca qaynıdır. Bizi məlumatlandıran mənbə bunu da əlavə etdi: “Abid Şərifovun adamıdır”…

Yazıda adı çəkilənlərin də münasibətini dərc etməyə hazırıq.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 031 (439),14-20 avqust 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button