Elzayla eyni masanı bölüşən Qulu Ağsəsdən istefa anonsu: “Onun şeirlərinə münasibət soruşsalar…”

“ARB TV-də başlayan “Xalqın şairi” adlı poeziya müsabiqəsindəki münsifliyimdən imtina edə bilərəm”.
Bu sözləri BakuPost.az-a açıqlamasında “Ulduz” jurnalının baş redaktoru, sözügedən müsabiqədəki 4 münsifdən biri Qulu Ağsəs bəstəkar-müğənni Elza Seyidcahanın müsabiqədə jüri üzvü olması ətrafında gəzən söz-söhbətlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, E. Seyidcahanın müsabiqəyə hansı məqsədlə dəvət edilməsindən xəbərsizdir: “ARB TV-də poeziya müsabiqəsi keçirildiyini eşidəndə çox sevindim. Çünki bu gün TV-lər, elektron KİV ədəbiyyata o qədər yer ayırmır. Qismən Mədəniyyət kanalı yer ayırır. Mən bura naşir, baş redaktor kimi qatıldım ki, istedadlı gənclər olsa, onları həm tanıyım, həm dəstək olum, həm də şeirlərini çap edim. Münsiflərdə kimlər olduğunu, açığı, mənə deməmişdilər. Mən yanımdakılara yox, müsabiqəyə qatılanlara qiymət verirəm. Elza xanımı nə məqsədlə dəvət ediblər, bunu bilmirəm. Mən müsabiqədə münsif olmağa razılıq verəndə, kimlərin münsifdə olacağını soruşmamışdım. Mən dəvət olunanda şərt kəsməmişdim ki, kim jüridə olsun, kim olmasın. Məqsədim orada istedadlı gəncə rast gələrəmsə, onu özüm üçün seçmək olub. Bir neçəsini tapmışam, qeyd etmişəm, işçilərdən əlaqə nömrələrini istəmişəm. Əlaqə saxlayıb onları “Ulduz”a cəlb edəcəyəm. Seçim turu indi başlayıb. Artıq 500 adam qatılıb. 3 seçim turu olub. Burada da istedalılar seçilib. Öz adımdan deyirəm ki, istedadı olmayanlara qırmızı kart göstərirəm. Kim ki, poeziyanın ilkin tələblərinə cavab vermir, onlara “yox” demişəm”.
Q. Ağsəs E. Seyidcahanın fikrinin müsabiqədə qeyri-obyektiv seçim edilməsinə səbəb ola biləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib:“İştirakçılara qiymət verən 4 adam var. Elza Seyidcahanın təkcə nəyəsə təsir etmək imkanları yoxdur. Təkbaşına qiymət verib, nəyisə dəyişə bilməz. Təəssüf edirəm ki, 2 otaqlı mənzil, 4 nəfər üçün nəzərdə tutulmuş yüksək mükafat, müsabiqənin özü qalıb bir kənarda, ədəbiyyat layihəsindən danışan yoxdur, hamı Elza Seyidcahanın orada jüri olmasından danışır. Söhbət predimeti söz, poeziya olmalı olduğu halda, hamı Elza Seyidcahandır. Mən layihə rəhbəriylə danışacağam. Bildirəcəyəm ki, insanların iradları var”.
Baş redaktor E. Seyidcahanın şeirlərindən bir neçəsinə rast gəldiyini bildirsə də, onları zarafat hesab etdiyini dilə gətirib: “Elza xanımın şeirlərini, düzü, oxumamışam. Bir-iki dəfə facebookda rast gəlmişəm, onları da zarafat sayıram. İnanmıram ki, elə bir şeir yazılmış olsun. Elza xanım özü də deyir ki, o şeirləri mən yazmamışam. Onun adından xeyli adam şeir yazmağa başlayıb. Bu səbəbdən artıq Elza Seyidcahan hansını yazıb, müəyyən etmək olmur”.
Jüri üzvü söhbət zamanı müsabiqədən kənarlaşa biləcəyini deyib: “Elza xanımın orada olması məsələsinə qarışmıram. Amma mən özümlə bağlı qərar verə bilərəm ki, orada qalacağam, yoxsa gedəcəyəm. Avqust ayında uşaqlar tətildə idi, boşluq idi, mənim vaxtım var idi. Artıq sentyabr çatıb. Yeni mövsüm başlayır, jurnalın yeni layihələri var, əgər bu müsabiqə mənim işimə mane olacaqsa, belə mənasız söz-söhbətlər başmı aparacaqsa, mənə dəxili olmayan suallara cavab verməli olacağamsa, yəqin ki, müsabiqədən uzaqlaşacağam. Kim istəyər, münsif olar. Layihəni dəstəkləyirəm, amma mən olacağammı, gedəcəyəmmi bilmirəm. Hələ qəti qərar verməmişəm. Mənə zəng edib, Elzanın şeirlərinə münasibət öyrənəcəklərsə, mən də optimal variant olaraq, müsabiqədən uzaqlaşmağı seçəcəyəm”.
Qeyd edək ki, ARB telekanalında “Xalqın şairi” adlanan yeni layihəynin seçim turları start götürüb. Müsabiqədə şairlik istedadı, şeir, sənət və bədii qiraət bacarığı olan iştirakçılar yarışacaqlar.
Müsabiqənin münsiflər heyətində əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, tanınmış şair Qulu Ağsəs, əməkdar incəsənət xadimi, aşıq Əhliman Rəhimov münsif kürsüsündə əyləşəcəklər.
Müsabiqə ilə bağlı ən təəccüb doğuran məqam isə münsiflər arasında əməkdar artist Elza Seyidcahanın adının olmasıdır. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçi bu dəfə özü “qiymət” verəcək.
E.Seyidcahanın şeir müsabiqəsində münsif olması sosial şəbəkədə günün ən çox müzakirə olunan mövzusuna çevrilib. İnsanlar telekanalın atdığı bu addımı tənqid edir, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirir/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button