Emin Hüseynov danışdı

emin

Ailəsi ölkədən buraxılmayan hüquq müdafiəçisi: “ABŞ üçün Azərbaycanda insan haqları məsələləri prioritet deyil…”

ABŞ Azərbaycanda son vaxtlarda siyasi məhbusların bir qisminin həbsdən buraxılmasını təqdir etməklə yanaşı, eyni zamanda hakimiyyəti həbsdə olan digər fəalları da azad etməyə çağırıb. “Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutu”nun (RATI) rəhbəri və təsisçisi Emin Hüseynov ABŞ admnistrasiyasını Azərbaycan hökumətindən ölkədə həbsdə olan digər siyasi məhbusları da dərhal azadlığa buraxmağı tələb etməyə çağırıb.
O, “Foreign Policy” jurnalında yazdığı məqalədə Azərbaycanda son illər media və vətəndaş hüquqları sahəsində vəziyyətin ciddi şəkildə pisləşdiyini qeyd edib. Hazırda Isveçrədə siyasi mühacirətdə olan Emin Hüseynov “Amerikanın səsi” radiosuna müsahibəsində son əfv fərmanı, Azərbaycanda medianın və vətəndaş cəmiyyətinin durumu, ABŞ-dan demokratiyanın müdafiəsi ilə bağlı gözləntiləri və fəaliyyətindən danışıb.
 
Əfv fərmanına münasibət bildirən Emin Hüseynov həmkarlarının azadlığa çıxmasına sevindiyini deyib, lakin bunu “siyasi girovluq proseduru” adlandırıb: “Bir şəxsləri buraxıb, onların yerini digərləri ilə doldurmağı əfv yox, sadəcə, ”siyasi girovluq proseduru” adlandırmaq olar”.
RATI rəhbəri ABŞ hökumətindən daha prinsipial mövqe gözlədiyini deyib. O qeyd edib ki, “Foreign Policy” jurnalında yazdığı məqalə ilə təkcə ABŞ administrasiyası yox, həm də Azərbaycan hakimiyyətinə fərqli səslər və onun özü kimi bir hüquq müdafiəçisinin fikrini çatdırmaq imkanı əldə etmək istəyib: “Bu gün Azərbaycan mediasında bizim məhdud imkanlarımız var və biz məcburuq ki, beynəlxalq və yerli ictimaiyyətə beynəlxalq media vasitəsilə müraciət edək”.
Emin Hüseynov hesab edir ki, ABŞ üçün Azərbaycanda insan haqları məsələləri prioritet deyil. Onun fikrincə, Amerika demokratiya məsələlərinə daha çox diqqət yetirə bilər. RATI rəhbərinin sözlərinə görə, onun məqalədə qeyd etdiyi kimi, AzadlıqRadiosunun Bakı ofisinin açılması, QHT-lərin fəaliyyətinə imkan yaradılması kimi irəli sürdüyü tələblərin yerinə yetirilməsi üçün ilk növbədə Azərbaycan hökumətinin siyasi iradəsi olmalıdır.
RATI sədri hazırkı fəaliyyəti və planlarından da danışıb. O, bir müddət müalicədən sonra insan haqları sahəsində fəaliyyətini bərpa etdiyini deyib: “Azərbaycanın insan haqları problemlərini BMT, Avropa Şurası, ATƏT çərçivəsində mütəmadi olaraq qaldırırıq və insan haqları üçün ictimai vəkillik aparırıq. Əlimizdən gələn hələ ki budur”.
O, Qərbdən və ABŞ-dan gözləntilərini də dilə gətirib:  “Qərbdən və ABŞ-dan istədiyimiz odur ki, Azərbaycan vətəndaş cəmiyyətini tək qoymasınlar. Bu gün müstəqil medianın inkişaf etməsi, alternativ düşüncə mərkəzlərinin, sivil toplum qurumlarının fəaliyyət göstərməsi Azərbaycan reallığında mümkün deyil. Biz Qərbi və ABŞ-ı, Avropa Birliyini mütəmadi olaraq çağırırıq ki, Azərbaycanla bağlı daha iradəli olsunlar”.
 
Emin Hüseynov qeyd edib ki, Qərb Azərbaycanda demokratiyanın durumu ilə bağlı narahatlıq ifadə olunan bəyanatlarla kifayətlənməməlidir: “Bundan öncəki kimi daha açıq və geniş proqramlar keçirilməli və bu proqramlar vasitəsilə vətəndaş cəmiyyəti inkişaf etdirilməlidir. Çünki Azərbaycan kimi ölkənin yeganə çıxış yolu həmin o insan kapitalını inkişaf etdirməsidir”.
RATI rəhbəri xəbərdarlıq edib ki, vətəndaş cəmiyyətinin dəstək ala bilməməsi vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər: “Köklü şəkildə nəyisə dəyişmək üçün hökumət ilk növbədə islahatlar üçün açıq olmalıdır və düşmən mövqedən əl çəkməlidir. Mən imkanım daxilində işimi, Azərbaycanda insan haqları durumu ilə bağlı mövcud fəaliyyətimi davam etdirəcəm, xüsusilə də ifadə azadlığı sahəsində”.
“Yeni Müsavat” isə xəbər verir ki, ailəsi E.Hüseynovu görmək üçün onun yanına – İsveçrəyə getmək istəyir. Amma onların ölkədən çıxışına qadağa olduğu üçün bu, mümkün olmur. Hüquq müdafiəçisi İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıxarılıb. Məlumata görə, Emin Hüseynov Azərbaycan dövləti qarşısında vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir). Həmçinin Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs-qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və E.Hüseynovun müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.
Ölkədən gedəndən sonra bir dəfə CNN kanalına müsahibə verən E.Hüseynov ondan sonra nə yerli, nə də xarici media ilə ünsiyyət qurub. Ailə üzvləri isə mediaya hər hansı informasiya verməkdən qaçır, sadəcə, onun səhhətindəki bəzi problemlərin davam etməsi ilə bağlı kiçik açıqlamalar verirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button