Emin Hüseynov Gömrük Komitəsini məhkəməyə verib

Hüquq Müdafiəçisi Dövlət Gömrük Komitəsi ilə bərabər, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı da iddia qaldırıb…

Mayın 18-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rəna Hüseynovanın sədrliyi ilə hüquq müdafiəçisi Emin Hüseynovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinə qarşı dövlət orqanın hərəkətinin qanunsuz hesab olunması, ayrı-seçkiliyin qadağan olunması və maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçı Emin Hüseynov, cavabdeh Gömrük Komitəsinin nümayəndəsi Sadıqov Müşfiq, Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin nümayəndəsi Həbibov Etimad və Maliyyə Nazirliyinin nümayəndəsi Nəsibov Samir iştirak edirdilər.

Proses zamanı hakim ilk olaraq tərəflərə barışıq sazişi bağlamağı təklif etdi. İddiaçı Emin Hüseynov yalnız Gömrük Komitəsi tərəfindən qanunsuz götürülmüş əşyalar geri qaytarıldığı, qanun pozuntusuna yol vermiş Gömrük Komitəsi əməkdaşları barədə ölçü götürüldüyü, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy əsassız hesab edildiyi, etiraf edildiyi  və  hər iki cavabdeh tərəfindən üzr istənildiyi halda barışıq sazişi bağlana biləcəyini bildirdi.

Bundan başqa, Emin Hüseynov prosesdə iştirak edən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Etimad Həbibovun maraqlı şəxs olduğundan prosesdə nümayəndə qismində iştirak etməsinə etirazını bildirdi. Hakim isə öz növbəsində Məhkəmə Ekspertiza Mərkəzinin cavabdeh qismində tanınıb-tanınmaması məsələsini tərəflərin qarşısında qaldırdı. Məsələ növbəti prosesə qədər açıq qaldı.

Proses zamanı hakim iddia ərizəsi üzrə cavabdeh qismində qeyd edilmiş Maliyyə Nazirliyindən onlara qarşı verilmiş iddia üzrə münasibətlərini bildirməyi tələb etdi. Nümayəndə növbəti prosesdə suala cavab verəcəyini bildirib.

Prosesdə iştirak edən Gömrük Komitəsinin nümayəndəsi isə iddianı qəbul etmədiklərini bildirdi.

Hakim Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin üzərinə hüquqi şəxs olduğunu təsdiq etmək üçün məhkəməyə nizamnamə təqdim edilməsi öhdəliyini qoydu.

Hakim məhkəmənin hazırlıq iclasına 10 iyun saat 11:00-da davam edilməsi barədə qərar verdi.

Xatırladaq ki, hüquq müdafiəçisi Emin Hüseynovu  fevralın 1-də Dubaydan Azərbaycana qayıdarkən gömrükdə 3 saat ac-susuz saxlayıblar və ondan 2 ədəd mobil telefon, 2 ədəd televizor, maşın üçün bir neçə lampa və maşın maqnitolası, eləcə də iki ədəd işlənmiş kameranı müsadirə edərək götürüblər. Bununla bağlı hüquq müdafiəçisi məhkəməyə müraciət edib.

“Xural” qəzeti,

İl: 9, sayı: 020 (428), 22 may-04 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button