Emin Hüseynov: “Mehmana mənşəyi bəlli olmayan 2 iynə vurublar”
“Mehman ciddi işgəncəyə məruz qalıb. Qeyri-insani davranış və ləyaqəti alçaldan ünsiyyətlə üzləşib. Kobud söyüşlərlə təhqir olunub, vurulub – bu kimi neqativ hallar vaş verib.” Bu sözləri “Amerikanın Səsi”nə açıqlamasında blogger Mehman Hüseynovun qardaşı, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov bildirib.
İşgəncə verilən zaman Mehman Hüseynovun özündən getdiyini deyən qardaşı, bloggerin 4-5 ildir ayağında varikoz damar genişlənməsindən əziyyət çəkdiyini xatırladıb. Həmin ayağından elektroşok alan Mehman Hüseynov daha sonra huşunu itirib: “Təcili tibbi yardım çağırandan sonra ona iki dənə mənşəyi bəlli olmayan iynə vurublar. Bu iynələrdən sonra onun halı bir qədər qeyri-müəyyən olub və ağır yuxuya gedib və səhər oyanıb. Ya yuxu dərmanı, ya kəskin ağrıkəsici olub, nə olduğunu indi demək bir az çətindir. İndi onu müstəqil həkim müayinəsindən keçirmək istəyirik.”
Bu işgəncə faktlarının həm onun saxlandığı yerdə, həm də daha sonra polis idarəsindən baş verdiyini söyləyən Emin Hüseynov sonradan Mehmanın Mütəşəkkil Cinayətklarlıqla Mübarizə İdarəsinə, oradan da Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıldığı deyib. Hüseynovun sözlərinə görə, bu hadisə həm Mehmanın bloggerlik fəaliyyəti, həm də RATİ direktoru olaraq onunla bağlı ola bilər.