Emin Milli namizəd Erkin Qədirlidən və dəyişimdən yazdı…

Emin Milli 9 fevral 2019-cu ildə keçiriləcək seçkilər və dəyişim haqqında status paylaşıb. Xural.com statusu təqdim edir:

“Bu əziz dostum Erkinlə birlikdə çəkdirdiyim ən xoşuma gələn şəkildir. Həbsdən əvvəl bu şəkili deyəsən Nigarın ad günündə çəkdirmişdik.

Erkin mənim üçün Azərbaycanda ən müstəqil, dəyərli, bilikli və marağlı insanlardan biridir.

O həm həqiqi dövlətçilik nədir, həm də cəmiyyətin gücünün vacibliyini anlayır və bu iki gücün birlikdə işləyəndə hansı siyasi möcüzələrin mümkün olduğunu gözəl təsvir edə bilir. Erkinin bu seçkiyə qatılmağını və öz şərtlərini də açıq şəkildə irəli sürməsini də dəstəkləyirəm.

Çoxları bunu hələ anlamır, amma bəzi insanlar bunu artıq anlamağa başlayır. Azərbaycan yavaş-yavaş dəyişir. Azərbaycanda dəyişim üçün yeni imkanlar və yeni vəziyyət yaranır.

Danışdığım və görüşdüyüm ən radikal aktivistlər də belə repressiyaların yumuşalmasını, iqtisadi sferada son zamanlar baş verən müxtəlif dəyişikliklər gördüklərini özləri təsdiq edirlər, amma bu mövzuda hələ açıq danışmaqdan qorxurlar və ya haqqlı olaraq biraz ehtiyyat edirlər.

Çox marağlı bir vəziyyət yaranıb. Hakimiyyət açıq deyir ki, ölkəyə yeni müxalifət lazımdır, amma bunu nece edəcəklərini bilmirlər və görmürlər. Cib müxalifəti işə yaramadı və yaramayacaq da. İlham Əliyev bir çıxışında elə də dedi ki, yaxın zamanlarda yeni müxalifətin yarana biləcəyini görmür. Amma mən görürəm və nəyi gördüyümü izah etməyə çalışacam.

Mən düşünürəm ki, bu parlament seçkiləri belə bir yeni və müstəqil müxalifətin yarana bilməsi üçün tarixi bir şans yaradır. Köhnə müxalifətin ən böyük hissəsi öz xoşu ilə bu seçkilərdə iştirak etməyəcək. Bu qərarı dəstəkləyirəm və alqışlayıram. Güclərini, imkanlarını düzgün qiymətləndirib ağıllı bir qərar verdilər. Bu insanların mübarizəsinə də hörmət edirəm, amma onlar keçmişdir, fikirləri də, dəyərləri də, yanaşmaları da, gələcəkdə onları sadəcə görə bilmirəm. Onların bilikləri və bacarıqları da yoxdur ki, bu dövləti idarə edə bilsinlər. Günah onlarda deyil, amma bu bir reallıqdır.

Başqa bir tərəfdən müstəqil və öz iş sahələrində uğur qazanmış, cəmiyyətdə hörmətə malik olan insanların bu seçkidə iştirak etmək istəklərini görüb çox sevinirəm.

Hakimiyyət 20-30-40 nəfər belə müstəqil düşünən, professional, vətənpərvər insanların parlament seçkilərində qələbələrini qəbul edərsə, onlara mane olmazsa, bu Azərbaycanda hamımızın istədiyi yeni müxalifətin yaranması yolunda atıla biləcək ilk və ən vacib addım ola bilər.

Hər kəs anlamalıdır və qəbul etməlidir ki, Azərbaycanda bir günə heçnə dəyişə bilməz. Dəyişsə də belə orda çox böyük təhlükələr ola bilər. Düşmənlərimiz çoxdur və onlar güclüdür. Səbrli olmaq lazımdır, ehtiyatlı olmaq lazımdır, hakimiyyətin qorxularını da, marağlarını da nəzərə almaq lazımdır, amma cəmiyyəti də gücləndirmək və insanların daha azad və gözəl yaşamaq tələblərini də nəzərə alıb, təmin etmək mütləqdir.

Hakimiyyət yeni müxalifət yaratmamalıdır və yarada da bilməz, hakimiyyət xalqın istədiyi bir qrup insana sadəcə indi mane olmayıb sonra onlarla yeni qaydalarla işləməyə cəhd etməlidir. Hər iki tərəf bir-birini anlamalıdır və biz cəmiyyət və dövlət olaraq irəliyə bir neçə addım atmalıyıq. Birlikdə!

Mənə qarşı deyiləcək növbəti böhtanları, yalanları və təhqirləri indidən cavabını vermək üçün siyasətçi olmadığımı, seçkilərdə iştirak etməyəcəyimi və heç vaxt heç bir vəzifədə gözüm olmadığını, belə təkliflərə hər zaman yox dediyimi və bundan sonra da yox deyəcəyimi bir daha bəyan edirəm.

Mənim yeganə marağım və istəyim Azərbaycanın inkişafıdır. Bu sahədə boş sözlər yox, vacib işlər görmüşəm və bundan sonra da görəcəm. Həm dövlət, həm də cəmiyyət güclənməlidir. Bütün dəyərli dostlara da bu seçkilərdə uğurlar arzulayıram. Hakimiyyətin bu tarixi vəziyyəti yenidən dəyərləndirib düzgün qərar verməsinə də ümid edirəm.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button