Erdoğan Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədi təsdiqləyib

Finlandiya üzvlük üçün Alyansa Ruisyanın Ukraynaya təcavüzündən sonra müraciət edib

Türkiyə prezidenti Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyası ilə bağlı ölkə parlamentinin qərarını təsdiqləyib.

NATO-nun baş katibi Finlandiyanın yaxın günlərdə Alyansa rəsmi şəkildə qoşulacağını bildirib. Finlandiyanın xarici işlər naziri isə ölkəsinin bu Alyansa ən geci iki həftəyə qoşulacağına inandığını deyib.

Nazirin sözlərinə görə, Finlandiya gələn həftənin əvvəlində NATO-ya üzv olmaq üçün rəsmi dəvət ala bilər. Onun sözlərinə görə, yekun sənədlərin işlənməsi də bir həftədən çox çəkməyəcək.

Əvvəllər bitərəf olan Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzünə başlayandan sonra NATO blokuna daxil olmaq qərarına gəlib.

Macarıstan və Türkiyədən başqa Alyans ölkələrinin əksəriyyəti bu qərarı alqışlayıb.

Amma martın 27-də Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzv olmasına yaşıl işıq yandıran sənədi ratifikasiya edib. Artıq Ankaranın da belə bir addım atmasından sonra Finlandiyanın NATO-ya üzvlüyünə heç bir maneə qalmayıb.

Bir çox ekspertlər Finlandiyanın NATO üzvlüyünə qəbulunu Moskvanın böyük geosiyasi uğursuzluğu hesab edirlər.

Finlandiyanın Rusiya ilə sərhədinin uzunluğu 1340 kilometrdir. Ölkə NATO-ya qoşulduqdan sonra bu, Rusiyanın NATO ilə sərhədi olacaq.

Finlandiya və İsveç mədəni, iqtisadi və siyasi baxımdan yaxın partnyordurlar.

Martın 22-də İsveç parlamenti də ölkənin NATO-ya qoşulması haqqında qanunu qəbul edib.

NATO üzvü olan Macarıstan və Türkiyə hələki İsveçin bu istəyinə müsbət qərar verilməyiblər.

Macarıstan mövqeyini İsveçin onun daxili işlərinə qarışması ilə əsaslandırır.

Türkiyə isə İsveçdən Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı daha sərt mövqe nümayiş etdirməyi və terrorda ittiham etdiyi 100-dən çox siyasi sığınacaq kürd fəalın ekstradisiyasını tələb edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button