Ərdoğanın rəqibi Fətullah Gülən mühacirətdə vəfat edib
ABŞ-da məskunlaşan müsəlman din xadimi Fətullah Gülən 83 yaşında vəfat edib. Bu barədə onun moizələrini dərc edən “Herkul” internet saytı xəbər verir.
“Bizim müəllimimiz bir müddət müalicə aldığı xəstəxanada 2024-cü il oktyabrın 20-si saat 21:20-də vəfat edib”, – saytın X sosial şəbəkəsində oktyabrın 21-də dərc etdirdiyi paylaşımda deyilir. O əlavə edib ki, yaxın saatlarda Gülənin həkimi bəyanat verəcək.
Gülən bir vaxtlar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olub. O, 2016-cı ildə Türkiyədə uğursuz nəticələnən dövlət çevrilişinin əsas təşkilatçısı olmaqda ittiham edilib.
Məlumatda Gülənin hansı xəstəlikdən müalicə aldığı açıqlanmayıb. Gülən 1999-cı ildən ABŞ-da mühacirətdə yaşayıb. O, 2017-ci ildə Türkiyə vətəndaşlığından məhrum edilib.
“CNN Türk” Gülənin yaxın qohumuna istinadən bildirib ki, “Herkul”un yaydığı məlumat doğrudur.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Gülənin vəfatı ilə bağlı Türkiyə kəşfiyyatının məlumatını təsdiqləyib, onu “qaranlıq təşkilat”ın lideri kimi təqdim edib.
2016-cı ildə Ərdoğan və hökumətə qarşı dövlət çevrilişinə cəhd Türkiyə üçün dönüş nöqtəsi olub. Həmin vaxt əmrə tabe olmayan hərbçilər döyüş təyyarələri, tank və digər ağır hərbi avadanlığı qaçırıblar. Hadisələr zamanı 250 nəfərə yaxın adam həlak olub.
Həmin hadisələr nəticəsində Türkiyə hökuməti Gülənin şəbəkəsinə qarşı ölüm-dirim müharibəsi elan edib. Türkcə “xidmət” mənası kəsb edən “Hizmet” adlı şəbəkənin rəhbəri dövlət çevrilişi cəhdinə cavabdehlik daşıması ittihamlarını qətiyyətlə rədd edib.
Türkiyə “Hizmet”i terrorçu təşkilat hesab edir. Qeyri-şəffaf, lakin nüfuzlu qrup sayılan “Hizmet” daha çox təhsil və vətəndaş cəmiyyətin təşviqi ilə bağlı fəaliyyətlərlə məşğul olub.
Dövlət çevrilişi cəhdindən sonra on minlərlə insan işdən azad və həbs ediliblər. Həmçinin Gülənlə özəl məktəbləri şəbəkəsi vasitəsi ilə əlaqələri olan ölkələr və rəsmi Ankara arasında münasibətlər olduqca gərginləşib.
Gülənə qarşı kampaniya Türkiyənin regional müttəfiqləri arasında da yayılıb. Bəzi Orta Asiya ölkələrinin hökumətləri Türkiyədə dövlət çevrilişindən əvvəl fəaliyyətə başlayan və din xadimi ilə əlaqəli olan institutlara qarşı repressiyaları gücləndiriblər.
Son illərdə Gülənlə əlaqədə ittiham olunan Türkiyə vətəndaşlarının həbs olunduğu və Türkiyəyə məcburi göndərildiyi barədə məlumatlar yayılıb.
Belə halların birində təhsil xadimi Orxan İnandı Türkiyə xüsusi agentləri tərəfindən oğurlanıb. O, 2021-ci ildə zorla Türkiyəyə gətirilib. Bu ilin iyununda hər iki ölkənin vətəndaşı olan İnandıya “silahlı terrorçu qrupunun yaradılması” ittihamı ilə 21 həbs cəzası kəsilib.