Əri həbs olunan tənha qadın: “Ölkə başçısından çörək yox, ədalət istəyirəm”

“Dəfələrlə məktublar, teleqramlar göndərmişəm, aksiyalar etmişəm, ancaq baxan yoxdur”

Göyçay sakini Mollayeva Kütahi Sədulla qızı II qrup əlil  həyat yoldaşı Mollayev Vaqif Paşa oğlunun şərlənərək həbs olunduğunu deyir.

Onun sözlərinə görə, 2019-cu il noyabrın 19-da xəstə  övladını Bakıya həkimə apararkən həyat yoldaşına naməlum şəxs tərəfdən zəng gəlib və Yasamal rayonuna çağırılıb.

“Yoldaşım heç bir sərhəddi keçməyib, amma ittihamda sərhəddikeçmə var”

Həmin ünvana çatarkən qəflətən maşına edilən hücum nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb:

“Avtomobildə şahid kimi baldızım Tamara Mollayeva və xəstə övladım Seymur Mollayev olub. O, zəng edən adamın sözü ilə 3 saylı “ASAN xidmət”in qarşısına gedib. Xəstə həyat yoldaşım ora çatan kimi hücum ediblər, sonra maşından sürüyüb salıblar öz maşınlarına. Övladımı da təpiklə arxa oturacaqdan vurub salıblar yerə. Baldızımı da əllərindən tutub saxlayıblar ki, guya  bunlar narkotik istifadəçiləridir. O maddələrdə sərhəddikeçmə, qaçaqmalçılıq ittihamı var. Amma yoldaşım heç biri sərhəd keçməyib. 3 saylı “ASAN xidmət” nə vaxtdan sərhəd-keçid məntəqəsi  olub? Həyat yoldaşım nə narkotik istifadəçisi, nə də alıb-satandır. Təəccüb doğuran işdir”.

“Bir gecə baldızımı saxlayıb iki gün hərbi xidmətdə travma alan xəstə övladımla birlikdə Gömrük İdarəsinə aparıblar. Orada övladımı atasının gözü qarşısında döyüb alçaldıblar. Sonra “paykovoy” vəkil tutub həyat yoldaşımı məcbur ediblər və inandırıblar ki, imza at buraxılırsınız. Şərləmə ittihamla 11 ay istintaq təcridxanasında saxlanılıb. Bu müddət ərzində ərazidə DİN-nin, “ASAN xidmət”in müşahidə kamerası var. Amma kamera çəkilişləri yoxa çıxarıldı. O videolar həyat yoldaşımın lehinə idi. Vilayət Eyvazovun qəbulunda olanda “Həyat yoldaşınız sərhəddə tutulub?” sualını verəndə dedim: “Xeyr, sizin qurumun oyuncaq kamerasının qarşısında saxlanılıb”. Dedi ki, araşdırılacaq, amma cavab gəlmədi”, – deyə o bildirib.

“Müstəntiq  dedi ki, 30 min gətirin, buraxaq”

Mollayev Vaqif. Foto: Ailəsindən

Bir ilə yaxın çəkən istintaq müddəti nəticəsində həyat yoldaşına Cinayət Məcəlləsinin 206.6.5, 234.4.3 və 234.2.3-cü maddələri  ilə on il həbs qətimkan tədbiri seçilib.

Kütahi Mollayeva və baldızı Tamara Mollayeva bunu sifarişli həbs hesab edir və illərdir ki, çəkməçi işləyən Vaqif Mollayevin  narkotik istifadəçisi olmadığını israr edirlər.

Bildirirlər ki, hətta müstəntiq onlardan 30 min rüşvət tələb edib, rüşvət verilmədiyi üçün ona ağır həbs cəzası verilib.

Bacısı Tamara Mollayeva deyir ki, şahid kimi 4 gömrük əməkdaşı məhkəmələr boyunca ziddiyətli danışıb:

“Biri dedi ki, guya maşından çantanı götürüb qaçıb, ancaq ortalıqda çanta yoxdur. Biri dedi ki, oğlunu götürüb qaçıb, ancaq xəstə uşaq maşında yataq vəziyyətində olub. O biri dedi ki, maşında 70 yaşlı qarabəniz, hicablı qadın olub. Halbuki mən 50 yaşımdaydım, sarışınam və çarşablı deyiləm. Məhkəmədə hakim soruşdu ki, qadını tanıyırsansa, göstər. Ön sırada əyləşdiyi halda tanımadı, dedi ki, bu gün o qadın  gəlməyib. Ordaca yalanını çıxardıq. Hal şahidi deyir ki, kişinin cibindən bu qədər narkotika çıxıb, o birilər deyir ki, yox çantası vardı. Axırda hakim Əhməd Quliyev dedi ki, məqsədiniz kişini 10 il həbsə göndərməkdir. Demək, öncədən planlı işdir ki, həbsin müddətini bilirdilər. Kameraların açılmasını tələb etdik, vəkil tutduq. Kamera işləmirsə, cinayət işlərini necə sübut etmək olar?“.

“Müstəntiq  dedi ki, 30 min gətirin, buraxaq. 25 min atasına, 5 min də oğluna görə. Mən dedim ki, xəstə uşaq neyləyib ki? Dedi ki, guya atası nə edib ki? “Yuxarıya pul lazımdır, ora çatacaq”, – dedi. Yuxarılar dilənir? Ciblərini sadə vətəndaşları şərləyib həbs etmək doldururlar. Mən çalışıram, gəlinimiz çirkab ayaqqabı tikə-tikə balalarına çörək qazanır, müstəntiq isə 30 min rüşvət tələb edir. Apelyasiya Məhkəməsinə şikayət verəndə hakim Elmar Məmmədov dedi ki, 39 səhifəlik nağılı oxuyanam? Özləri bu ilin nağıl olduğunu deyir. Bu ölkədə insan taleyinin kartof, soğandan fərqi yoxdur.  Bütün bu şərləmələrə rəğmən sübutsuz, dəlilsiz ona həbs oxundu”, – deyə Tamara Mollayeva bildirir.

“Gömrüyün şəri üzündən həyat yoldaşım həbsdədir”

Kütahi Mollayeva 5 ilə yaxındır  ki, həbs həyatı yaşayan həyat yoldaşının işinə təkrar baxılmasını, araşdırılmasını istəyir və ona verilən maddələrin qərəzli, sifarişli olduğunu deyir.

Kütahi Mollayeva. Foto: Meydan TV

Onun sözlərinə görə, 26 il ərzində çəkməçi kimi çalışaraq üç oğul övladı böyüdüb, artıq bu onun üçün çətindir. Gənc övladlarının gələcək taleyi, 65 yaşlı həyat yoldaşının qanunsuz həbsi onu çox incidir.

Müxtəlif aidiyyəti qurum və təşkilatlara çoxsaylı müraciətləri isə geri qayıdır, ya da “araşdırılacaq” deyilib yola verilir:

“Mən 26 ildir ki, çəkmə tikib, təmir edirəm. Çörəyimiz bu sənətdən çıxır. Heç evimiz belə yoxdur, baldızımın təmirsiz  evində yaşayırıq. Gündəlik qazancımı yüzlərlə məktub və teleqramlara xərcləyirəm. İki çörək alsam, sevinirəm. Həyat yoldaşım əlildir, yaşlıdır, xəstədir. 4 il 8 aydır ki, həbs  yatır. Hər yerə məktubum var, Prezidentə göndərdiyim məktubların sayı itib. Ən son Baş prokuror  Kamran Əliyevin qəbuluna düşdüm. Dedi ki, araşdırıb kömək edərəm, ondan da səs çıxmadı. Gömrüyün şəri üzündən həyat yoldaşım həbsdədir. Ali Məhkəmədə İnam Kərimovun qəbuluna gedirəm, Vəsilə adlı qadın qəbul edir, yola verir. Niyə bunlar kreslosunda əyləşib əhaliyə xidmət etmir? Gedirsən Prezident Administrasiyasına, polislər qoymur. Orada təkadamlıq aksiya etdim. Günahımız olsa, belə riskə gedərəm?”.

Foto: Meydan TV

“Məhkəmələr ədalət deyil, xəyanət yuvasıdır”

Tənha qadın ədalət axtarışındadır. Deyir ki, sifarişli hökmlər oxuyan  məhkəmələr onun gözündə xəyanət yuvasıdır:

“Ailə başçısını itirmiş adamam. Mən ölkə başçısından və aidiyyəti qurumlardan ədalət istəyirəm, ev, çörək yox. Çökmüşəm, asan deyil, 3 övlada bax, həbsxanaya get və şərlə mübarizə apar. Məhkəmələr ədalət deyil, xəyanət yuvasıdır. Bu iş yenidən araşdırılsın. Günahı dəlillə sübut edilsin, əgər günahı varsa, lap məni də həbs etsinlər. Övladlarımın atası ailəsinin başında olsun, tək istəyim budur”.

“Bu işdə ən real tətbiqetmə mexanizmi Əfv sərəncamıdır”

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə deyib ki, hadisənin üstündən uzun zaman keçib. Ona görə də belə işlərdə hüququ anlamda ittihamın əsassızlığı ilə bağlı addım atmaq, adətən, gec olur.

Onun fikrincə, yeni açılmış hallarla bağlı isə tətbiq olunan hüquqi konsepsiyanın praktiki tətbiqi isə olduqca çətindir:

“Bu nadir hallarda baş verir. Yeni açılmış hal kimi çox ciddi əsaslar ortalığa qoyulmalıdır. Bu  hal isə odur ki, Apelyasiya və Ali Məhkəmənin kassasiya şikayətləri var. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünə yenidən baxılması üçün tərəflərə məlum olmayan hallar ortalığa çıxmalıdır. Bu şəxsin qanuni əldə edilmiş  təqsirsizliyini sübut edəcək səs yazısı, işgəncə faktı ortaya çıxa bilər. Məsələn, “Tərtər işi” kimi. Avropa Məhkəməsinin qərarı ola bilərdi, ancaq indiki halda bu iş o məhkəməyə qədər aparılmayıb. Ona görə yeni açılmış hallarla bağlı nəsə etmək çətin görünür”.

“Bu işdə ən real tətbiqetmə mexanizmi Əfv sərəncamıdır. Əfv sərəncamı ilə azadlığa buraxıla bilər. Sərəncamın da  dəqiq vaxtı bilinmir. Bəzi ehtimallara görə, 31 dekabr və yaxud gələn ilin martında olacağı gözlənilir. Əvvəlki illərdə martda bayram münasibəti ilə əfv sərəncamı imzalanıb. Onun üçün qeyri-müəyyən vəziyyətlə bağlı  nəsə etmək çətindir. Əfv sərəncamının vaxtı dəqiqləşdiyi andan etibarən onda artıq müraciət etmək olar. O vaxta qədər şəxsə kəsilmiş 10 il həbs də yarıdan keçəcək”, – hüquq müdafiəçisi belə deyib.

Vətəndaşın səsləndirdiyi iddialarla bağlı Dövlət Gömrük Komitəsi və  Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button