Erməni müxalifətinin etiraz dalğası: Hadisələrin icmalı

Yayımlandı: 18 İyun 2024 17:11

Rəsmi məlumatlara görə, 98 nəfər saxlanılıb

Son aylar Ermənistanda müxalifətin hökumətin tərkibini dəyişmək tələbləri və etirazları ilə bağlı böyük problemlər yaşanır. Müxalifət Baş nazir Nikol Paşinyanın və onun komandasının istefasını istəyir və hesab edir ki, onlar Dağlıq Qarabağ münaqişəsindən sonra ölkəni pis idarə edirlər. Etirazçılar korrupsiya, hökumətin qeyri-effektivliyi barədə danışır və siyasətdə dəyişikliklərin zəruriliyindən bəhs edirlər.

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edir.

Onlar hesab edir ki, Paşinyan Dağlıq Qarabağ münaqişəsindən sonra ölkənin idarəçiliyini bacarmır və hakimiyyətin dəyişməsini tələb edirlər. Müxalifət həmçinin şəffaflılığın və ədalətliliyin artırılması üçün seçki sisteminin dəyişdirilməsini hədəf götürüb. Buraya seçkilərdə saxtakarlığın qarşısını almaq üçün qanunvericiliyin dəyişdirilməsi və seçkilərə etimadın artırılması daxildir. Etirazçılar həmçinin korrupsiya və dövlət strukturlarında hökumətin qeyri-effektivliyi problemlərinə diqqət yönəldir. Onlar korrupsiya əleyhinə islahatlar və ölkənin idarəçiliyinin yaxşılaşdırılmasını tələb edirlər. Bundan əlavə, müxalifət işsizlik, yoxsulluq və sosial xidmətlərin bütün vətəndaşlara əlçatan olması məsələlərini müzakirə edir.

“Vətən Naminə Tavuş” Hərəkatının başçısı Baqrat Qalstanyan Ermənistandakı etirazların əsas liderlərindən birinə çevrilib. O, fəal şəkildə mitinqlər və etiraz aksiyaları təşkil edir, çıxışlarında hərəkatı dəstəkləməyə çağırır. Baqrat Qalstanyanın dini statusu və nüfuzu müxalifətçilərin və hərəkatın tərəfdarlarının səfərbər olunmasında əhəmiyyətli rol oynayır. Arxiyepiskop Qalstanyanın rəhbərliyi ilə “Vətən Naminə Tavuş” Nikol Paşinyanın istefası tələbi ilə bir neçə əhəmiyyətli etiraz aksiyası keçirib.

2024-cü ilin iyunun 9-dan 13-dək “Vətən Naminə Tavuş” Hərəkatının fəalları Yerevanda parlament binası qarşısında fasiləsiz etiraz aksiyası təşkil ediblər. Onlar Baş nazirin istefasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Aksiya zamanı hərəkatın tərəfdarları güc strukturları ilə toqquşub. Sonuncular iştirakçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə ediblər. Polis su şırnaqları və səs qumbaralarından istifadə edib. Nəticədə təkcə aksiya iştirakçıları yox, həm də jurnalistlər xəsarət alıb. Rəsmi məlumatlara görə, 98 nəfər saxlanılıb.

Həmçinin hərəkatın onlarla üzvünün və liderlərinin, o cümlədən müxalifətçi “Daşnaksütyun” Partiyasının rəhbərlərindən biri olan Gerasim Vardanyanın saxlanılmasına dair məlumatlar daxil olub. Vardanyan insanları etiraz aksiyalarına cəlb etmək ittihamı ilə bağlı cinayət işinə görə saxlanılıb. Vardanyanın saxlanılmasından sonra partiyanın digər üzvləri də nəzarətə götürülüb. Onlar insanları etiraz aksiyalarında iştiraka məcbur etmə barədə cinayət işi əsasında həbs olunub. Hakimiyyət müxalifət partiyalarının, o cümlədən “Daşnaksütyun”un ofislərində axtarışlar aparıb, qeyri-qanuni fəaliyyətə görə fəallara qarşı sanksiyalar tətbiq edib.

Dağlıq Qarabağ icmasının liderləri də təzyiqlərə məruz qalıb. Ermənistanın güc strukturları icmanın keçmiş başçılarının, o cümlədən merlərin və digər rəhbərlərin həbsinə başlayıb. Dağlıq Qarabağın Aterk kəndinin keçmiş başçısı Vardan Qriqoryan sərt şəkildə saxlanılaraq maşınından çıxarılıb. Onun uşaqları yolda tək qalıb. O sonra ittiham irəli sürülmədən sərbəst buraxılıb. Stepanakertin (Xankəndinin) “meri” olmuş David Sarqsyan fırıldaqçılıqda və saxta sənəd hazırlamaqda ittiham olunaraq həbs edilib. Əsgəranın keçmiş “meri” Ayk Şamiryan da etiraz aksiyaları ilə bağlı saxlanılıb.

Müxalif siyasətçilər etiraz aksiyalarını müdafiə edib. Onlar iyunun 9-da hazırkı hökumətin istefası barədə məsələnin müzakirəsi üçün parlamentin növbədənkənar iclasının çağırılmasını təklif ediblər. İclas bir neçə dəfə təxirə salınıb və iyunun 17-nə təyin olunub, amma kvorumun olmaması səbəbindən yenə də baş tutmayıb.

Hadisələr davam edir və Ermənistan hakimiyyəti ölkədə köklü dəyişikliklər tələb edən müxalifətin çağırışları ilə qarşı-qarşıyadır. Gərgin siyasi vəziyyətdə əsas suallar hakimiyyətin sonrakı addımları, etiraz aksiyalarına reaksiyası və razılıq əldə etmək üçün münaqişə tərəfləri arasında mümkün danışıqlardan ibarətdir.

“Kavkazski uzel”in materialları əsasında

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button