Ermənilər Bakıya niyə gəlmədi?!

Redaksiyamıza Beynəlxalq İnsan Haqlarının qorunması ilə əlaqədar 21 sentyabr 2000-ci il BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq Ermənistan-Azərbaycan Qadınlarının 10 dekabr 2010-cu il tarixində keçirilən beynəlxalq konfransının açıqlaması daxil olub. Açıqlamada deyilir:

”Azəri-Türk Qadınlar Birliyi hər zaman Azərbaycanın haqlı davasını dünyada təbliğ edən bir təşkilat olaraq dövlətimizin yanında olmuşdur. Təbii ki, dövlətimizin haqlı davasını müdafiə edərkən Azərbaycanın haqlı davasını – Qarabağ problemini dünyaya çatdırmışıq.

2009-cu ilin mart ayında Bakıda qonaq etdiyimiz Belçikanın Senatoru xanım Dominik Tilmans Azərbaycanda keçirdiyi çoxsaylı görüşlərdə Qarabağ həqiqətləri barədə müfəssəl məlumata sahib olduqdan sonra, 4-5 may 2010-cu il tarixində Brüssel şəhərində, Belçika Senatında Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin nümayəndələrinin və diplomatik korpusun iştirakı ilə “Barış qadınlardan keçər” “Bir azərbaycan və erməni dialoq cəsarəti göstərir” adlı beynəlxalq konfrans təşkil etdi. Beynəlxalq və yerli Belçika mətbuatının geniş işıqlandırdığı həmin konfransda Azərbaycan tərəfindən məruzəçi olaraq Azəri-Türk Qadınlar Birliyinin sədri TənziləRüstəmxanlı dəvət edilmişdi. Həmin tədbirdə Azərbaycan həqiqətlərini geniş şəkildə dinləyicilərin diqqətinə çatdırmışdı. Azərbaycanın sülhsevər dövlət olduğunu və ermənilər tərəfindən təcavüzə uğradığını dilə gətirişdi. Tənzilə xanımın çıxışının doğurduğu reaksiya Ermənistanın Belçikadakı səfirinin tədbiri yarımçıq tərk etməsi ilə nəticələndi. Keçirilən tədbir təkcə Azərbaycan deyil, Fransa, Belçika və Türkiyə mətbuatında da geniş rezonans doğurdu. Bu konfransın davamı olaraq, bu ilin sentyabr ayının 21-22 tarixləri arasında Gürcüstanın paytaxtı Tiflis şəhərində ikinci böyük konfransı keçirildi. Erməni tərəfi birinci nümayəndələrinin bizim arqumentlərimizin qarşısında acizliyini görərək, onu başqa bir nümayəndə ilə dəyişmişdilər. Ancaq bu dəfə də Azərbaycan tərəfi olaraq, haqlı davamızı müdafiə etdik və Qafqazda davamlı barışın olması üçün Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsini dilə gətirdik. Tənzilə xanım çıxışında “Azərbaycan olaraq bir qarış torpağımızdan imtina etmərik. Əlbəttə, biz barışdan yanayıq. Mənim üçün sülh və barışdan danışmaq asan deyil. Bu müharibəni Azərbaycan başlatmayıb, bu müharibə mənim torpaqlarımda, mənim soydaşlarıma qarşı baş verib. Bu savaş üzündən 25 min şəhid vermişik. Bir milyondan çox qaçqınımız var. Torpaqlarımızın yüzdə iyirmisi işğal altındadır. Bütün bunlara rəğmən, biz barış istəyirik. Ancaq davamlı barış üçün problem kökündən çözülməlidir. Birmənalı olaraq bilinməlidir ki, Azərbaycan torpaqlarından vaz keçməyəcəkdir. Davamlı barış üçün Qarabağın azərbaycanlı icması öz torpaqlarına qayıtmalıdır. Ermənistan silahlı qüvvələri də o torpaqlardan çıxmalıdır. O zaman Qafqazda əbədi barış əldə edilə bilər. Qarabağdan başqa işğal olunan rayonlarımız da azad olunmalıdır”.

Hər zaman özünü sülhün tərəfdarı kimi təqdim edən ermənilərin yalanlarını alt-üst etmək üçün bir qadın təşkilatı olaraq, son dərəcə uğurlu bir revanş etdik və tədbirdə iştirak edən xarici nümayəndələrin reaksiyası da deməyə əsas verirdi ki, ikinci mərhələdə də biz qazandıq.Bu toplantıların üçüncüsünün dekabr ayında paytaxtımız Bakı şəhərində keçirilməsi Belçika senatoru, xanım Dominik Tilmans tərəfindən arzu olunmuşdur. Bakını sevdiyini və mütləq şəkildə bu görüşün paytaxtımızda keçirilməsini istəyirdi. Hesab edirik ki, üçüncü mərhələnin ölkəmizdə keçirilməsi beynəlxalq təşkilat nümayəndələrinə Qarabağ həqiqətlərini anlatmaq, eyni zamanda azərbaycanlılarla bir arada yaşamağın mümkünsüzlüyünü hər zaman dilə gətirən erməni tərəfinə jest baxımından çox önəmlidir. Keçən görüşlərdən əldə etdiyimiz qənaət deməyə əsas verir ki, erməni tərəfi ilə dialoq beynəlxalq ictimaiyyətin önündə bizi daha da haqlı vəziyyətə gətirib çıxarır. Çünki təcavüzkar olduqları halda əzilən rolunu oynayan ermənilər bizim olmadığımız arenalarda öz yalanlarını rahat şəkildə yaysalar da, bizim arqumentlərimiz onları çıxılmaz vəziyyətdə qoyur.

Azəri-Türk qadınlar Birliyini təşkilatçılığı ilə Belçika senatının senatoru xanım Dominik Tilmansın rəhbərliyi ilə BMT Təhlükəsizlik şurasının 21 sentyabr 2000- ci il tarixində qəbul etdiyi 1325 saylı qətnaməsindən irəli gələrək Beynəlxalq İnsan haqları günü ilə bağlı dekabrın 10-da Bakıda “Barış qadınlardan keçər” adlı beynəlxalq konfrans keçirildi. Konfrans çərçivəsində dəvət olunan qonaqlara Azərbaycanın bugünki inkişafı, Qarabağ həqiqətləri, əsirlikdə və girovda olan İnsanlarımızın taleyi haqqında məlumat verildi. Tədbir Beynəlxalq aləmdə ölkəmizin təbliğatı baxımından çox önəm daşayırdı.“ Barış qadınlardan keçər” Beynəlxaq insan haqqlarının qorunması ilə əlaqədar konfransında açılış nitqi ilə Azəri-Türk Qadınlar Birliyinin sədri, layihənin Azərbaycan üzrə rəhbəri Tənzilə Rüstəmxanlının çıxışından sonra, Belçika Senatının senatoru, layihənin rəhbəri xanım Dominik Tilmans məruzə ilə çıxış etdilər. Ermənistan qadın təşkilatının sədri Rubina Ter-Martirosyanın konfransda iştirakı nəzərdə tutulsa da, o bu konfransa qatılmamışdı. Ermənistan nümayəndəsinin bu addımı konfrans iştirakçılarında təəssüf hissi yaratmışdır. Konfransı giriş sözü iə açan Azəri- Türk Qadınlar Birliyinin sədri bəyan etdi ki, Cənubi Qafqaza sülhün gəlməsi üçün Ermənistan özünün işğalçılıq siyasətindən imtina etməli, işğal etdiyi Azərbaycan ərazilərindən qeyri-şərtsiz çıxmalıdır. Ermənistanın işğalçılıq siyasəti dayanmadan bölgəyə sülhün gəlməsi qeyri-mümkündür. Biz hər zaman sülh tərəfdarı olsaq da, təəssüflər olsun ki, daha çox dünya ictimayəti Ermənistanın işğalçı olmasına baxmayaraq, işğala məruz qalan tərəfin deyil, daha çox işğalçıının yalan və böhtan hərəkətlərinə bu günə qədər inanıb. Çünki onlarda bu inamı yaratmaq üçün Ermənistan və dünyadakı erməni lobbisi davamlı olaraq, özlərini məzlum şəkilində aparıblar, Azərbaycan sülh istəyirsə, bu o demək deyil ki, biz müharibədən çəkinirik, əksinə, Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu olduğundan, Azərbatycan iqtisadi baxımdan Ermənistandan qat-qat güclü olmasından dolayı hər zaman müharibəni udmaq Azərbaycan üçün problem deyil. “Amma biz güclü olsaq da istəmirik ki, qan tökülsün”.

Konfransda eyni zamanda Gürcüstan parlamentinin sədr müavini Rusidan Kervalişvili və Azərbaycanda fəaliyət göstərən Beynəlxalq Təşkilatların nümayəndəlləri və Avropa ölkələrinin səfirləri iştirak etmişlər.

Xural TAC

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button