Ermənistan AES-in ömrünü uzatmaq üçün lazımi tədbirlər görüb- Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) baş direktoru Rafael Qrossi ilə görüşərək Metsamor Atom Elektrik Stansiyasının (AES) gələcək təhlükəsiz və etibarlı istismarı məsələlərini müzakirə edib.

Ermənistan tərəfinin məlumatına görə, Mirzoyan qeyd edib ki, ölkəsi nüvə enerjisinin əhəmiyyətindən və milli prioritetlərdən çıxış edərək AES-in ömrünün 2036-cı ilə qədər uzadılması üçün lazımi tədbirlər görüb.

Mirzoyan ilə Qrossi energetika, səhiyyə, xüsusilə onkologiya və radiasiya təbabəti sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan uzun illərdir ki, Metsamor (Ermənistan) AES-in region üçün təhlükə yaratdığını iddia edir. 2023-cü ilin oktyabrında Türkiyə parlamentinin petisiya komitəsinə bu ölkənin sərhədindən 16 kilometr aralıda yerləşən Metsamor AES-in bağlanması ilə bağlı tədbirlər görülməsi üçün vətəndaşlardan müraciət daxil olduğu açıqlanıb. Ərizənin müəllifləri stansiyanın istismar müddətinin başa çatması səbəbindən təhlükəli ola biləcəyindən narahat olduqlarını bildiriblər.

Bu ilin martında Brüsseldə Atom Enerjisi üzrə birinci Sammitdə Ermənistan baş naziri Nikol Paşinyan nüvə enerjisinin ölkəsinin strategiyasının təməl daşı olduğunu bəyan edib. O vurğulayıb ki, Ermənistanın nüvə təhlükəsizliyinin təmin olunmasında IAEA ilə fəal əməkdaşlıq edilir və onların tövsiyələri, bütün öhdəliklər yerinə yetirilir.

1976-cı ildə istismara verilən Metsamor AES Ermənistanın elektrik ehtiyacının 40 faizindən çoxunu təmin edir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button