Ermənistan Azərbaycan əsgərini saxladığını təsdiqləyib

Yayımlandı: 28 Fevral 2024 13:13

Azərbaycan Müdafiə Nazirliyi əsgərin azaraq qarşı tərəfə keçdiyini deyir

Azərbaycan Ordusunun əsgərinin Laçında azaraq itkin düşdüyü bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında əsgər Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

“Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir”, – nazirliyin məlumatında deyilir.

“News.am” iki azərbaycanlı hərbçinin Sünik rayonunun Teğ kəndi yaxınlığında Ermənistan sərhədini keçdiyini yazıb.

Bildirilir ki, onlardan biri tutulub, digəri isə qaçıb.

Bu barədə kəndin ağsaqqallar şurasının üzvü Arqam Hovsepyan məlumat verib.

“Hadisə səhər saat 6-7 radələrində baş verib. Onlar keçən kimi dərhal tutulublar. Biri qaçıb, harada olduğunu bilmirik”, – Arqam Hovsepyan bildirib.

“Həyat üçün ölkə” Partiyasının həmtəsisçisi Mesrop Arakelyan da hadisəyə toxunaraq qeyd edib ki, iki Azərbaycan hərbçisi Teğ kəndi yaxınlığında sərhədi keçib, biri əsir düşüb, digəri isə qaçıb.

“Gecə Azərbaycan tərəfdən də atışma olub, hazırda vəziyyət sakitdir”, – Mesrop Arakelyan deyib.

Yerevan cinayət işinin açıldığını deyir

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını təsdiqləyib.

MTX-dan bildirilib ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan hərbçiləri Sünik vilayətinin Teğ kəndi istiqamətində təmas xəttini keçiblər.

Hərbçinin Ermənistan əsgərləri tərəfindən saxlanıldığı bildirilir.

Hadisə ilə bağlı cinayət işinin başlandığı da açıqlanıb.

Analoji hal əvvəllər də baş verib…

2023-cü ilin aprelində Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistandan isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdu.

2023-cü il dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button