Ermənistan Azərbaycanın yeni “dəhliz” təklifi ilə razılaşmadığını deyir

Yayımlandı: 3 Avqust 2022 16:26

Elman Nəsirov: “Armen Qriqoryanın söylədikləri cığallıq və manipulyasiyadır”

“Ermənistan Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbi ilə bağlı heç bir planla razılaşmayıb. Ona görə Azərbaycanın Laçın dəhlizi vasitəsilə “Artsax”ın Ermənistanla əlaqələndirən başqa marşrut tələb etməsi qanunsuzdur”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress”ə müsahibəsində bildirib.

Armen Qriqoryan deyib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında tərəflərin (o zaman Rusiya Federasiyası, Ermənistan və Azərbaycan) razılığı ilə yaxın 3 ildə Laçın dəhlizi ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən yeni nəqliyyat marşrutunun tikintisi planı hazırlanacaq:

“Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb. Lakin hələ ki razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur”.

Qriqoryan Ermənistanla Laçın dəhlizinin yeni marşrutunu birləşdirən “Kornidzor-Teh-M12” avtomobil yolunun yenidən qurulması işlərinə başlanıldığını təsdiqləyib.

Armen Qriqoryan. Mənbə: “Armenpress”

O, artıq tikintinin başladığını deyib:

“Bəli, bu tikintiyə artıq başlanılıb. Amma nəzərə alın ki, üçtərəfli bəyanatda yeni marşrut xəttinin çəkilməsi planı qeyd olunur. Belə razılaşdırılmış plan yoxdur. Ermənistan artıq üçtərəfli formatda planı əlaqələndirmək, imzalamaq və razılaşdırılmış qrafikə, yol xəritəsinə uyğun olaraq irəliləməyi təklif edib. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə məhz bu, nəzərdə tutulur”.

Deputat Elman Nəsirov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın söylədiklərini “cığallıq və manipulyasiya” adlandırıb.

O, Meydan TV-yə deyib ki, Ermənistanın siyasi rəhbərliyinin müxtəlif dövrlərdə bir-birinə zidd açıqlamalar verməsi, onların aqoniya vəziyyətindən xəbər verir:

“Baş nazir Paşinyan Bakının təklif etdiyi 5 baza prinsipini qəbul etdiyini deyir. Bir yandan demarkasiya və demilitasiya ilə bağlı komissiya yaradılıb, ilkin görüş də olub. Üçüncü, xarici işlər nazirləri Tbilisidə görüşür. Bütün bunlara rəğmən Ermənistan təxribatlarını dayandırmır və bu gün Azərbaycan şəhid verib”.

Elman Nəsirov
Elman Nəsirov, Foto: “Azərtac”

Deputatın sözlərinə görə, Azərbaycanın Laçından kənarda inşa etdiyi yolun yaxınlarda başa çatacağı bəlli olduğu halda, Armen Qriqoryanın belə açıqlama verməsi suallar doğurur:

“Məncə, Qriqoryan və digərlərinin absurd bəyanatlarının səbəbi Paşinyan hakimiyyətini yerli dairələrin xəyanətkar adlandırılması ilə bağlıdır. Ona görə ara-sıra belə sərt, təxribatçı mövqe sərgləyirlər. Guya Ermənistan rəhbərliyi güzəştsiz siyasət sərgiləyir. Amma reallıqlar başqa mənzərə yaradıb, Ermənistan hansı mövqe göstərsə də, sülh müqaviləsini imzalamağa məhkumdur. Çünki qarşılıqlı konfrantasiya Üçüncü Qarabağ müharibəsi doğurar ki, bu da Paşinyan hakimiyyətinin və ümumiyyətlə, Ermənistanın sonu ola bilər”.

Azərbaycanın rəsmi qurumları Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın söylədikləri ilə bağlı hər hansı aşıqlama yaymayıblar.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button