Ermənistanda: Polis rəisi iki iş üzrə təqsirli bilindi, cəza almadı

Yayımlandı: 11 İyul 2024 17:33

Polis məmurlarının ittiham olunduğu maddələr amnistiyaya düşdü

Ermənistanda keçmiş polis rəisi Vladimir Qasparyan və daha üç keçmiş polis məmuru Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və mənimsəmədə təqsirli bilinsələr də, sonradan amnistiyaya düşərək, sərbəst buraxılıblar.

“OC Media” yazır ki, iyulun 10-da məhkəmə Qasparyanı, onun müavini Levon Yeranosyanı və daha iki keçmiş polis məmurunu təqsirli bilib.

Vladimir Qasparyan iki iş üzrə təqsirli bilinib. İşlərdən birindən müddətin başa çatması səbəbindən cəza çəkməkdən azad edilib, digəri isə 2019-cu ildə elan edilmiş amnistiyaya düşüb.

Digər üç keçmiş polis əməkdaşı da eyni əsaslarla azadlığa buraxılıb.

Həm Prokurorluq, həm də Qasparyanı təmsil edən vəkil Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarına etiraz edəcəklərini deyiblər. Prokurorluq təqsirli bilinənlərin azadlığa buraxılması qərarından apelyasiya şikayəti verəcəyini açıqlayıb, Qasparyanın vəkili Aleksandr Koçubayev isə təqsirli hökmünü “əbəs yerə” adlandırıb.

“Mütləq şikayət veriləcək, çünki bəraət hökmündən başqa istənilən qərar qanunsuzdur”, – Koçubayev bildirib.

İttihamlardan birində deyilirdi ki, Qasparyan 1997-2011-ci illərdə Hərbi Polis İdarəsinin rəisi vəzifəsində çalışarkən, üç əsgərin xidməti vəzifələrini yerinə yetirmədiyi və ya hərbi hissələrə getmədiyi halda maaşlarını almağa davam etdiyindən xəbərdar olmasına baxmayaraq, heç bir tədbir görməyib.

2022-ci ildə Xüsusi İstintaq Xidməti müəyyən edib ki, sözügedən əsgərlər üçüncü Prezident Serj Sarkisyanın qardaşları üçün sürücü və mühafizəçi kimi çalışıblar.

Qasparyan həmçinin 2011-2018-ci illərdə polis rəisi vəzifəsində işləyərkən mənzil şəraitinin yaxşılaşdırılmasını tələb etməyən polis əməkdaşlarına polis büdcəsindən ümumilikdə 35 milyon ($91,000) dəyərində əmlak ayırmaqda təqsirli bilinib.

Xüsusi İstintaq Xidməti müəyyən edib ki, mülklərdən biri polisin Mədəniyyət Mərkəzində cəmi 6 gün işləmiş, lakin Qasparyanın qızı üçün musiqi prodüseri xidməti göstərən şəxsə verilib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button