Ermənistanda Rusiyanın Birinci kanalının yayımı dayandırılıb

Ermənistanda borc ödənilənə qədər Rusiyanın Birinci kanalının yayımı dayandırılıb.

Bu barədə “Armenpress” agentliyi Ermənistanın yüksək texnologiya sənayesi naziri Mxitar Ayrapetyana istinadən xəbər verir.

Ayrapetyanın sözlərinə görə, Birinci kanalın xaricdəki hüquqi şəxsi – “1st Channel World Network” müqavilə öhdəliklərini yerinə yetirməyib, iki ay yarımdır borcu yığılıb, buna görə də onun ictimai multipleksdə yayımı müvəqqəti dayandırılıb.

Martda Ermənistan hakimiyyəti kremlyönümlü teleaparıcı Vladimir Solovyovun “RTR-Planeta” telekanalının multipleksində iki müəllif proqramının yayımını bloklayıb. Qərarın “bölgədə qeydə alınan daimi qanun pozuntuları faktları əsasında” qəbul edildiyi açıqlanıb.

Solovyovun proqramlarını əngəlləməzdən əvvəl Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirliyinə kütləvi telekommunikasiya sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin pozulmasına dair nota göndərib. O zaman Ayrapetyan hansı pozuntuların olduğunu açıqlamayıb, ancaq insidentin fevralın 25-də Rusiya kanallarından birində baş verdiyini deyib.

Fevralın 25-də “Vladimir Solovyov ilə axşam” verilişində Ermənistan və onun rəhbərliyinin adı bir neçə dəfə çəkilib, bir sıra təhqiramiz ifadələr səslənib.

Baş nazir Nikol Paşinyan fevralda “France 24” telekanalına müsahibəsində bildirib ki, payızda Rusiya nümayəndələri Ermənistan vətəndaşlarını küçələrə çıxmağa və hökuməti devirməyə çağırıblar. Onun deməsinə görə, Rusiya televiziya kanalları altı ildir hökumət və şəxsən ona qarşı sistemli, ardıcıl təbliğat aparırlar.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button