Ermənistanda saxlanılan azərbaycanlı hərbçiyə cinayət işi açılıb

Yayımlandı: 29 Fevral 2024 12:58

O, təxribata cəhd, sərhədi qanunsuz keçmə və daha bir neçə maddə ilə ittiham olunur

Fevralın 28-də Laçında xidməti mövqelər arasında əlverişsiz hava şəraitində istiqaməti itirərək azan və Ermənistan hərbçiləri tərəfindən saxlanılan Azərbaycan hərbçisi Ruslan Pənahova qarşı cinayət işinin başlanıldığı bildirilir.

Ermənistanın İstintaq Komitəsində ona qarşı “təxribata cəhd”, “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində qətlə cəhd”, “silah və sursatın qanunsuz daşınması və qaçaqmalçılığı, sərhədi qanunsuz keçmə” ittihamları ilə cinayət işi açılıb.

Fevralın 28-də Azərbaycan Müdafiə Nazirliyi ordunun əsgəri Ruslan Eldəniz oğlu Pənahovun Laçında azaraq itkin düşməsi barədə məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan Ordusunun hərbçisinin saxlanıldığını təsdiqləyib.

“News.am” isə iki azərbaycanlı hərbçinin Sünik rayonunun Teğ kəndi yaxınlığında Ermənistan sərhədini keçdiyini yazıb. Bildirilib ki, onlardan biri tutulub, digəri isə qaçıb. Saxlanılan Azərbaycan hərbçisinin üzərində AKM markalı avtomatın olduğu qeyd edilib.

Analoji hal əvvəllər də baş verib…

2023-cü ilin aprelində Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov Ermənistan tərəfindən əsir götürülmüşdü.

Dekabrın 7-də Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistandan isə 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdu.

2023-cü il dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Münaqişənin tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button