Ermənistanla Fransa arasında silah tədarükü ilə bağlı müqavilə bağlanıb

Yayımlandı: 18 İyun 2024 19:33

Azərbaycan rəsmi Parisi Cənubi Qafqazda təxribatda qınayır

Yerevan və Parisin Fransanın “CAESAR” özüyeriyən silahlarının tədarükünə dair müqavilə imzaladığı bildirilir. Bu barədə iyunun 18-də Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” (twitter) sosial şəbəkəsində məlumat paylaşıb. 

Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ “CAESAR” silahlarının alınması üçün müqavilənin imzalanmasıdır”, – Lekornu qeyd edib.

“CAESAR” özüyeriyən silahı zirehli kabinli “Renault Sherpa” 10 yük maşınının şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır.

Foto: Sebastyan Lekornun “X” səhifəsi

Azərbaycanın Müdafiə Nazirliyi fransalı nazirin açıqlamasına reaksiya verib. Nazirlik bildirib ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Parisin Cənubi Qafqazda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur:

“Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Yerevanın öldürücü silahlarla təchiz edilməsi Rəsmi Parisin riyakarlığının növbəti təzahürüdür”.

Müdafiə Nazirliyi hesab edir ki, Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur:

Foto: Müdafiə Nazirliyi
Foto: Müdafiə Nazirliyi

Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir. Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Yerevanın revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur”.

“Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır”,-deyə nazirlik vurğulayıb.

2023-cü ilin oktyabrın 22-də Ermənistanla Fransa arasında hərbi saziş imzalanıb. Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastyan Lekornla iki ölkə arasında müdafiə əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik məsələlərini müzakirə ediblər:

2022-ci ilin sentyabrında və bu ilin iyununda Parisdə keçirilmiş müzakirələr nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə işlərin gedişi yekunlaşdırılıb, əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin alınması, hərbi təhsil, yenidən hazırlıq, təcrübə mübadiləsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub”.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib. Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button