Ermənipərəst kimdir: Mehman Əliyev, yoxsa Bəxtiyar Sadıqov?

Taleh Şahsuvarlı

sə deyəcəm: Sizdən ayrı açıqlama gözləyirdim, Bəxtiyar müəllim!

Sizdən bir millət vəkili olaraq, rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru olaraq, Mətbuat Şurasının İdarə Heyətinin üzvü olaraq rəsmi səbəb-filan göstərilmədən Milli Məclisə akkreditasiya olunmayan bir jurnalistin hüquqlarının bərpasına yönəlmiş bəyanat gözləyirdim.

Bunca yetkilərə, mövqeyə sahib olduğunuz halda, heç bir ciddi əsas olmadan Azərbaycanın üzdə olan beş-on jurnalistindən birinin parlamentə buraxılmasına etiraz etməyə özünüzdə cəsarət tapmadığınız halda, “Turan” agentliyinin direktoru Mehman Əliyevə “ermənipərəst” yarlığı yapışdırmaqdan əsla çəkinmirsiniz.

Mən bir jurnalist olaraq informasiya toplamaq hüququmun pozulmasına, dişimlə, dırnağımla ayaqda saxladığım və Azərbaycanın ən müstəqil media qurumu olan Sosial İnformasiya Agentliyinin haqsız rəqabətə məruz qalmasına etiraz etmək üçün Sizə də, Mehman Əliyevə də müraciət etmişəm.

Mehman Əliyev Redaktorlar Birliyində bu məsələni masaya yatırıb, etiraz edib, Milli Məclisin sədri Oqtay Əsədova müraciət ünvanlayıb.

Amma Siz telefonumuza cavab verməyə belə can çəkirsiniz!

Odur ki, Mehman Əliyevin üstünə qışqırmağa, “Turan” agentliyinin direktoruna isterik halda hücum etməyə və ümumiyyətlə, jurnalistikadan danışmağa Sizin heç bir haqqınız qalmayıb, Bəxtiyar müəllim!

Siz jurnalistikanın təəssübünü çəkirsinizsə, eynən Mehman Əliyev kimi Oqtay Əsədovdan soruşmalısınız: xaricdə adi bir vətəndaş parlamentin çalışmalarını izləyə bildiyi halda, gündəlik xəbər yayımı ilə məşğul olan bir agentliyin əməkdaşını Azərbaycanın Milli Məclisinə buraxmamaq nə deməkdir?

Buraxın reket qəzetlərin, dilənçi müxbirlərin siciminin ucunu, buyurun, Milli Məclisin Sədr Aparatının rəhbəri Səfa Mirzəyevdən soruşun ki, 2 ildir fəaliyyət göstərən, Azərbaycana axar.az adlı obyektiv xəbərçilik örnəyi verən bir agentliyə qarşı nədən ayrı-seçkilik edirsiniz?

Mətbuat Şurasının səlahiyyətlərini artırmaq yerinə, zəhmət olmasa, nüfuzunun, təsir gücünün çoxalması üçün çalışın…

Adam gərək haqsız danışmaya, Mətbuat Şurasının sədri Əflatun Amaşov düz bir aydır hər gün bu məsələ ilə bağlı Milli Məclisin Mətbuat Xidmətinə müraciət edir. 

Zira Əflatun Amaşova vəd verilməsinə baxmayaraq, Səfa Mirzəyev haqqındakı bütün müsbət təəssüratlarımıza rəğmən, bizi Milli Məclis üçün “persona-non-qrata” saymaqda davam edir.

Siz Əflatun Amaşovun sözünün yerdə qalmasına razısınızsa, öz işinizdir.

Amma bizim məsələmiz bu yerdə qalmayacaq – iki dünya bir olsa da.

Öz hüquqlarımızı məhkəmədə bərpa etməyə çalışacağıq, Azərbaycan məhkəmələrində akkreditasiya edilə bilməsək, Avropa İnsan Haqları Məhkəməsinə baş vuracağıq.

O zaman belə deyəcəklər: “Taleh Şahsuvarlı Azərbaycana qarşı”…

Ən böyük ermənipərəstlik budur, Bəxtiyar müəllim – tərəfsiz bir jurnalisti AZƏRBAYCANA QARŞI QOYMAQ!

Halbuki mən Azərbaycana qarşı deyiləm.

Ölkə Prezidenti İlham Əliyevə, bu iqtidara və müxalifətə qarşı da deyiləm…

Milli Məclisə, Oqtay Əsədova, Səfa Mirzəyevə, Akif Təvəkküloğluna qarşı sayılmam da yanlışdır.

Amma açın qulağınızı, eşidin:

“Peşəkarlıq rəqabətində tam məğlubiyyətə uğrayan, cəmiyyətin obyektiv və qərəzsiz informasiya təminatı ilə məşğul olmaqda aciz qalan Mehman Əliyev”lə dartışmalarınızda Şəxsən Sizə qarşı olacağam.

Çünki:

Bir vətəndaşın hüququ pozulursa, Siz bir millət vəkili kimi…

Bir jurnalistin hüququ pozulursa, Siz bir baş redaktor kimi…

Bir peşəkarın hüququ pozulursa, Siz bir Mətbuat Şurası görəvlisi kimi onun hüququnu qorumağa borclusunuz, Bəxtiyar Sadıqov!

Çünki siz bu rəsmi və ictimai görəvlərinizi yerinə yetirmirsiniz, Bəxtiyar Sadıqov!

Sizin səsiniz üç-beş reket nəşrdən söz düşəndə, beş-altı dilənçi müxbirin qabağında, bir də Azərbaycan deyiləndə ağla gələn azsaylı vicdanı oyaq adamlara çamur atmaq üçün gur çıxır.

Amma iş bir jurnalistin hüquqlarını qorumağa, bir vəzifəli şəxsə söz deməyə gələndə cınqırınızı belə çıxara bilmirsiniz!

Budurmu Sizin peşəkarlığınız?

Budurmu Sizin Azərbaycansevərliyiniz?

Budurmu Sizin vicdanınız?

Bu suallara Milli Məclisin foyesində rast gəlsək, cavab verərsiniz, Bəxtiyar müəllim!

Ya da Mətbuat Şurasında mənim parlamentə hansı əsasla akkredityasiya edilməməyim müzakirə ediləndə…

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button