Ermənistan Naxçıvana yolun açılmasını niyə gecikdirir?

Çətinər Çətin

“Habertürk”, Türkiyə, 05 fevral 2021-ci il

 

44 gün davam edən II Qarabağ Müharibəsindən sonra Dağlıq Qarabağda və bütün bölgədə nəqliyyat infrastrukturunun açılmasilə bağlı anlaşma əldə edilmişdi. İştah qabardan bu böyük layihələrin həyata keçirilə bilməsi üçün qolları çırmalayan Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin iştirakı ilə Moskvada önəmli bir toplantı keçirildi.

Gündəliyin əsas məsələsi “Qarabağ-Naxçıvan” quru yolu əlaqəsinin və bölgə təhlükəsizliyinin necə təmin olunacağı idi. Ermənistan tərəfi topu auta – kənara atmaq niyyətində olsa da, bu toplantının keçirilməsi önəmli idi.

Ancaq bunu həmən söyləməliyəm ki, Yerevan administrasyası “Qarabağ-Naxçıvan” xətti açılmasın deyə, “ipə un sərmə”yə davam edəcək. Bu durumda, Ankara-Moskva xəttində intensiv diplomatik hərəkətlilik tələb olunacaq.

Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryanın ilk üçlü toplantısı tamamilə nəqliyyat məsələsinə həsr edildi.

Rusiya və Azərbaycandan olan diplomatik qaynaqlarımdan aldığım məlumatlara görə, Yerevanın əsir düşən azərbaycanlı hərbçilərin təhvil verilməsilə bağlı hərəkətsizliyi və bir çox məsələ ilə bağlı ağır hərəkət etməsi Bakıda reaksiyaya səbəb olur. Buna baxmayaraq, siyasi həll və təhlükəsizliyin təmin olunması ilə əlaqədar problemlər gərginliyin artırılmaması üçün toplantıda müzakirə olunmadı. Cənubi Qafqazda nəqliyyatın canlandırılması məsələsi yalnız iştirakçı ölkələri deyil, eyni zamanda qonşu dövlətlər olan Gürcüstan, Türkiyə və İranı da əhatə edir.

Lakin hər bir tərəf üçün müəyyən müsbət və mənfi yönləri olan, iqtisadi üstünlüklərlə birlikdə, siyasi və təhlükəsizlik riskləri daşıyan dəmir yolu və avtomobil nəqliyyatının başladılmasında bir neçə alternativ variantın mövcud olması problem yaradır.

SSRİ dövründən bəri Azərbaycan torpaqlarından Ermənistan torpaqlarına iki giriş vardır. Sovet Rusiyası bu iki yolu strateji bir xətt olaraq cızmışdı. Bunların hər ikisi də Azərbaycanın ehtiyac duyduğu Naxçıvan vasitəsilə Türkiyəyə keçidi təmin edir. Ancaq Ermənistanın bu xətlərlə bağlı heç bir hazırlığı yoxdur.

Şimal marşrutu İcevan və Yerevandan, cənub marşrutu isə Zəngilandan keçir. Əldə etdiyim məlumatlara görə, ermənilər Azərbaycanın şimal yolundan istifadə etməsini istəyirlərAzərbaycan isə Ermənistanın kiçik bir parçasını (“Mehri dəhlizi” – tərc.) içinə alan, azad edilmiş bölgələrdən keçən cənub yoluna üstünlük verir. Azərbaycan tərəfi seçdiyi yolun təhlükəsizliyin təmin edilməsinə daha çox töhfə verəcəyi söylənilir.

Yerevan isə canlandırılması daha asan olacaq şimal marşrutunun daha əlverişli olacağı görüşündədir. Çünki bu yolun böyük bir qismi işlək haldadır. Ermənilərə görə, Azərbaycan üzərindən quru yolu nəqliyyatı qazanc verəcək bir seçim deyildir. Çünki bu marşrut Gürcüstan üzərindən Rusiyaya gedən yoldan 900 km daha uzundur. Xülasə, erməni tərəfi Naxçıvan-Qarabağ-Azərbaycan yolunun açılmaması üçün çətin variantları ortaya qoymağa çalışırBu durumda Rusiyanın seçimi müəyyənedici olacaqdır.

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası bu məsələdə olduqca sərt mövqedədir. Hətta mövcud Baş nazir Nikol Paşinyanın istefaya göndərilməsilə bağlı verilən vədlərin bir qismindən geri addım atıla biləcəyi görüşündədirlər. “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Arman Abovyan da “Əsirlərin qaytarılması məsələsi həll edilmədən hansı nəqliyyatdan, hansı yoldan söhbət gedə bilər” deyərək, yol məsələsinin dayandırılmasını istəyir.

Ermənistan müxalifətinin lideri Vazgen Manukyan isə Moskvada baş nazir müavinlərilə keçirilən görüşdən öncə Baş nazir Nikol Paşinyanı konstitusiya yolu ilə vəzifədən uzaqlaşdırmaq mümkün olmadığı halda, “üsyan çıxarma”nın lazım gələcəyini açıqladı.

O da var ki, Moskva və Ankara arasında gedən diplomatik bazarlıqların yekununda atəşkəsdən sonra Ağdamda birgə müşahidə mərkəzinin qurulması Türkiyənin bölgənin ən kritik probleminin həllində iştirak etməsini və bölgədə öz nüfuzunu genişləndirməsini təsdiqetmə təşəbbüsüdürNəticə etibarilə, Türkiyə, – Qarabağın tam mərkəzində və hələ ki, Bakının müharibədən sonra nəzarət altına aldığı yerlərdə olmasa da, – münaqişə bölgəsindəki hərbi varlığını legitimləşdirə bildi.

Yəni, erməni tərəfi  Naxçıvan-Qarabağ-Bakı xətti açılmasın deyə nə qədər “ipə un sərsə” də bir nöqtədən sonra Türkiyə-Rusiya xəttindəki intensiv diplomatik hərəkətlilik Ermənistanı buna məcbur edəcəkdir. Məsələnin həll yolu cənub marşrutu olarsa, bu, Türkiyə-Azərbaycan yaxınlaşmasına xidmət edəcək və Türkiyənin Qafqaza açılan qapısı olacaqdır.

Lakin Ermənistanın təklif etdiyi kimi, şimal yolu açılarsa, – Rusiyanın niyyətinin də bu yöndə güclü olduğu söylənilir, – o zaman işlər daha da çətinləşəcəkdir.

Tərcümə Strateq.az-ındır

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button