Etibar Babayev yenidən televiziyaya qayıtdı
Tanınmış jurnalist Etibar Babayev “Azad Azərbaycan” telekanalında yeni yaradılmış Bədii Şuraya sədr təyin edilib.
xural.com 7news.az-ın məlumatına istinadən xəbər verir ki, E. Babayev bununla yanaşı, telekanalın bəzi yaradıcılıq işlərini də həyata keçirəcək.
Məlumat ATV-dən təsdiqlənib.
Qeyd edək ki, E. Babayevin sonuncu vəzifəsi AzTV-nin nəzdində Televiziya və Radio Akademiyasının rektoru idi. O, bu vəzifədən öz ərizəsi ilə getmişdi.
Həyat və fəaliyyəti
Etibar Babayev 1950-ci ildə Bakıda anadan olub.
1968-ci ildə orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası ilə ikinci ali təhsilini Bakı Ali Partiya Məktəbində alıb.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. “Tələbə klubu”, “Yeddinci qitə”, “Sözlü-nəğməli İstanbul”, “Kanal-6 təqdim edir” kimi verilişlərin müəllifi və aparıcısı olub.
Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975-1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi]ndə mədəniyyət şöbəsində təlimatçı (1979-1981), 1981-1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981-1988) kimi məsul vəzifələrdə çalışıb. 1981-1989-cu illərdə dörd çağırış Bakı şəhər Sovetinin deputatı seçilib. 1989-1992-ci illərdə illərdə “Azərbaycantelefilm”in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifəsində işləyib. 1993-2001-ci illərdə Bakı şəhər İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001-2006-cı illərdə “Space” müstəqil teleradio şirkətinin prezidenti olub.
Sənətşünaslıq namizədi E.Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti|İncəsənət və Mədəniyyət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən dosent E.Babayev jurnalistika kafedrasının müdiridir. 2010-cü ilin iyul ayında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasına rektor təyin edilib.
Etibar Adil oğlu Babayev Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının, Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidentidir.
Müxtəlif illərdə “Hacı Zeynalabdın Tağıyev” milli mükafata, Jurnalistlərin “Qızıl qələm” mükafatına, Yusif Məmmədəliyev medalına, müxtəlif Fəxri Fərmanlara və Diplomlara layiq görülüb.
Heç bir siyasi partiyanın üzvü deyil.
E.Babayev xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə, forumlarda rəsmi nümayəndə heyətləri tərkibində iştirak edib. Azərbaycanda və xarici ölkələrdə dərc olunan çoxsaylı publisistik yazıların, elmi məqalələrin, “Bu da bir imtahandır”, “Yalana heykəl”, “Düz söz əyri qulağa necə girər?” adlı kitabların, “Sağalmaz yara”, “Birincilər”, “Bir millət, iki dövlət”, “Zirvə”, “Çiçək yağışı” kimi televiziya ekranlarında dəfələrlə göstərilən sənədli filmlərin müəllifidir.