Etibarnamə ilə avtomobil almayın

Etibarnamə ilə avtomobil almayın

Əks halda avtomobiliniz əlinizdən alına bilər

Etibarnamə ilə avtomobil almağın təhlükəli olması barədə həm zərərçəkənlər, həm də ekspertlər dəfələrlə xəbərdarlıq ediblər. Çünki bu cür maşın alınarkən, faktiki alqı-satqı edilsə də, hüquqi cəhətdən alqı-satqı baş tutmuş sayılmır. Yəni mülkiyyət hüququ yenə də avtomobilin hüquqi sahibində qalır. Bu isə gələcəkdə maşını almaq üşün pul ödəyən faktiki alıcıya problemlər yarada bilir. Hətta bununla bağlı uzun sürən məhkəmə çəkişmələri da təcrübədə az deyil. Strateq.az saytı bununla bağlı problemləri və məsələnin hüquqi tərəflərini araşdırıb.

İlk olaraq onu qeyd edək ki, avtomobilə dair sərəncam vermə səlahiyyətini nəzərdə tutan etibarnamə ən çoxu 1 il müddətinə verilir. Bu müddət bitdikdən sonra, etibarnaməyə xitam verilir və müvafiq olaraq avtomobili almış şəxsin hüquqları da itirilir. Belə olan halda, yenidən avtomobilin mülkiyyətçisini tapmaq və onu notariusa apararaq yeni etibarnamə almaq lazım olur.

Bundan başqa, qanunvericiliyə əsasən, etibarnaməni verən şəxs, istənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni ləğv edə bilər. Bu zaman etibarnamə ilə avtomobil almış şəxsin hüquqlarına xitam verilir. Təcrübədə bu cür hallar mövcuddur. Avtomobilin mülkiyyətçisi, öz hüquqlarından sui-istifadə edərək, etibarnaməni ləğv etdirir və daha sonra isə avtomobilin qaytarılmasını tələb edir. Nəzərə alınmalıdır ki, etibarnamə verən şəxs etibarnaməni ləğv etdikdə, bu barədə dərhal etibarnamə verdiyi şəxsi xəbərdar etməlidir. Belə xəbərdarlıq olmadığı təqdirdə, etibarnamə verilmiş şəxsin hərəkətləri tam səlahiyyətli hesab edilməlidir. Məsələn, tutaq ki, nəqliyyat vasitəsini bir şəxs digər şəxsə etibarnamə əsasında satıb. Bir aydan sonra satan şəxs etibarnaməni ləğv elətdirib, lakin bu barədə avtomobili alan şəxsə məlumat verməyib. Avtomobili alan şəxs isə etibarnamənin ləğv edildiyindən xəbərsiz olaraq, həmin nəqliyyat vasitəsini digər şəxsə alqı-satqı yolu ilə satıb. Belə olan halda, həmin şəxsin hərəkətləri nəticəsində əmələ gəlmiş hüquq və vəzifələr öz qüvvəsində qalır, baxmayaraq ki, etibarnamə bir müddət əvvəl ləğv edilib.

Ən çox üzləşilən problemlərdən biri banka kredit borcları üzündən yaranır. Belə ki, borcun ödənilməsi barədə məhkəmə qərarı olan zaman icra məmuru yol polisinə sorğu verir və məlum olur ki, həmin şəxsin mülkiyyətində avtomobil var. Həmin avtomobil üzərinə həbs qoyulur və hərrac vasitəsi ilə satılaraq, banka olan borc ödənilir. Həmin avtomobilin etibarnamə ilə faktiki başqa şəxsə satılmasının sübut etmək isə həddindən artıq çətin, hətta bəzən mümkünsüz olur. Yəni avtomobili etibarnamə ilə almış faktiki sahib məhkəmədə hüquqi cəhətdən haqsız duruma düşür.

Etibarnamə ilə avtomobil alan şəxs boşanma halalrının da əlavə qurbanlarından birinə çevrilə bilər. Belə ki, nikah dövründə ər öz adına olan və nikah dövründə alınmış avtomobili etibarnamə ilə digər şəxsə satır. Təbii ki, avtomobil etibarnamə ilə satıldığından, mülkiyyətçi elə əvvəlki şəxs qalır. Bir müddət sonra, ər-arvad boşanırlar. Boşanma prosesində, əmlak bölgüsünə dair mübahisə açılır və avtomobili satmış şəxsin həyat yoldaşı avtomobilin birgə nikah dövründə alındığını iddia edərək, onun bölünməsini tələb edir. Belə olan halda həmin avtomobil təbii ki, onu etibarnamə ilə almış şəxsdən geri alınmalıdır.

Digər problem avtomobilə qəza zamanı dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldıran zaman ortaya çıxır. Belə ki, qəzada digər sürücünün günahkar olması səbəilə avtomobilə ziyan dəyibsə, ziyanın ödənilməsi üçün mülki qaydada həmin sürücüyə qarşı iddia qaldırılmalıdır. Mülki iddianı isə yalnız avtomobilin mülkiyyətçisi qaldıra bilər. Avtomobili etibarnamə ilə almış şəxs isə mülkiyyətçi sayılmadığı üçün iddiaçı qismində məhkəməyə müraciət edə bilmir. Bu zaman avtpmobil kimin adınadırsa onu tapmalı, iddia qaldırmağa razı salmalı, yaxud, məhkəmədə təmsilçilik üçün əlavə etibarnamə almaq lazım olur. Mülkiyyətçinin başqa şəhərdə, yaxud ölkə xaricində yaşaması, bir çox halalrda “mən maşını sənə satmışam, özün bilərsən”, deyərək. iddia qaldırmaqdan imtina etməsi də bu problemlər sırasındadır.

Bundan başqa, etibarnamə verən şəxs vəfat etdikdə də qüvvədən düşmüş sayılır. Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini itirir artıq. Yenə də avtomobili almış şəxs pis vəziyyətdə qalır. Belə olan halda, avtomobili almış şəxs məcburdur ki, avtomobilin vərəsələrdən birinin adına rəsmiləşdirilməsini gözləsin və yalnız bundan sonra həmin vərəsə tərəfindən ona etibarnamə verilməsinə nail olsun. Təbii ki, vərəsə etibarnamə verməkdən imtina da edə bilər.

Qeyd edək ki, etibarnamə iki qaydada – sadə, yəni avtomobili sadəcə idarə etmək üçün, universal (“generalnı doverennost”) formada isə başqa şəxsə satmaq, bağışlamaq, girov qoymaq və etibarnamədə göstərilən digər hüquqları həyata keçirmək üçün verilir. Ancaq heç bir halda həmin avtomobilə mülkiyyət hüququ vermir. Alqı-satqı isə etibarnamədən fərqli olaraq, həmin avtomobilə dair alıcıya mülkiyyət hüququ verir. Yəni yalnız alqı-satqı halında avtomobil sizin mülkiyyətiniz sayılır.

Mülki Məcəllənin 362.1.-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Yəni etibarnamə faktiki olaraq, digər şəxsə müəyyən hüquqlar verir. 2012-ci ilədək, nəqliyyat vasitəsinə sərəncam vermə (satmaq, bağışlamaq, girov qoymaq) səlahiyyətini nəzərdə tutan etibarnamələr daha uzun müddətə verilirdisə, 2012-ci ildə Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermək səlahiyyətini nəzərdə tutan etibarnamənin müddəti bir ildən çox olmamaq şərti ilə məhdudlaşdırıldı. Hal-hazırda el arasında “generalnı doverennost” və ya “baş etibarnamə” kimi tanınan həmin etibarnamə bir ildən artıq müddətə verilmir.

Göründüyü kimi, qanunvericilik etibarnaməni digər şəxsə müvəqqəti səlahiyyət verilməsi üçün nəzərdə tutub. Qanunvericilikdə avtomobilin alqı-satqısının etibarnamə verilməsi ilə rəsmiləşdirilməsi kimi prosedur nəzərdə tutulmayıb. Alqı-satqının rəsmiləşdirilməsi və mülkiyyət hüquqlarının yeni alıcıya keçməsi üçün alqı-satqı müqaviləsinin bağlanması zəruridir.

Beləliklə, yuxarıda qeyd olunanlar etibarnamənin avtomobil alqı- satqısı üçün o qədər etibarlı vasitə olmadığı qənaətinə gəlirik. Avtomobilin rəsmi qaydada alqı-satqı yolu ilə alınması etibarnaməyə nisbətən artıq xərc və vaxt tələb etsə də, bu rəsmiləşmə sizi gələcəkdə etibarnamə ilə bağlı yarana biləcək bir çox problemlərdən sığortalamış olacaq.

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button